Sahibkarlarin “xiyar siyaseti”

09:09 – xeber – Qarşıdan yeni turizm mövsümü gəlir, Formula-1 yarışları ilə paralel irəliləyir. Formula-1 çöl qaranquşu, gəldi-gedərdi, turizm mövsümləri isə ev sərçəsidir, bizimlə qalacaq, ölkəmizin, millətimizin xidmətində duracaq. Amma biz turizm mövsümünü qarşılamağa hazırıqmı, bu mövsümə heç olmasa, Formula-1 qədər hazırlaşırıqmı? Axı, son nəticədə Formula-1-lərin, Avropa oyunlarının, sair idman və musiqi yarışlarının məqsədi birdir, bu və gələn turizm mövsümlərinə xidmətdən, Azərbaycana turist dəvət etməkdən ibarətdir.
 
Turizm çörəkli sahədir, dünyanın bir çox ölkələrinin turizmdən gələn gəlirləri az qala, ümumi daxili məhsulun yarısını təşkil edir. Qonşumuz Türkiyə də bu yaxınlara kimi bu ölkələrdən biri idi, amma uzaq qohumun fitvasına getdi, yaxın qonşu ilə münasibəti itirdi… Atalardan qalma bir misal var, deyirlər, qonşunun, həm də çörəkli qonşunun inəyi sənin həyətinə girirsə, onu baltalamazlar, sakitcə qapıdan qaytararlar. Əgər ikinci dəfə girərsə, meyvə, tərəvəzi dağıdıb tökərsə, ağaclayarlar, sonra qovarlar. Yox, əgər 3-cü dəfə soxularsa, həyət-bacanı dağıdarsa, amma arvada-uşağa ziyan vurmazsa, yenə baltalamazlar, sakitcə dama salarlar və qonşuya xəbər yollayarlar. Qonşu zəhmət çəkər ziyanı ödəyər, sonra malını götürüb gedər. Təbii ki, bütün bunların, sadalananların mətləbə dəxli yoxdur, amma turizm biznesinə dəxli var, odur ki, deyirəm. Göstərmək istəyirəm ki, turizm biznesi qəliz bir şeydir, çətin yaranır, tez dağılır. Deməli, siyasət tələb edir… 
 
Turizm o qədər çörəkli sahədir ki, dünyanın bir çox ölkələri turizmi özünün əsas prioriteti hesab edir, bu sahəni inkişaf etdirmək, iqtisadiyyatın lokomotivinə çevirmək üçün əlindən gələni beş qaba çəkir. Məsələn, Meksika kimi varlı neft-qaz ölkəsi Meksika körfəzinin sahillərində yerləşən bahalı torpaqları sahibkarlara pulsuz paylayır. Dövlət hələ onlara güzəştli kreditlər də verir ki, həmin torpaqları turizm cənnətinə çevirsinlər, istirahət mərkəzləri, otellər, motellər tiksinlər, bütün dünyadan turistləri Meksikaya cəlb etsinlər. Nəticədə özləri də qazanırlar, dövləti də dolandırırlar. 
 
Elə kasıb qonşudan – Gürcüstandan, onun turizm sahəsinə qayğısından, uğurlarından niyə danışmırıq?! 
 
Azərbaycan tarixən və təbiətən turizm ölkəsidir. Mülayim iqlimi, gözəl təbiəti və möhtəşəm tarixi abidələri bura hər zaman xarici qonaqları və imkanlı insanları cəlb edib. XX əsrdən etibarən həmin qonaqlar və insanlar turist adlanmağa başlasa da, eyni mənanı daşıyıb. Bir az təvözəkarlıqdan uzaq olsa da, demək lazımdır ki, azərbaycanlılar öz qonaqpərvərliklərinə, mərdliklərinə görə bütün Qafqazda ön sıralardadırlar. Bizdə hətta iki, üç otaqlı darısqal şəhər mənzillərində belə («Xruşşovka») qonaq otağı olur və bəzən aylarla, illərlə sahmanını pozmur – öz qonağını gözləyir. Bizdə hətta kasıb, soyuducusu olmayan kənd evlərində belə qonağa qoç kəsirlər, sonra ətin qalanını hara edəcəklərini, kimə verəcəklərini bilmirlər. Bir sözlə, Allah əzəl-başdan bizim ölkənin təbiətini də, torpağını da, adamını da qonaq (oxu: turist) qəbul etmək üçün yaradıb. Bəs biz niyə turist ölkəsi ola bilmirik, bu sahədə hətta qonşu kasıb Gürcüstandan da geriyik? Axı, biz Avroviziya keçirdik, Avropa oyunlarına, neçə-neçə dünya yarışlarına, konfranslarına ev sahibliyi etdik, indi də Formula-1-i qəbul edirik, Azərbaycanı bütün dünyaya göstəririk. Turistlər gəlmək, görmək istəmirlər, yoxsa gəlmək, görmək istəyirlər, gələ bilmirlər?
 
Bəli, mətləbə çatdıq. Masallıdan, “İstisu”dan, onun sahibi İldırım Allahyarovun uğurlarından, bu uğurların timsalında turizm biznesinin yaradılmasından danışmaq istəyirəm. Bəlkə çoxları bilmir, Masallı Azərbaycanın ən dövlətli rayonlarından biridir.  Masallının 200 mindən yuxarı əhalisi var, rayonda yüzdən yuxarı mebel sexi işləyir. Onlardan deyəsən, dördü böyük fabrikdir və “Embavud” mebel şirkətinə məxsusdur. Eyni zamanda, Masallıda 100-dən yuxarı istirahət mərkəzi fəaliyyət göstərir, bir çoxu respublika əhəmiyyətlidir. “İstisu” istirahət mərkəzi də onlardan biridir. 
 
“İstisu”ya yolum 2000-cilərdə, “Xalq qəzeti”nin cənub bölgəsi müxbiri işlədiyim dövrlərdə düşdü. İldırım müəllimlə görüşdük, bu maraqlı insanın sadəliyinə və dünya görüşünün genişliyinə heyrət etdim. “İstisu”, onun tarixi, indisi, gələcəyi, nələr etdiyi və etmək istədiyi haqda səmimi bir həvəslə, təbii bir qürurla danışırdı, sanki öz övladından söz açırdı. Həmin zamanlarda işə təzə girişmişdi, obyekt yeni özəlləşmişdi, mərkəzdə hələ 3-4 mərtəbəli yeni kotteclər tikilməmişdi, bir-iki mərtəbəli köhnə evlər fəaliyyət göstərirdi. İndiki müasir, geniş və işıqlı vanna otaqları da yox idi. Qəbul imkanları da böyük deyildi, mərkəzdə bir dəfəyə güclə yüzə qədər adam dincələ bilərdi. Amma “İstisu” qonaq-qaralı idi, gələnlərin ardı-arası kəsilmirdi.
 
Sonrakı illərdə bir neçə dəfə “İstisu”ya getdim, yenilikləri, nailiyyətləri məmnuniyyətlə müşahidə etdim. Mərkəz getdikcə genişlənir, yeni, müasir kotteclər tikilir, işıqlı, geniş vanna otaqları istifadəyə verilirdi. Artıq fizioterapiya, massaj kabinetləri də işləyirdi. Qonaqların, gəlib-gedənlərin də ardı-arası kəsilmirdi. Uğurların səbəbi nə idi, axı, dediyim kimi, yalnız Masallının özündə 100-ə qədər istirahət mərkəzi var idi. Qonşu Lənkəranda, Astarada da hələ sovet dövründən qalma “İstisu” sanatoriyaları fəaliyyət göstərirdi. Amma insanlar Masallıya, onun “İstisu”yuna üstünlük verirdi. 
 
Düşünürəm ki, əsas səbəb istirahət mərkəzinin sahibi İldırım Allahyarovun siyasətçi (yuxarıda dedim axı, turizm biznesi qəliz şeydir, burda siyasətsiz keçmir) olması idi. İldırım müəllim 10 ildən yuxarı Masallı İcra Hakimiyyətində işləmiş, icra başçısının 1-ci müavini səviyyəsinə yüksəlmişdi. Turizm biznesinə də siyasətdən gəlmişdi, o, insanların nə istədiyini bilirdi və bu istəyi onlara vermək niyyətində idi. Şəhərdən, kənddən, Azərbaycanın hər yerindən “İstisu”ya gələn insanlar müalicə olunmaq və istirahət etmək istəyirdilər. Müalicə imkanlarını təbiət özü yaratmışdı, “İstisu” suyu kükürdlü, isti, min dərdin dərmanı idi. Bir qalırdı bu dərmanı insanlara çatdırmaq və istirahət imkanları yaratmaq…
 
Amma insanların da hamısı eyni imkanlı deyildi. Deyilənə görə, Allah özü insanları fərqli yaradır – biri güclü, biri gücçüz, biri istedadlı, biri istedadsız… Odur ki, yaşa dolandan sonra biri kasıb, biri varlı, biri imkanlı, biri imkansız olur. Amma hamı müalicə olunmaq, sağlam qalmaq, istirahət etmək istəyir. Deməli, insanlara seçim imkanı vermək lazım idi ki, hərə öz yorğanına görə ayaq uzatsın. Düşünürəm ki, İldırım Allahyarovun siyasəti, uğurlarının əsas səbəbi də bu idi, o, insanlara seçim imkanları vermişdi. Bu gün Masallının “İstisu” istirahət mərkəzinə Həmkarlar İttifaqı vasitəsilə Bakıda göndəriş almaq olar və 10 günlük 3 nəfərlik göndərişin qiyməti 200-300 manat civarındadır. Əgər göndərişsiz getsən, adambaşına10 manatdan 40 manata qədər otaq tapmaq olar, vannaların da qiyməti 5 manatdan 15 manata kimi dəyişir. Yəni hamı öz imkanları dərəcəsində “İstisu”da istirahət edə bilir. Eyni zamanada, istirahət mərkəzində qonaqlara pulsuz xidmət edən və hərəyə öz evindəki kimi yemək verən yeməkxana da fəaliyyət göstərir. Və qeyd edək ki, istirahət mərkəzinə gedib-gəlmək də çətin deyil. Masallı Bakıdan 3 saatlıq, “İstisu” Masallıdan yarım saatlıq məsafədədir. Bir sözlə, 3 nəfərlik bir ailə ictimai nəqliyatdan istifadə etsə, Bakıdan 20-30 manata gedib “İstisu”ya çıxa bilər. 
 
Bütün bunları deməkdə məqsədim Masallının “İstisu”yunu reklam etmək deyil, yuxarıda dediyim kimi, bir nümunənin timsalında turizm biznesinin mahiyyətini göstərməkdir. Belə çıxır ki, bu biznesin uğurunun əsas səbəbi xidmətin, istirahətin əlçatan, sərfəli olması, insanlara seçim imkanlarının verilməsidir. Düşünürəm ki, qonşu Gürcüstanın turizm biznesi sahəsindəki uğurlarının da əsasını bu amillər təşkil edir. Əvvəla, dünyanın hər yerindən Tiflisə, Tiflisdən də dünyanın hər yerinə təyyarə biletləri ucuzdur, hətta o qədər ucuzdur ki, Rusiyada, Ukraynada yaşayan və işləyən azərbaycanlılar Tiflisə uçur və sonra qatarla, maşınla Azərbaycana gəlirlər. Sonra, Gürcüstanda gündüz çıraqla gəzsən, 4-5 ulduzlu otel tapa bilməzsən, gərək Tiflisə gedəsən. Amma 2-3 ulduzlu mehmanxanalar, sadə yataqxanalar istənilən qədərdir. İstirahət mərkəzlərində, otellərdə də qiymətlər ucuzdur, Masallının “İstisu”yunda olduğu kimi, günü adambaşına 10 manatdan 50 manata qədərdir. 
 
Bəs bizdə, Azərbaycanda vəziyyət necədir? Obrazlı desək, azərbaycanlı Azərbaycanda bir gün ailəsi ilə istirahət etdiyi pula Gürcüstanda (yol pulu da daxil olmaqla) bir həftə dincələ bilər. Bizdə təyyarə biletləri (uzaq, yaxın fərq eləmir) hamısı biznes-klass qiymətinədir. Mehmanxanalarımız da hamısı 5 ulduzludur, qiymətlər də İsveçrənin dağ kurortları, Mayaminin çimərlik zonaları səviyyəsindədir. Yəni, bizim sahibkarlar bilmir ki, biznes-klasda uçan, 5 ulduzda qalan varlı qonaqlar Azərbaycana gəlmir, Karib alalarına, Alp dağlarına gedir, dünya səyahətinə çıxır, Mayamidə istirahət edirlər. Azərbaycana Rusiyadan, ya İrandan gələn orta səviyyəli insanlardır ki, onlar da təyyarə biletinin qiymətini görəndə qorxurlar, gələnlər də otel qiymətlərindən, xidmətin səviyyəsindən peşman olurlar. Odur ki, turistlərimizin sayı ildən ilə artmaq əvəzinə azalır. 
 
…Deyirlər bir gün səhər-səhər Molla Nəsrəddinin qonağı gəlir. Molla bunun qabağına yağ-pendir əvəzinə sirkə-xiyar qoyur. Qonaq deyir, ay mola, axı səhər-səhər sirkə xiyar-yeməzlər, şirinçay içərlər. Molla qayıdır ki, qonaq ev yiyəsinin qulu olmalıdır, harda desə, orda oturmalıdır. İndi mənim evimdə sirkə-xiyar var, yesən də budur, yeməsən də. Bəs qonaq nə edir? Lətifədə bu barədə deyilmir, amma aydındır ki, qonaq bir daha mollanın evinə gəlmir…
 
Böyük alman filosofu Karl Marksın maraqlı bir kəlamı var, deyir ki, təklif vermədən tənqid etmək simasızlıqdır. Əgər filosof deyirsə, deməli, hamıya aiddir və bu sətirlərin müəllifi də öz təkliflərini verməlidir. Hesab edirəm ki, Azərbaycanda keçirilən boyun tədbirlər, beynəlxalq oyunlar qonaqları ölkəmizə gətirmək üçündür. Amma burda “Xiyar siyasəti” yeritsək, qonaq küsüb gedər, çəkilən əziyyət də hədər olar. Deməli, “İstisu” siyasətinə keçmək, yəni qonağa seçim imkanı vermək lazımdır. Amma bu, göründüyü və deyildiyi qədər asan deyil. Bunun üçün iradə lazımdır, turizm sahəsi liberallaşmalıdır, bu sahədə inhisarçılıca son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır. (Eyni fikirlər AZAL-a, turistləri Azərbaycana gətirən bütün yollara aiddir). Hesab edirəm ki, Azərbaycanda bunun üçün  geniş imkanlar var, Meksika təcrübəsindən faydalanmaq olar. Bakıdan şimala Xaçmaza, cənuba Astaraya kimi, Xəzərin sahilləri boşdur. Bu torpaqları sahibkarlara pulsuz vermək, onları güzəştli kreditlərlə təmin etmək olar ki, həmin torpaqları turizm cənnətinə çevirsinlər, istirahət mərkəzləri, otellər, motellər tiksinlər, bütün düryadan turistləri Azərbaycana cəlb etsinlər. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org