Rus politoloq: "Eliyevin bu sozu etibarliliq seviyyesini subut edir"

– xeber – Tanınmış rusiyalı politoloq Aleksandr Karavayev Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin Bakıya səfərini şərh edib.

 

 AzərTac xəbər verir ki, A.Karavayev deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Rusiya ikitərəfli münasibətlərini “strateji tərəfdaş əlaqələri” kimi dəyərləndirirlər. Əslində, belə bir tərif təkcə keyfiyyətli hökumətlərarası münasibətləri deyil, həm də məmurlar, elita və siyasətçilər arasında etibarlılıq səviyyəsini sübut edir”.

 

A.Karavayevin sözlərinə görə, İlham Əliyev və Dmitri Roqozin bir-birini çoxdan tanıyır. Hər iki siyasətçi öz ölkələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbərləri olub. Həmin dövrdə Rusiya və Azərbaycan tez-tez ümumi mövqedən çıxış ediblər və bu fikir eyniliyi indi də qalmaqdadır. Politoloq deyib: “Öz “Feysbuk” səhifəsində Dmitri Roqozin Prezident İlham Əliyevin fotosunu yerləşdirib, fotonun altında belə bir qeyd var: “Dost Azərbaycanın lideri İlham Əliyevlə pozitiv danışıqların nəticələrinə aid…” Bu sözlərin arxasında nə durur? İlk növbədə, Rusiya tərəfdən həmsədri D.Roqozin olan Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin səmərəliliyi. Azərbaycan və Rusiya üçün əməkdaşlığın başlıca vəzifəsi iqtisadiyyatın şaxələndirilməsidir. Bu, onlara iqtisadi təhlükəsizliyi möhkəmləndirməyə və neft konyunkturasından asılılıqlarını zəiflətməyə imkan verəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşıdır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Rusiya maşınqayırma məhsullarının Azərbaycana ixracı cəmi bir il ərzində 62 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları da Rusiyanın timsalında nəhəng istehlak bazarı əldə ediblər və Qərb sanksiyalarının zərbəsini zəiflətməkdə rusiyalılara kömək ediblər”.

 

Politoloqun fikrincə, son ayların səciyyəvi tendensiyası bu olub ki, Rusiya və Azərbaycan sırf ticari sövdələşmələrdən bir-birinin iqtisadiyyatını investisiyalaşdırmaya keçiblər. Ticarət dövriyyəsi həcminin artırılması üçün Azərbaycan biznesmenləri Rusiya ərazisində meyvə-tərəvəz məhsullarının saxlanması üzrə logistik mərkəzlər tikməyə başlayıblar. “Benkons Group” şirkəti Tatarıstanda meyvə şirəsi istehsal edəcək zavodun tikintisinə 4 milyard rubl vəsait yatırıb. “KamAZ” Gəncə avtomobil zavodunda yığma xəttini işə salıb. Hər il bu zavod 1500 yük maşını istehsal edəcək. Rusiyanın “Qazprombank”ı Azərbaycan Dövlət Neft Şirkəti üçün 420 milyon dollar kredit ayırıb. Bu vəsaitlə Sumqayıt kimya-sənaye parkında kimya zavodu inşa olunacaq. Həmin zavodda iri miqyasda polietilen və polipropilen istehsal ediləcək. Bundan əlavə, Azərbaycanda helikopter servis mərkəzinin açılması, yükgötürmə qabiliyyəti üç min ton olan ən böyük üzən kranın yaradılması, meyvə-tərəvəz və taxıl daşıyacaq “çay-dəniz” tipli universal gəmilərin bütöv seriyasının buraxılması kimi perspektivli birgə layihələr mövcuddur. Politoloq sonda deyib: “Odur ki, Azərbaycan məhsullarının Rusiyaya ixracı, həcminin artırılması üzrə böyük işlər görülür. Birgə investisiya və nəqliyyat layihələrinə isə üçüncü ölkələr – rəsmi Bakı və Moskvanın mühüm tərəfdaşları olan İran və Qazaxıstan da maraq göstərəcək”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org