18:27 – xeber – Mayın 7-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.
Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, aksiya Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun aparılıb.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağac əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri görülüb.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.