– xeber – PKK-nın silahlı qolları olan Xalq Müdafiə Qüvvələri (HPG) və Şenqal Müqavimət Ordusu (YBŞ) Mosulu İŞİD-dən azad etmək üçün aparılacaq əməliyyatlarda iştirak edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, YBŞ komandanı Heval Mazlum Şenqal dağında 2 min döyüşçünün Mosul əməliyyatında iştirak etmək üçün hazır vəziyyətdə gözlədiyini bildirib:
“Mosul əməliyyatı üçün heç kimdən icazə almamışıq. Müttəfiqlərimizi tanıyırıq. Bu barədə fikrimiz qətidir”.
Adı açıqlanmayan HPG komandanı isə açıqlamasında YBŞ ilə birgə deyil, Mosul əməliyyatında ayrıca iştirak edəcəklərini bildirib:
“2 min 500 döyüşçümüz Mosul üçün hazırlıq görür. İraqın səlahiyyətləri şəxsləri ilə münasibətlərimiz yaxşıdır. Əməliyyat üçün onlardan icazə almışıq”.
Lakin Mosul Təhlükəsizlik Komitəsinin sədri Haşim Brifkani sözügedən qruplaşmaların Mosul əməliyyatında iştirakına qarşı çıxıb:
“Biz Haşdi Şabi kimi iraqlı qruplaşmanın Mosul əməliyyatında iştirakına qarşı çıxdığımız halda, HPG və YBŞ-yə necə icazə verə bilərik?”
Qeyd edək ki, uzun müddətdir Mosul İŞİD-in nəzarətindədir.