“Niye butun mesuliyyet Prezidente yuklenmelidir?”

09:05 – xeber – Axar.az iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətin üçüncü hissəsini təqdim edir

(Əvvəli BURADA):

– Ən böyük banklarımızdan olan Beynəlxalq Bankın effektivliyinin artırılması üçün dövlət bu bankı da özəlləşdirməyə çıxara bilərmi?

– Özəlləşdirmənin qızıl qanunlarından biri də budur ki, özəlləşdirməyə bir müəssisə və yaxud səhmləri çıxarmazdan əvvəl bazar araşdırması aparılır ki, sənin müştərin kim ola bilər. Azərbaycanda indiki şəraitdə Beynəlxalq Bank özəlləşsə, onun səhmlərini ala biləcək 2-3 bank var. Amma bunun effekt verib-verməyəcəyini demək çətindir. Çünki Beynəlxalq Bankın çox ciddi taksit kreditləri, problemli kreditləri var. Özəlləşdirmə zamanı bankın təkcə aktivlərini yox, həm də passivini alırsan və problemini üzərinə götürürsən. Ona görə bu problemlər həll olunmasa, xarici investor Beynəlxalq Bankı almayacaq. Daxili investor isə onu alsa belə, məcburən iki yol var: ya şərt qoyacaq ki, təmizlə və mənə sıfırdan ver, ya da ki, passivlər bir müddət dondurulacaq. Onun üçün heç kim cavabdeh olmayacaq. Beynəlxalq Bankın aktivlərindən istifadə edib, qısa müddətə pul qazanmağı düşünəcəklər. Bu da effekt verməyəcək. Yaxşı şərait yaradılsa, Avropa, hətta Türkiyə bankları məmnuniyyətlə Beynəlxalq Bankı ala bilərlər. Ən azından ona görə ki, oturuşmuş infrastrukturu var, bütün regionlarda fəaliyyət göstərir. Üstəlik, bu bankın yaxşı kadr potensialı var və kimsə bu aktivləri alsa, bazarda birdən-birə güclü oyunçuya çevriləcək. Bunun cəlbediciliyi budur. Bundan da mütləq istifadə eləmək lazımdır. Ona görə də xarici bankları Azərbaycana buraxmaq yaxşı olar. Necə deyərlər, qoy böyük rəqabət yaransın: batan batsın, çünki onları xilas etmək mümkün olmayacaq.

– Qazaxıstan ərazisində böyük şirkətlərin istehsal müəssisələri var. Məsələn, “Ford”un zavodlarından biri burada yerləşir. Amma Azərbaycanda indiyə qədər satışı o qədər geniş olmayan “Lifan” və Belarus traktorlarının zavodları mövcuddur. Ümumiyyətlə, Qazaxıstandakı kimi böyük şirkətləri ölkəyə cəlb edib, onların burada zavodlarını açmaq mümkündürmü?

– Azərbaycanda “Lifan” da, Belarus traktorlarının da bütün detalları xaricdən gəlir və burada yığılır. Həmin şirkətlər üçün buranı cəlbedici edən məqam detallar gətirilən zaman gömrük rüsumundan azad olmalarıdır. Ümumiyyətlə, istehsal müəssisələrinin bir ölkəyə cəlb edilməsi çox ağır prosesdir. Rusiya, Türkiyə və Qazaxıstana xarici şirkət gəlir, çünki buralarda bazar böyükdür. Azərbaycanda isə bazar kiçikdir. Xarici investorları cəlb etmək üçün qonşu ölkələrdən daha yaxşı təklif vermək lazımdır. Məsələn, 5 il vergidən azad edirsən və yaxud ixracat zamanı gömrük rüsumu almırsan və s. Dövlət bu məsələdə uzunmüddətli kreditlərlə “start ap” kimi də çıxış edə bilər. Məsələn, “Ford”la danışıb, burada zavod tikməsi üçün 0 faizlə 10 illik 1 milyard kredit vermək olar. “Ford” məmnuniyyətlə bunu edər. Təəssüf ki, indi Azərbaycanın buna imkanı yoxdur. Ona görə investoru bura cəlb etməyin başqa yollarını düşünməliyik. İlk növbədə investoru cəlb etmək üçün təşviq lazımdır. Böyükdənsə, praktik olandan, asandan başlamalıyıq.

Məsələn, geyimdən başlaya bilərik. Burada isə xammal lazımdır. Çox təəssüf ki, bizdə pambıqçılıq ölüb. 10 il əvvəl 400 min ton olan istehsal indi 38-40 tona düşüb. Bunu dirçəltmək olar, çünki bizim pambıqçılıq ənənəmiz var. Təşviq proqramları və uzunmüddətli kreditlərlə pambıqçılığı qısa müddətdə inkişaf etdirə bilərik. Pambıq olsa, iplik, geyim istehsal etmək çox asandır. Ən asan sahə budur. Bizim gələcəkdə ən böyük uğurumuz neftimiz azaldıqca özümüzün emal etdiyimiz məhsullar olacaq – maşın yağından tutmuş şama qədər. Bu mümkündür, lakin böyük investisya tələb edir. Yaxşı neft-emalı zavodu 10 milyard yatırımın hesabına 2-3 ilə başa gəlir. Azərbaycanın hazırda buna imkanı yoxdur, amma xarici investorları inandırıb, bunu etmək olar.

– Biz az öncə alternativ enerjidən, onun istehsalından danışdıq. “Azərenerji” və “Azərişıq” özəlləşdirilən zaman xarici investorlar əsas yatırımı ənənəvi enerji yox, alternativ enerji istehsalına yönəldə bilərlərmi?

– Əlbəttə olar. Lakin özəlləşdirmə zamanı investor özü bazara uyğun qərar verəcək. Dövlətin burada təşviqi o ola bilər ki, alternativ enerji mənbələrindən vergi tutmasın, onun üçün gələn avadanlıqdan gömrük rüsumu almasın. Almaniyada 10 il bundan qabaq ümumi elektrik enerjisində alternativ enerjilərin payı 2 faiz idi. İndi 24-25 faizdir. 2020-ci ildə 40 faizi keçəcək, 2040 üçün isə 80 faiz hədəf qoyublar. Fantastik rəqəmdir. Əslində, neft erası da buna görə bitir. Biz elə bilirik ki, neft qiyməti Rusiya-ABŞ konfliktinə görə düşür. Bu, təbii ki, doğrudur, amma birinci, əsas səbəb deyil. Biz texnoloji inqilabla ayaqlaşmalıyıq. Özəlləşdirmədən sonra alternativ enerjinin inkişafında dövlətin “start ap” kimi yox, təşviqçi kimi çıxış eləməsi vacibdir. Vergidə, gömrükdə, uzun müddətli kreditlərin verilməsində güzəştlər tətbiq edilməlidir. Bir də ki, əhali ilə də işləmək olar. Türkiyədəki kimi əhaliyə demək olar ki, günəş enerjisindən istifadə edin, mən sizə uzunmüddətli faizsiz kredit verəcəm. Belə bir şey etmək mümkündür. Dünyanın bu sahədə gələcək problemi texnologiyanın çox sürətlə inkişaf etməsidir. Sən panel buraxmaq üçün zavod tikib bitirənə qədər texnologiya 5 dəfə dəyişəcək. 1 kvadrat metr panel 1 lampanın sutkalıq işlədiyi qədər enerji yığır. İndi İsrailin buraxdığı nano-boya 24 lampa üçün enerji istehsal edir. Bunun bir həlli yolu 3D printer olacaq. Dünya artıq bu istiqamətdə gedir.

– Siz son günlər ölkədəki islahatları necə xarakterizə edirsiniz?
 
– Azərbaycanda çox pozitiv proses başlayıb. Amma bu prosesdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Məsələn, idxalda bəzi məhsullara gömrük rüsumu ləğv edilib. Bu alqışlanasıdır. Ancaq bunun başqa tərəfi də var. Bu gün ən ciddi problemlərdən biri ölkədən ciddi valyuta axınının olmasıdır. Kapital axınını kənara qoyaq. Özümüzü təmin etmək üçün mal gətirməliyik. Əgər sən idxal vergisini sıfırlayırsansa, sənə istehsal yox, gedib gətirmək sərf edir. Daha çox gedib-gətirməyə yönlənsən, ölkədən valyuta axını istər-istəməz sürətlənəcək. Bu da manata basqıları daha da artıracaq. Bu, nəticədə manatı ucuzlaşdıra bilər. Yəni burada elə incə işləmək lazımdır ki, hər iki tərəfin marağını nəzərə ala biləsən. Məsələn, mən iş adamıyam, taxılı burada yetişdirib, sonra şaxta üzündən az məhsul götürüb satmaqdansa, Qazaxıstanla danışaram, gedib oradan gətirib sataram. Əlavə dəyər vergisi olmadığına görə ikiqat qazanaram. Demək, istənilən halda yenə də ölkədən valyuta çıxardacam. O valyutanı hardan almalıyam? Daxili bazardan. Daxili bazarda valyuta varmı? Azdır. Deməli, təlabat artdıqca dəyər də artacaq. Burada ciddi məsələlərə fikir vermək lazımdır.

Bizim hamımızın yeganə arzusu bu vəziyyətdən sui-istifadə edib, ölkədə xaotik vəziyyət yaratmaq arzulayanların arzusunun gözündə qalmasıdır. Çünki bir ölkədə xaos olanda heç vaxt qabaqda ağıllı adam olmur. Qabaqda olanlar həmişə populistlər olur. Özünə yer edən populist birinci ağıllı adamı əzir ki, gələcəkdə ona rəqib olmasın.
 
Son dövrlərdə çox pis tendensiya yaranıb. Hər yerdə “cənab prezidentin tapşırığını yerinə yetiririk” deyirlər. Hamı bütün məsuliyyəti öz üzərindən atır. Bütün məsuliyyəti bir nəfərin üzərinə yükləmək çox yanlış addımdır. Putin bu taktikadan istifadə etdi: özünü iqtisadi qanaddan çəkib, siyasi və təhlükəsizliyi üzərinə götürdü. Medvedyev isə hazırda prosesin məsuliyyətini çəkir. Əslində belə də olmalıdır. Hökumət üzvlərinin məsuliyyəti bölməsi vacibdir. “Cənab prezidentin tapşırığını yerinə yetirirəm” deyən bəzilərindən soruşmaq istəyirəm: cənab prezident sənə demişdi ki, get oğurluq elə? Niyə məsuliyyəti üzərindən atırsan?
 
Problemlərin həlli parlamentin çəkisi altına keçməlidir. Prezident də yuxarıdan buna nəzarəti həyata keçirməli, istədiyi an müdaxilə etməlidir. Əlbəttə, prezidentsiz bu vəziyyətdən çıxmaq mümkün deyil. Ancaq dediyim kimi, hamı məsuliyyətin altına girməlidirlər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org