Niye bele etdin ki!..

01:23 – xeber – Hər şey səninlə getdi – qürurum, güvəncim, özünəinamım, heç nəyi və heç kimi eynimə almamağım, dünya qayğılarına uğraşmamağım…
 
Hər şey sənin adınla bağlıymış, demə; cəsarətimin səbəbi sənsənmiş, demə; qəddimi dik tutmağımın, Yeri yerindən oynatmağa yetən gücümün qaynağı sənsənmiş…
 
Sənə göndərilən salamlarmış üstümdə gəzdirdiyim “silahım”; sənin yaxşılıqlarınmış hörmətli olmağımın sirri; sənin adınmış talismanım.
 
Səni ölümsüz sayırdım. Heç düşünmürdüm ki, nə vaxtsa bu gücün, bu qürurun dalana dirəndiyi gün ola bilər.
 
O qədər uşaq idim ki, insan qəddini qocalığın deyil, SƏNSIZliyin əydiyini heç bilməzdim.
 
Dizinin yanından əl çəkməzdim, ağzından çıxan sözlərlə baxardım dünyaya. Sonra, çox sonra biləcəkdim ki, özüm kimi, sözüm də səndən gəlirmiş;
 
Sən hər şeyi bilirdin – bütün suallarımın cavabı səndəydi. Nə müşkülə düşsəm, çözərdin. Mənim dünyamda hər şeyi bilən, Ən güclü, Ən cəsur, Ən istedadlı Adam səndin.
 
Özümü kişi sayırdım – vurub-tutan yaşdaydım, sevilirdim, fərqlənirdim, tanınırdım.
 
“Kimsən?” – deyirdilər, Yusifin oğlu deyib, adını verirdim – sal qaya kimi donuq üzlər bir anda çilik-çilik olurdu, çiçək açırdı, yaz gəlirdi. Sənə olan səmimiyyəti sevə-sevə sinəmə taxıb, qürurlanırdım.
 
Məsləhətindən doymazdım, nəsihətini kəsməzdin. “Haqqımı halal etmərəm – əgər dostu, doğmanı darda qoyub, pul dalınca qaçsanız” deyərdin.
 
Nümunəm idin, amma ünvanı həmişə özündən yayındırırdın: “Məndən əvvəl də İbrahimdi, sonra da…”
 
“Səndən əvvəl” bizlər yox idik, “Səndən sonra…”nın mövcudluğunu isə qətiyyən təsəvvür etmirdim.
 
“Səndən sonra” – ümumiyyətlə, yox idi: dünya sənsiz necə ola bilərdi ki?!
 
Dəyərim üzündəydi: “niyə belə etdin?” deməzdin, “bunu yaxşı ki etdin!” kimi…
 
Üzünə baxmaq kifayət idi – nəticəni özüm çıxarırdım.
 
Dosta sədaqətin heç yadımdan çıxmaz… Qibləmizə çevirdiyin Qardaşımız bal istədi, «gözlə, – dedin, – hələ kəsilən vaxtı deyil». Üstündən dəqiqələr keçdi, uzaq bir kənddə yaşayan dostundan soraq gəldi: həkimlər ona təmiz bal məsləhət bilmişdi.
 
Geyindin, “vaxtı çatmadığını” dediyin pətəklərə yaxınlaşdın, bal kəsdin və elə Qardaşımla da dostuna göndərdin…
 
Kimsəyə borclu qalmadın, kimsənin yükünü boynumuza qoymadın. Amma hamının yükünü çəkməyi də səndən öyrəndik;
 
Kimsənin qeybətini etdiyini eşitmədim – bircə dəfə də olsun!
 
Kimsəylə bizi müqayisə də etmədin. Müqayisənin əvvəli də, sonu da İbrahim idi…
 
Kimsəylə “haqq-hesab” aparmazdın, ancaq prinsiplərindən də qəti dönməzdin.
 
Öz Yolun, öz Məqamın, öz Sözün vardı…
 
…Amma niyə belə etdin ki!?
 
Heç vaxt düşünməzdim ki, məni bu dünyada qoyub belə erkən gedəcəksən…
 
Darıxıram – təsəvvürə gəlməyəcək, duyulmayacaq tərzdə darıxıram. Həm də təkcə mən darıxmıram ki!
 
Tumarınçün saçım darıxır; sözünçün qulağım; üzünçün gözüm…
 
Ətrindən darıxmışam, Dədə!
 
Hər dəfə sualıma cavab verəndə dediyin ilk söz – “Oğlum” üçün burnumun ucu göynəyir…
 
Hər şey səninlə getdi, hər şeyi sən apardın.
Bilirsənmi, səndən sonra nələr oldu?
 
Dizin yox oldu, Təkliyimə sığındım – ilk dəfə İnsanı gözdən ürəyə köçürməyin ağrısını daddım!
 
Gözüm səni axtarır – daha qarşıma yox, ürəyimə baxıram. Ona görə qəddim də bükülüb…
 
20 ili zarafatmı hesab edirsən? YAŞımın yarısını Sənsiz yaşamaq bilirsənmi nə deməkdir?
 
Yaşamadım, Dədə, YAŞım qurudu – sənsiz çox çətindir…
 
Səndən sonra “Səndən sonra”ya qaçıram, ovunmaq üçün.
 
Bilirsən, O da Sənsizdir, axı?!

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org