“Memmed Araz da ona Emi deyirdi”

16:05 – xeber – Bu gün Güneyli-Quzeyli bütöv Azərbaycan ədəbiyyatına çox ağır bir itki üz verib. Söhrab Tahir həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə yetirdiyi ən nadir qələm sahiblərindən biri idi. Söhrab Tahir 1945-1946-cı ildə Azərbaycan milli hökumətinin Bakıya göndərdiyi və hərbçi kimi yetişməsini arzuladığı gənc olmuşdu. Amma tale, zaman dəyişdi, o milli hökumət yıxıldı. Bundan sonra da Söhrab Tahir ölkəsinə qayıda bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı.
 
Axar.az Aznyus.az-a istinadən xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı bu gün vəfat edən şair Söhrab Tahirin vəfatı ilə bağlı fikirlərini bölüşərkən deyib:
 
Söhrab Tahir burada Güney-Quzey Azərbaycan şairlərinin, yazıçılarının yaxın silahdaşlarından birinə çevrildi. Bizim nəslin nümayəndələri “Əmi” deyirdi. Hətta Məmməd Araz da ona “Əmi” deyirdi. Ona öz yaşıdları da hörmət əlaməti olaraq elə müraciət edirdilər. Söhrab Tahir gecə-gündüz, nəfəs dərmədən işləyən bir qələm əhli idi. 19 roman yazıb, 50-dən artıq poema, 100-lərlə şeirin müəllifidir. Bundan əlavə 70 min misradan ibarət olan monumental “Ata” poemasının müəllifidir. Mən son görüşümüzdə ona dedim ki, “Ata” “Şahnamə”dən də böyükdür.
 
Söhrab Tahirin həm də Cənubi Azərbaycan ədəbiyyatının, daha doğrusu, Cənubi Azərbaycan mövzusunun Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğində, tantımında, dərkində misilsiz xidməti var. Vaxtıykən mən ona və Balaş Azəroğluna həsr olunmuş bir poema yazmışdım. Orada qeyd etmişdim:
 
Maşında ağ saç gördüm,
Amandır, Söhrab əmi,
Belə vaxtsiz tələsmə saçları ağartmağa,
 
Ömürdən möhlət gərək,
Arzulara çatmağa…
 
Pasportun rəngi ayrı,
Qəlbimizin qanı bir!
Qanı, ruhu, tarixi,
Kağız ayıran deyil,
Saziş ayıran deyil!
 
Söhrab Tahir əslində, mənim gözümdə dünyada azadlıq və öz millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçıları sırasındadır. O, mənim yaxın dostum idi. Bütöv Azərbaycanı iki-üç adamla dəfələrlə dolaşmışıq. Onların biri Söhrab Tahir idi. Bu dərdləri dəfələrlə ikilikdə müzakirə etmişik. Sonuncu dəfə Yazıçılar Birliyində 90 yaşını qeyd elədi. Onunla görüşdüm, dedim ki: “Əmi, ürəyindən nə keçir? Dedi, səni görmək istəyirdim, sən də gəldin. İstəyirəm ki, mənim yubiley tədbirimi də sən özün aparasan”.
 
Sağ olsun, Anar müəllim də iştirak elədi. Biz Söhrab Tahir sevgimizi, onun ədəbiyyatdakı zəhmətini dilə gətirdik. O, uzun və şərəfli bir ömür yaşadı. Həyat müvəqqəti, ölüm haqdır. Hər kəs gedəcək. Amma Söhrab Tahir kimi yaşayıb, onun kimi yazıb-yaradıb sonra ölmək bu hər kəsə nəsib olan deyil. Onun həm ruhunda, həm də ölümündə bir qəhrəmanlıq dastanı var. Onun adı həmişə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq”.
 
“Diqqətsizlik – onu dilxor edirdi”
 
Tanınmış şair Musa Yaqub da şairin vəfatına çox üzüldüyünü deyib:
 
“Son vaxtlar ona diqqət bir az azalmışdı. Söhrab biganəlikdən dilxor olurdu. 90 illik yubileyi oldu, o, da bununla bağlı nəsə gözləyirdi. Həmin diqqət az oldu. Onunla heç görüşə bilmədim, amma eşitdim ki, incikdi, gileyləri var. Böyük şairimiz idi. Ona çox böyük diqqət lazım idi. Lap elə millətin, xalqın, dövlətin özü də bilsin ki, böyük bir şairini, demokratını, cənublunu, ürəyi gecə-gündüz vətən üçün yanan bir şairi itirmişik. Söhrabın ölümü ilə Azərbaycan ədəbiyyatı çox şey itirdi. Bu itki ilk növbədə Cənub mövzusunu xeyli zəiflədəcək. Cənub mövzusu ilə bağlı yanğını saxlamaq bizim üçün ağır olacaq. Düzdür, onun yerini dolduran olacaq, yenə də vətəndən, torpaqdan, Arazdan, birləşmək həsrətindən kimlərsə yazacaq. Amma Söhrab kimi olmayacaq”.
 
“Onun bütün şeirlərini əzbərdən bilirdim”
 
Yazıçı Aqil Abbas da şairlə bağlı öz xatirələrini bölüşüb:
 
“Mən Söhrab Tahirdən kurs işi yazmışdım. Onun bütün şeirlərini əzbərdən bilirdim. Onda mən Söhrab Tahiri bir şair yox, həm də inqilabçı kimi təhlil eləmişdim. Özü də pis tənqid eləmişdim. Onun belə şeirləri var: “Təbrizdə boş qalan qəbrim”, “Bəzən bir insanın ölümü ilə dünya dəyişə bilər”… Mən də yazmışdım sən niyə bura gəlmisən, elə Təbrizdə qəbrin dolu olsa, bəlkə dünya dəyişər? Belə bir kurs işi yazmışdım. Sonra onun daha bir şeri var: “Mən bir rus şairi kimi yaza bilsəydim”. Ona biz əmi demişik, Məmməd Arazın ən yaxın dostu olub. Bir evli kimi olublar. Nisgilli bir ömür yaşadı. Xəstəydi, vətən həsrəti ilə uzun illər acı çəkdi. Onun anasını uzun müddət Azərbaycana buraxmadılar. Arazın qırağında durub anasını qoxusunu alardı. Çox uzun illərdən sonra anasının bura gəlməyinə icazə verdilər. O, bura gələndə sanki Azərbaycanda bir toy-bayram oldu. Elə bir yazıçı, şair olmadı ki, ona gözaydınlığı verməsin. O, Azərbaycana 1945-ci ildə gəlmişdi, özü də zabit idi. Göndərmişdilər ki, Azərbaycanda oxusun. Sonra da ara qarışdı, Söhrab vətənə qayıda bilmədi. Söhrab əmi yaxşı insan idi. O, son zamanlar həmin hadisələrlə bağlı yazmağa başladı. Təbriz və həyatı ilə bağlı roman yazdı. Onun haqqında çox şey demək olar. Çox təəssüf ki, Azərbaycan belə bir şairini itirdi”.
 
“Ədəbiyyatımız nəhəngini itirdi…”
 
Yazıçı Seyran Səxavət Söhrab Tahirin uzun illər böyük yaradıcılıqla məşğul olduğunu, Azərbaycana böyük bir ədəbiyyat qoyub getdiyini deyib:
 
“Onu tanıyan dostları, ailəsi, nəvələri üçün böyük itkidir. Onun Azərbaycana qoyub getdiyi bədii irs imkan vermir ki, deyək ağır itkidir, sadəcə onun özünə çox heyf. Biz belə anlarda ancaq təəssüflənirik. Ölümə isə sorğu-sual yoxdur. Heç kəs ölümü sorğu-sual edə bilməz. Ölüm hamını sorğu-sual edir. Bizə nə qalır, ancaq qapqara xəbərdən təəssüflənmək, vəssalam! Allah sənə rəhmə eləsin, qəbrini nurla doldursun. Mən onun qəbrinin nurla dolu olmasına inanıram. O, çox nəhəng bir söz adamı idi. Yenə deyirəm, təəssüf ki, Azərbaycan ədəbiyyatı belə bir nəhəngi itirdi”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org