“Kitabi-Dede Qorqud” hemin oguzlarin deyil…”

08:45 – xeber – Axar.az filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa alban abidəsi?” adlı yazısını təqdim edir:
 
“Dədə Qorqud kitabı”nın Drezden nüsxəsinin əlyazması üzərində belə bir cümlə yazılıb: ”Kitabı-Dədəm Qorqud ala-lisani-taifeyi-Oğuzan”. Bu cümlənin dəqiq tərcüməsi aşağıdakı kimidir: “Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı”.
 
Gördüyümüz kimi, əlyazmanın üzərində yazılan bu cümlə bu kitabın dəqiq şəkildə Oğuz dillərində yazıldığını bildirməklə yanaşı, içini oxumadan belə, onun Oğuzlardan bəhs edəcəyini də güman etməyə əsas verir. Burada isə biz hamıya adi görünən və hamının cavabını guya çox yaxşı bildiyi bir sual vermək istəyirik: bəs Oğuzlar kimlərdir?
 
Elmi ədəbiyyatın verdiyi məlumata görə, Oğuzlar eramızın VI-VIII əsrlərində mövcud olmuş Göytürk xaqanlığı dövründə yaranmış Orxon-Yenisey abidələrində adları ilk dəfə çəkilən türk tayfalarından biridir. Sonralar IX-X əsrlərdə bu tayfalara Sırdərya hövzəsi ətrafında təsadüf olunur ki, XI əsrdən sonrakı dövrlərdə də bu tayfalar Səlcuq dövlətinin tərkibində daha geniş yer tutaraq, bütün Yaxın Şərqə yürüşlər edirlər. Bəs, Göytürk xaqanlığı dövründən öncə, eradan əvvəl I minillikdən eramızın V əsrinə qədər mövcud olmuş Hun dövründə Oğuzlar kim olmuş və harada yaşamışlar?
 
Bu suala isə müasir tarixşünaslıq elmi bir o qədər də dəqiq cavab verə bilmir. Tarix elmi Hun dövründən bəhs edərkən, bu dövlətin, bu tayfaların tərkibində digər tayfalarla yanaşı, bəzən Oğuzların dədə-babalarının, əcdadlarının adlarını çəksələr də, yenə də bu dövlətin tərkibində Oğuzların kim olduqları, onların bu dövlətin tərkibində hansı rol oynadıqları və ümumiyyətlə, Oğuzların bu zaman harada yaşadıqları bir o qədər də dəqiq bilinmir. Doğrudur, son onilliklərdə Hun tayfalarının miladdan çox-çox öncələrdən də Ön Asiyada yaşadıqları haqda bir sıra gözəl əsərlər yazılsa da, amma yenə də bu fikirlər, hələ ki, elmdə son söz kimi qəbul olunmur. Lakin artıq eramızın X-XI əsrlərindən etibarən vəziyyət bir qədər dəyişir. Qeyd etdiyimiz kimi, Səlcuq dövlətinin meydana gəlməsilə Oğuzların tarix səhnəsinə böyük qüvvə ilə çıxmaları nəticəsində artıq Oğuzlar haqqında bir-birinin ardınca məlumatlar verilməyə, əsərlər yazılmağa başlayır.
 
Belə ki, hamıya məlum olduğu kimi, bu məlumatların başında ilk növbədə Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” və Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərlərində verdikləri məlumatlar dayanır. Daha sonralar Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin yaranması nəticəsində Oğuzların-Türkmənlərin intibaha yaxın bir hal yaşamaları ilə bağlı olaraq, bir-birinin ardınca “Oğuznamə”lər meydana çıxır ki, bütün bunlar da nəhayət, demək olar ki, XVII əsrdə Əbülqazi Bahadır xanın qələmə aldığı “Şəcəreyi-tərakimə” əsəri ilə tamamlanır. Bütün bu əsərlərə – bəzilərinin üzərində “Oğuznamə”, bəzilərinin üzərində isə “Oğuznamə” yazılmayan əsərlərin hər birinə baxsaq, bu əsərlərin heç birinin əslində dastan olmayıb, müəyyən mənada, tarix kitabları, Oğuzların, türklərin soy köklərindən, mifoloji düşüncələrindən, tarixi şəxsiyyətlərindən, şəcərələrindən, hərbi yürüşlərindən bəhs edən əsərlər olduğunu görərik. Bu mənada, bu əsərlər əsas etibarilə Oğuzların tarixlərini, onların keçmişlərini qələmə aldıqları üçün həqiqətən də “Oğuznamə” adını daşımağa tamamilə layiqdirlər. Lakin yenə də Oğuzların intibah dövründə, təqribən, XV-XVI əsrlərdə sonuncu dəfə üzü köçürülən, Oğuzların həyatından, məişətindən, qəhrəmanlıqlarından, sevgilərindən, dünyagörüşlərindən bəhs edən “Dədə Qorqud kitabı” da “Oğuznamə”dirmi?
 
Diqqətlə baxdıqda isə hələ yazıya alındığı zaman, bəzi boyları “Oğuznamə” adlandırılan “Dədə Qorqud kitabı” ilə XI-XVII əsrlərdə meydana çıxmış “Oğuznamə”lər arasında müəyyən fərqlərin olduğunu görürük. Belə ki, XI-XVII əsrlərdə qələmə alınan “Oğuznamə”lərdə Oğuzların tarixi kökləri, onların görkəmli şəxsiyyətləri, dini-mifoloji düşüncələri haqqında bilavasitə əsər yazmaq qarşıya bir məqsəd kimi qoyulursa, “Dədə Qorqud kitabı”nda biz bu məqsədi görmürük. “Dədə Qorqud dastanları” sadəcə olaraq, Oğuzların müəyyən bir dövr həyatlarından, məişətlərindən, qəhrəmanlıqlarından bəhs edən əsərdir. “Oğuznamə”lərdə qoyulan məqsədlər “Dədə Qorqud kitabı”nda da haradasa sezilirsə də, bizcə, bu da onu XV-XVI əsrlərdə “Oğuznamə” kimi görmək istəyindən irəli gəlir.
 
Beləliklə, biz Oğuzlardan bəhs edən “Dədə Qorqud kitabı”nı XI-XVII əsrlərdə yazılmış “Oğuznamə”lərlə eyniləşdirmir, sadəcə olaraq, bu əsərin XV-XVI əsrlərdə “Oğuznamə”lər yarandığı zaman “Oğuznamə”yə çevrildiyi fikrinin üstündə dururuq. Bizcə, “Dədə Qorqud kitabı” XI əsrdən sonra yeni qüvvə ilə meydana çıxmış Oğuzların deyil, daha qədim Oğuzların, Azərbaycan ərazisində ən qədim zamanlardan, Azərbaycan tarixində Alban dövləti kimi yer tutan, bu dövlətin təşəkkül zamanında Azərbaycanda yaşamış Oğuzların həyatından bəhs edən bir əsərdir. Doğrudur, qorqudşünaslıqda ara-sıra bu haqda da yazılıb. Amma bu deyilənləri – “Dədə Qorqud kitabı”nı XI-XVII əsrlər arasında meydana çıxan “Oğuznamə”lərlə tutuşdurmaqla yeni nəticələrə də gəlmək olar. Belə ki, məsələn, biz “Dədə Qorqud kitabı”nda istər “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakimə”də və istərsə də başqa əsərlərdə gördüyümüz 24 Oğuz boyunun adına, onların xüsusiyyətlərinə, adların izahlarına, bu boylardan çıxan görkəmli şəxsiyyətlərin isimlərinə və digər xüsusiyyətlərə rast gəlmirik. Sadəcə olaraq, “Kitab”ın müqəddiməsində Dədə Qorqudun Bayat boyundan olduğu haqqında məlumat almaqla, Qayı boyunun adına təsadüf edirik. Sonralar isə bütün “Kitab” boyu Qazanın da adına daha çox Salur Qazan kimi rast gəlir, onun da Salur boyundan olduğunu güman edirik. Deməli, “Dədə Qorqud kitabı”nda Dədə Qorqud Oğuzları üçün Oğuzların sonralar “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakəmə”də gördüyümüz 22-24 boyu artıq keçmiş mərhələdir. Və hətta bu mənada, Oğuz tarixinin görkəmli tədqiqatçısı Faruq Sümərin də “Oğuzlar” adlı əsərində yazdığı: “Oğuzların 24 boydan ibarət olduqları haqda məlumatlar da XI əsrdən qədimə getmir” fikri də özünü doğrultmur. Çünki Dədə Qorqud Oğuzları Oğuz tarixində mühüm yer tutan 24 Oğuz tayfasını da demək olar ki, öz içində, daxilində birləşdirir.
 
Məsələn, “Dədə Qorqud kitabı”nda öz əzəməti ilə təsvir olunan Bayandır xan yəqin ki, hər hansı bir boyun, konkret şəkildə desək, “Divanü lüğət-it-türk”də Oğuz tayfaları sırasında üçüncü yerdə adı çəkilən, damğası verilən Bayandurlar boyunun yaradıcısı idi. Eyni zamanda, məlum olduğu kimi, Qazan xan da atasının adının Ulaş olmasına baxmayaraq, dastanda, adətən, Salur Qazan kimi xatırlanır. Və hətta, “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”da Burla xatun Qazana “Salur bəgi, Salur görgi” kimi xitab edir. Deməli, Qazan bəy də Salur boyunun bəyi, bu tayfanın başçısıdır.
 
Məlumdur ki, bu boyun da adı Mahmud Kaşğarinin “Divan”ında Salğur boyu kimi qeyd olunmaqdadır. Hətta, maraqlıdır ki, bir yerdə – “Basat Dəpəgözü öldürdüyü boyda” Basat Dəpəgözə soy soylayarkən, Qazanın adını “Salur oğlu Qazan” kimi təqdim edir. Deməli, buradan da bir daha Qazanın Salur boyunun başçısı olduğunu güman etmək olar.
 
Beləliklə, bu faktların hamısı onu göstərir ki, əslində sonralar, “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakimə”də rast gəliyimiz boylar ilk növbədə, “Dədə Qorqud” Oğuzları içərisində yaranmış, sonradan digər Oğuzların arasında yayılmışdır. Bu faktı “Dədə Qorqud kitabı”ndan gətirilən daha bariz bir nümunə ilə sübut etmək olar. Məsələn, “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu” boyda belə bir cümlə var: “Anun ardınca, görəlim, kimlər yetdi. Yigirmi dört boyun oxşayan Dəli Tondaz yetdi. Anun ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz başları Əmən yetdi. Anun ardınca toquz qoca başları Aruz yetdi. Saydıqımca oğuz bəgləri dükənsə olmaz”.
 
Beləliklə, bu cümlələrə baxsaq, onlarda verilən digər informasiyaları saf-çürük etmədən, bu cümlələrdə xatırlanan “bin qövm başları Dügər”in sonralar Kaşğaridə verilən on səkkizinci boy olan Tügərlər tayfasının başçısı, “bin Bəgdiz başları Əmən”in isə yenə də Mahmud Kaşğaridə verilən səkkizinci boy olan Bügdüzlər tayfasının başçısı olduğunu və bu tayfaların Qalın Oğuz içində mövcud olduğunu deyə bilərik. Və eyni zamanda, bu informasiyalardan, hətta bu tayfaların və bütövlükdə Qalın Oğuzun əhalisinin sayını da güman etmək olar. Çünki “bin qövm başları, bin Bəgdiz başları” dedikdə ən azı min nəsil, qohum-əqrəba, ailə nəzərdə tutulur. Buradan da istər Dügərin, istərsə də Əmənin başçılıq etdiyi tayfaların kiçik tayfalar deyil, öz ətrafında minlərlə insanı birləşdirən tayfalar olduğu məlum olur.
 
“Dədə Qorqud kitabı”nda bu məlumatları oxuyarkən istər-istəməz Mahmud Kaşğarinin verdiyi bir məlumat da yada düşür. Belə ki, Mahmud Kaşğari 22 Oğuz boyunu sadaladıqdan sonra, yazır: “ …Bu saydığım boylar kökdür. Bu kökdən bir sıra oymaqlar çıxmışdır. Onları söyləmədim, sözü qısa kəsdim”. Bu mənada, yuxarıdakı cümlələrə bir daha nəzər saldıqda, Salur Qazanın dayısı Aruzun Daş Oğuzun başçısı olduğunu bilsək də, yuxarıdakı informasiyada “toquz qoca başları Aruz” ifadəsinin Oğuz boylarının oymaqlarına aid olduğunu da güman etmək olar. Bizə elə gəlir ki, həm boylara, həm oymaqlara aid belə nümunələri dastanı vərəqləməklə yenə də tapmaq olar…
 
Eyni zamanda, biz “Qazılıq qoca oğlu Yegnək” boyunda üç yerdə “24 sancaq bəgi” ifadəsinə, sonuncu – “İç oğuza Taş oğuz asi olub Beyrək öldügi” boyunda isə üç yerdə “Üç Oq, Boz Oq” ifadələrinə rast gəlirik. Deməli, “Dədə Qorqud” qəhrəmanlarının sonralar Kaşğaridə, Fəzlullah Rəşidəddində, Əbülqazi xanda görəcəyimiz 22-24 Oğuz tayfalarından, Oğuzları əsasən iki yerə bölən “Üç oq, Boz oq” bölgülərindən xəbərləri vardır. Çünki bizcə, ən azından “Dədə Qorqud kitabı”nda rast gəldiyimiz “24 sancaq bəgi” ifadəsi təqribən 24 Oğuz tayfası, boyu bölgüsünə uyğun gəlir. Amma maraqlısı burasındadır ki, “Dədə Qorqud kitabı”nda istər Dügər, Bəgdüz tayfaları, istərsə də “24 sancaq bəgi” və “Üç Oq, Boz Oq” ifadələri çox adi şəkildə deyilir və sakitcə üstündən keçilir. Və dediyimiz kimi, Qalın Oğuz əsasən iki yerə, İç Oğuz və Taş Oğuz deyə bölgülərə ayrılır. Sonda isə Taş Oğuz İç Oğuza asi olduqdan sonra məğlub olarkən, Taş Oğuz bəgləri bir-bir Qazanın əlini öpərək, İç Oğuza tabe olurlar. Bütün bunlar isə bizcə, “Kitab”ın özündən də göründüyü kimi, “Kitab”da artıq Oğuz tayfa ittifaqının keyfiyyətcə tamamilə yeni bir mərhələyə keçdiyini və yeni bir dövlətin, Alplar, Alpanlar dövlətinin, Alban dövlətinin yarandığını açıq şəkildə göstərir. Buna görə də “Kitab”da artıq ayrı-ayrı tayfaların üzərində dayanılmır, onlar haqda geniş söhbət açılmır.
 
Bizcə, bu mənada “Dədə Qorqud Kitabı” Oğuz tayfalarının bir daha birləşdiyi və Alban dövlətinin yarandığı dövrü əks etdirən abidədir. Çünki dastandan gördüyümüz kimi, ən azından “Kitab”da Oğuz tayfaları dəfələrlə Qalın Oğuz kimi xatırlansa da, artıq Qalın Oğuzun başçısı Qazan xan “Oğuzlar başı Qazan” kimi deyil, “Basat Dəpəgözü öldürdigi boyda” iki yerdə “Alplar başı Qazan”, “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyda” isə “Alpanlar başı Qazan” kimi yad edilir.
 
(Ardı var)

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org