6 İyun 2016 09:15 – xeber –
Olkem.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (79-cu say) təqdim edir.
Müğənni-bəstəkar Rəhim Rəhimlini, yəqin ki, sosial şəbəkələrdə görəniniz olmayıb. Heç mən də rast gəlməmişəm. Demə, başqa səbəb varmış. Sənətçi insanların aqressiv davranışını görəndə şok olurmuş. Ən çox da sənətçilərə yazılan təhqirlərə məəttəl qalırmış: "Hansısa əcnəbi müğənni konsertində maykasını çıxaranda normal baxırlar, amma bizimkilər adi bir şou göstərəndə təhqir edirlər. Niyə, mənimlə nə düşmənçiliyin var?"
Əslində, Rəhimin dediklərində həqiqət var. Düzdür, insanlar son zamanlar bir xeyli aqressivləşiblər. Xüsusən də çal-çağır əhlinə qarşı. Bu da səbəbsiz deyil. Məsələn, Vasif Məhərrəmlinin tamaşaçısına sözlə ifadəsi mümkün olmayan münasibətini görən insan istər-istəməz Rəhimə qarşı da aqressivləşir, Əhmədə qarşı da, Məmmədə qarşı da. Necə ki, jurnalistikada oxşar durum yaşanır. Bir "baş redaktordan" və bir noutbukdan ibarət "saytlar" da mətbuatdır, ciddi mətbu orqanları da. Belə olan halda düşüncə formalaşır ki, bütün saytlar bir nəfərdən ibarətdir, istənilən yazını istənilən saytdan iyirmi manata çıxartdırmaq olar. Dolayısıyla Rəhimin dedikləri nə qədər haqlıdırsa, bu cür münasibətin yaranmasında Vasif kimi həmkarları bir o qədər təqsirkardır.