İnsanlar bunu basdanxarabliq kimi basa duse biler…


[r32]
– xeber –
Kult.az tanınmış yazıçı Natiq Məmmədli ilə müsahibəni təqdim edir:
– Natiq müəllim, bu gün yazıçı olmaq üçün nələrdən keçmək lazımdır? Yazıçılıq nəyin qurban verilməsini istəyir?
– Qurbanla, nəzir-niyazla yazıçı olmaq kimə lazımdır ki? Yazıçılıq nə dolanışıq, nə də perspektiv üçün əlverişli peşədir. Hər halda bizdə. Əksinə, yazıçı olduğunu biləndə sənə qəribə baxırlar, elə bil, nəsə qəbahət iş tutmusan. Bu, Azərbaycan reallığında olduqca təbii reaksiyadır, çünki cəmiyyət kitab oxumur. Bəri başdan deyim ki, buna görə də heç kimi qınamıram, çünki insanlar praqmatikdirlər, güzəranları ilə yaşayırlar, görürlər ki, kitabla, sözlə heç nə eləmək mümkün deyil, yaxud da kitaba aludə olmaq və ya savadlı görünmək hardasa onlarda diskomfort yaradır. Tendensiya hamıya aydındır: savadlı, kitab oxuyan adama yalnız sözdə hörmətlə yanaşırlar, əslində, hamı yalnız imitasiya ilə məşğuldur. Bax məsələyə məhz bu baxımdan yanaşsaq, görərik ki, yazıçı olanda heç nəyi yox, məhz özünü qurban verirsən, başqa sözlə, yazmağa başlayanda artıq özünü yandırırsan. Onda haqlı olaraq soruşa bilərsiniz, əgər yazmaq bu qədər cəncəl işdisə, bəlkə heç yazmayasan. Mən bu haqda çox fikirləşmişəm və qənaətim budur ki, yazmamaq mümkün deyil.
– Siz də gənc nəsilə aid edilirsiniz. Sanki yaşlı nəsil özlərindən sonra gələnləri elə gənc görür, böyüməyə qoymur.
– Böyüməyi bir fizioloji proses kimi götürsək, onun yubanmasının və ya yarıda qalmasının günahı heç də yaşlı, yəni səndən qabaq bu mərhələni adlamış adamlarda deyil. Bəlkə heç bu nəsil böyüməsə yaxşıdır. Mən elə cavanlar tanıyıram ki, dünyanın malından beş əlli yapışıblar, vücudlarını elə humanist qiyafəyə büküblər ki, intibah dövrünün maarifçiləri belə onların məsumluğuna həsəd aparar. Əslində isə oxuduqları kitabların mahiyyətini dərk eləməyən mağmundan başqa bir şey deyillər. Biri var özündən əvvəlkini inkar edirsən ki, nəsə daha ağıllı bir şey ortaya qoyasan, biri də var özündən əvvəlkinə tüpürürsən, çünki onun yerini tutmaq istəyirsən, ya da onun kimi olmaqdan ötrü ürəyin gedir.
Əsl istedadın böyüməsi isə sement örtüyü, hətta asfalt qatını deşib Günəşə sarı boylanan fidan kimidir. O, hər dəfə boy göstərəndə, tapdalayırlar, əzib keçirlər, amma o, yenə boy göstərir və günlərin birində əzəmətli ağaca çevrilə bilir. O zaman onu tapdalayanlar, əzənlər həmin ağacın kölgəsinə yığışırlar, heç yadlarına da düşmür ki, nə vaxtsa onun başından basıblar. Prinsipial olaraq Lenini xoşlamasam da, onun yerinədüşən bir fikrini xatırladım – bir şey ki, faktdı, onunla razılaşmaq lazımdı, onsuz da o, əvvəl-axır öz mövcudluğunu sübut edəcək. Konkret mənə gəldikdəysə, mən elə bir yolla gedirəm ki, özümdən qabaqda yalnız rəhmətliklərin izi var. Nə onlar məni, nə də mən onları qısqanıram.
– Azərbaycan ədəbi mühiti ədəb-ərkandan uzaq düşməyib ki?
– Son vaxtlar ədəb-ərkan anlayışının məzmununu bir qədər dəyişilib, daha çox təmənnalı nəyisə xatırladır. Adamlar bir-birlərinə məqsədli şəkildə ehtiram göstərirlər, bayaq dedim, güzərandan irəli gələn praqmatiklik indi dəbdədir. Bizdə ədəb-ərkan avtobusda yaşlı qadına yer vermək səviyyəsi boydadır, deyim ki, heç bunu da hər adam eləmir.
– Sizə, ədəbiyyatın rolu nədən ibarətdir? Ədəbiyyat adamı başqa sahələrin adamı ilə müqayisədə nələri etməlidir?
– Yaradıcılıqla məşğul olan şəxslər nəsə bir qədər fərqli olurlar. Hərçənd ki, bir çoxları bunu başdanxarablıq kimi də başa düşə bilər, məsələn, Jirinovski hesab eləyir ki, yaradıcı adam nə qədər çox anormal olsa, daha yaxşı yarada bilər. Bu, təbii ki, məişət müstəvisində olan qənaətdir. Nitsşenin “fövqəlinsan” ideyasını faşist kimi də yozmaq mümkündür, fəlsəfi düşüncə kimi də. Yazıçının frəqliliyi onun başqalarından üstünlüyünü şərtləndirmir və eyni zamanda bu, cəmiyyət üçün təhlükə törətmir. Bütün yaradıcı adamlar, o cümlədən yazıçılar da başqalarının anormal saydıqları yarımçıqlarını doldurmaq üçün əlləşirlər. Bu, əzablı mübarizənin gedişində gözəl əsərlər yaranır, zamanın sınağından üzüağ çıxacaq kitablar yazılır.
– Natiq bəy, siz daha çox yazıçısınız, yoxsa jurnalist?
– İkisi də təxminən eyni şeydir, sadəcə, rakurs və alətlər bir az başqadır. Amma jurnalistika ədəbiyyatdan fərqli olaraq, yumşaq desəm, insafsız sənətdir, adamı istənilən vaxt yarı yolda qoya bilər. Ədəbiyyat isə adamın öz seçimidir, ürəyinin sakit olduğu, özünü rahat hiss elədiyi ayrıca planetdir.
– Jurnalistikanın insafsızlığını nədə görürsünüz ki?
– Jurnalist 40 yaşını keçəndən sonra onun normal məvacibli iş tapmaq imkanları azalır, heç kimə 50 yaşlı reportyor gərək deyil. Müdrik qocalar layiqli qonorar müqabilində qəzetlərdə yalnız köşə yazmağa yarayır. Jurnalistika gənclərin meydanıdır və redaktorun xarakteri, kollektivin ruhuyla bağlı sənətdir. Hərdən düşünürəm ki, təqaüd yaşına çatmış və hətta yaşı doxsanı haqlayan adamlar jurnalistikada nə gəzir? Onların qəzetini korrektordan başqa kimsə oxuyurmu? Tam səmimi deyirəm ki, elə qəzetlər var ki, çoxdan bağlanıblar, amma onlara elə gəlir ki, hələ də qəzet buraxırlar. Elə adamlar var ki, peşələri jurnalistdir, amma gördükləri işin jurnalistikayla heç bir bağlılığı yoxdur.
– Bəs qəzet sizin üçün nə deməkdir?
– Azərbaycanda qəzet onun yaradıcıları üçün nə demək idisə, mənim üçün də həmin şeydir. Qəzet bizdə heç vaxt sözün tam mənasında informasiya vasitəsi olmayıb, insanlar həmişə informasiyanı başqa mənbələrdən alıblar, qəzet ideyalar meydanı, xəbər yox, fikir daşıyıcısı olub. Sizə iki müşahidəmi danışım: yəqin, görmüş olarsınız, şəhərimizdə yaşıl köşklər axşam saatlarında bağlananda qəzetlər olan vitrinlərini açıq saxlayırlar. Bir nəfər əlini uzadıb səhərə kimi açıq qalan vitrinlərdən qəzet götürmür, elə bil, qəzet oxuyana söyüş qoyublar. Bir dəfə yağışlı hava idi, metro stansiyalarının birinin qabağında gördüm ki, köşkün vitrini açıqdır, dayanıb baxdım, adamlar islana-islana sürətlə onun yanından ötüb keçirdilər və bir nəfər əlini atıb bircə dənə qəzet götürüb heç olmasa başına tutmadı ki, islanmasın. İndi ikinci müşahidəm: Moskvada, Peterburqda stansiyaların girişində metro qəzetləri qoyurlar, adamlar onu götürür, yol boyu oxuyur və düşdüyü stansiyada isə yerinə qoyub gedirlər. Axı niyə belə olsun? Çünki Rusiyada qəzet yarananda çox bahalı, az qala, əntiq əşya kimi idi, rusun ilk qəzetinin baş redaktoru Birinci Pyoturun özü idi. Orada yalnız imperatora pulsuz qəzet verirdilər. Bizdə qəzet yarananda kütlə onun məğzini tuta bilməyib. “Molla Nəsrəddin”in, “İrşad”ın hər ilin yanvarında necə abunə kampaniyası apardığını danışsam, adamın gözü yaşarar. Bizim qəzet yaradan mədəni elitamızı repressiya illərində məhv elədilər, kütlə isə yerində qaldı. Bax indi Moskvada metroda qəzet oxuyan adamlar imperatorun baş redaktor olduğu nəşri oxumağı özünə borc bilən nəslin davamçılarıdır, bizdə qəzetdən heç olmasa çətir kimi istifadə eləməyi ağlından keçirməyən insanlar isə yüz il bundan qabaq yalnız güzəranını düşünən adamların varisləridir. Bizim mətbuatımızın baniləri üçün də, elə mənim üçün qəzet həmişə arzu olub.
– Nəyi yaza bilməmisiniz?
– Məqalə kimi o qədər yazmadığım və ya yaza bilmədiyim mövzular var ki. Bədii mətndə isə belə deyil, bayaq dediyim kimi rakurs və alətlər fərqlənir. İki iri həcmli əsərimi qurtarmışam, biri anti-utopyadır, digəri isə siyasi motivlidir, tarixi mövzuda işlənib. Son vaxtlar absurd teatrı marağımı cəlb etdiyindən onun nəzəriyyəsiylə məşğul oldum, absurd estetikasında bir pyes yazmışam. Həmişə mənə elə gəlib ki, romanımda, hekayələrimdə nəsə publisistika elementləri mane olur, hətta obrazların dilinə, düşüncəsinə də təsir edir. Bu vərdişdən canımı qurtarmaq üçün bütün publisistik imkanlarımı toparlayıb anti-utopik mətn yazdım, ayrıca kitab kimi də nəşr elətdirmək olar, hələ ki, tələsmirəm.
– Bəs tarixi mövzuda yazdığınız əsər nə haqdadır? Niyə tarixə müraciət etdiniz?
– Heç vaxt tarixi mövzuda yazmaq planım olmayıb, baxmayaraq ki, özüm tarix üzrə fəlsəfə doktoruyam. Tarixi fakta, şəxsiyyətin ömür yoluna və həmin mühitin incəliklərinə yaxşı bələd olmaq azdır, gərək onları keçmişin koloritini saxlamaqla canlandıra biləsən. Bizim ən yaxşı romanlarımız tarixi mövzudadır. Son zamanlar da, yaddaş, şəxsiyyətlərin həyatı və sairə bu səpkili maraqlı əsərlər yaranır. Mən isə şəxsiyyətdən yox, millətin taleyini təyin edən, məfkurəsindən qırmızı xətt kimi keçən prosesdən yazmışam. İcazə verin, əsərin janrı, üslubu və digər detalları barədə danışmayım. Güman edirəm ki, mətn işıq üzü görəndə onun məzmununu düzgün başa düşərlər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org