İlin bele bir gunu de var…

08:45 – xeber – Doğrusu, belə günün olduğunu heç bilmirdim. Bəli, bu həftə, daha doğrusu, martın 3-də ümumdünya yazıçılar günü qeyd olundu. Bəli, bir daha deyirəm ki, əvvəl belə günün olduğunu heç təsəvvür də etmirdim.
 
Nədən o mənim diqqətimi özünə çəkdi? Rusların bir deyimi var. Onu elə olduğu kimi qeyd edəcəm: “Poet v Rossii bolşe, çem poet…”
 
Hər dəfə bu deyimin mahiyyətinə varmaq istəyirəm. Uzun çək-çevirdən sonra düşünürəm ki, bu, təkcə Rusiyada belə deyil. Çox yerlərdə yazıçıdan, şairdən, sadəcə, yazıçı və şair olmaqdan daha çox şey umulur.
 
Ola bilsin, bununla razılaşmayacaqlar. Bəlkə də kimsə bunun fərqində deyil, kimsə özünü reallığın və zamanın fövqündə görür, amma bu, nəyisə dəyişmir, bir daha deyirəm ki, biz yazıçılardan, şairlərdən umuruq.
 
Azərbaycanda iki cür yazar var. Özünü yazıçı hesab edənlər, bir də yazıçı kimi qəbul olunanlar. Razıyam, qəbul olunmaq bir az qəliz məsələdir və o daha çox mövcud reallıqlarla bağlıdır, o haqda söhbət gedəndə ilk yada düşən şey mövcud konyunktura olur.
 
Amma bu amil çox mühüm olsa da, hər halda, həlledici də deyil. Əsas odur ki, yazıçı olasan və əsas da odur ki, yaxşı yazasan.
 
Ədəbi nəsillər məsələsi həmişə çox qəliz olub. Bir az öncə yazarlardan umduğumuzu desəm də, hər nəsildən böyük ədəbiyyat ummaq olmur. Böyük ədəbiyyat sifarişlə yaranmır.
 
Əgər “xronoloji pilləkən” qursaq, buna daha yaxşı əmin olarıq – Dante, Servantes, Şekspir və Höte kimi yazarların arasında bəzən yüz illərlə ölçülən fasilələr, zaman intervalları olub.  
 
Biz isə böyük ədəbiyyatı iyirmi, hətta on ilə sığışdırmaq istəyirik. Təbii ki, bu səbəbdən də diskomfort yaranır – bir də görürsən ki, kimsə vay-şivən qaldırır ki, bəs qoymayın, ədəbiyyatımız əldən getdi!
 
Amma əsil ədəbiyyat heç vaxt “əldən getmir”, ən azı ona görə ki, o, həm də əbədiyyət sözü ilə səsləşir.
 
Bəziləri gerçəkliyə münasibətini ondan qaçmaqla ifadə edir. Deyirlər ki, Azərbaycan kanallarına baxmıram və ya Azərbaycan yazarlarını oxumuram. Mən bunu deyə bilmirəm – kanallara da baxıram, bizim yazarları oxumağa da çalışıram.
 
Başqa necə ola bilər ki? Nə qədər kosmopolit olsaq da, harada olduğumuzu və kim olduğumuzu tamam-kamal unuda bilmərik.
 
Bir az əvvəldə ədəbi nəsillər məsələsinə toxundum. Mənim üçün yetmişinci və hətta heç vaxt unudulmayacaq altımışıncı illərin nəsli də elə fövqəlmaraq kəsb etmir.
 
Amma bizim nəsil haqda bunu deyə bilmirəm. Ən azı ona görə ki, bu nəsli digərlərindən daha yaxşı tanıyıram, onlar haradasa elə biz özümüzük. Həm də ona görə ki, bu nəsil böyük hadisələrin şahidi oldu. Siyasi sistem dəyişdi. İqtisadi model təzələndi. Ölkə tamam müstəqil oldu. Əvvəlki dövrlərlə müqayisədə yaradıcılıq və ya yaradıcı söz azadlığı bir xeyli genişləndi. Bütün bunların ədəbiyyatda ifadəsini görmək maraqlı olardı.
 
Yox, bunu “plakat ədəbiyyatı”na çağırış kimi qəbul etməyin. Qətiyyən o mənada demədik. Sadəcə, maraqlıdır, görən, bu ölkədə ədəbiyyat necə yaranır? Maraqlıdır ki, sifarişsiz ədəbiyyat necə olur?
 
Həm də ədəbiyyat böyük məsələdi. Təbii ki, keçmişlərdə olduğu kimi, onun tərbiyə etdiyini və insanı dəyişdiyini güman etmirik.
 
Fəqət burada azacıq düşünməli olursan. Bu yaxınlarda bir rus filminə baxırdım. Qəhrəmanlardan biri deyir ki, rus ədəbiyyatına nifrət edirəm, ona görə ki, o, bizə yalnız kiməsə və nəyəsə qarşı olmağı öyrədib!
 
Həqiqətən də böyük ittihamdır. Mən doğrusu, təsəvvür də edə bilmirəm ki, bu gün Rusiyadan onun böyük ədəbiyyatını qoparsan nə qalar?
 
Amma məsələ bunda da deyil. Ondadır ki, nə qədər desək də, inkar etsək də, ədəbiyyat həqiqətən də öyrədir. Özü də əməlli-başlı öyrədir!
 
Düzdür, bir dəfə İranın dini lideri Ə.Xameneinin hansı yazıçıları sevdiyi haqda yazılmışdı. Əsasən də V.Hüqonun və bir də M.Şoloxovun adı çəkilirdi.
 
Bəlkə də təkcə bu fakt yetərlidir ki, ədəbiyyatın son nəticədə heç kimi və heç nəyi dəyişmədiyini birdəfəlik qəbul edəsən.
 
Bəli, ən yaxşı halda biz Jan Valjanı və ya yepiskopu sevirik, amma heç vaxt onlar kimi olmağı düşünmürük. Və yaxud da Şoloxovun ardınca onun qəhrəmanlarının acı iztirablarını duyur, amma həmin o iztirabları azaltmağın yolları haqda fikirləşmirik. Lakin yenə də hesab edirəm ki, bizi dəyişə bilməsə də, hər halda, böyük ədəbiyyat bizi düşündürür, ürəklərimizdə hansısa izlər buraxır. Ən başlıcası da odur ki, böyük ədəbiyyat bizimlə yaşayır, nəfəs alır.
 
Çoxu “sosial ədəbiyyat” deyilən şeyi sevmir. Təbii ki, sosial ədəbiyyat deyimi də bir şərtilkidir. Əsil ədəbiyyat sözsüz ki, “izm”ləri sevmir. Onlardan çox-çox yüksəklərdə dayanır.
 
Həm də bilirsiniz, daha maraqlı olan nədir? Nobel mükafatı veriləndə mükafatın verilməsinin şərtləri bir-iki cümlə ilə açıqlanır. Şoloxovla bağlı bir-iki söz  yadımda qalıb. Yazmışdılar ki, yazar böyük rus romanının ənənələrinə sadiq qalaraq kazakların həyatını göstərib.
 
Bəli, yaddaşım aldatmırsa, məhz belə idi və bu bir-iki söz böyük ədəbiyyatın missiyasını yetərincə cızır – insanları və həyatı göstərmək.
 
Situasiyalar, şərait, çərçivələr, sosial-siyasi gerçəkiliklər müxtəlif ola bilər. Əsas odur, belə müxtəlif gerçəkliklərin fonunda insanı və həyatı göstərə biləsən. Bəlkə məhz buna görə M.Bulqakov və yaxud da A.Platonov bu gün də oxunur? Elə bu həftə, dünya yazıçılar gününə təsadüf olunan həftə də bizə yalnız həmin o səbəbdən maraqlı göründü – bir daha insanları və həyatı göstərən aynaya boylanmaq və o aynadan dünyaya baxmaq istədik…

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org