13:27 – xeber – Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət gerbinə qarşı təhqiredici hərəkətlər nəzərdə tutulsa da, Dövlət himinin təhqir edilməsinə qarşı müddəa nəzərdə tutulmayıb.
Bu sözləri tanınmış hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“Hesab edirəm ki, Cinayət Məcəlləsinə dövlət himninin təhqir edilməsi də əlavə edilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən isə yalnız qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsi cinayət sayılır. Bu səbəbdən dövlət himnini təhqir və ya təhrif etmiş şəxslərə hər hansı cəza tətbiq edilə bilməz”.
Qeyd edək ki, dünya ölkələrində dövlət atributları ilə bağlı xüsusi toxunulmazlıq mövcuddur. Xarici ölkələrin Konstitusiyasında dövlət himni, gerbi və bayrağı haqda Cinayət Məcəlləsində əks olunan müddəalar yer alır. İstənilən şəxs kimliyindən asılı olmayaraq dövlət atributlarını təhqir və ya təhrif edə bilməz. Bununla bağlı bir çox ölkələrdə Cinayət Məcəlləsinə görə müəyyən cəzalar tətbiq edilir.