Heyder Eliyevin Şevardnadzeye mohtesem –


[r32]
– xeber –
Məlumdur ki, mərhum prezident Heydər Əliyevin yazarlarla çox sıx əlaqəsi olub. Onu tanıyan, onunla həmsöhbət olan hər bir yazarın mərhum prezidentlə bağlı xoş xatirələri var.
“Şərəf” ordenli yazıçı, Gürcüstan Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü İmir Məmmədli ilə bu günlərdə yenidən həmsöhbət olduq.
O, Heydər Əliyev və Gürcüstan Prezidenti Eduar Şevardnadze ilə bağlı xatirələrini Kult.az-a danışdı:
– İmir müəllim, müsahibələrinizdə yaxından tanıdığınız, illərlə komandasında çalışdığınız Eduard Şevardnadzedən həvəslə bəhs edirsiniz. Həmin illərdə Heydər Əliyevlə də dəfələrlə görüşmüsünüz. Bizim bu barədə yığcam bir söhbətimiz olub. Amma etiraf edək ki, bizim üçün Şevardnadze fenomeni nə qədər maraqlı olsa da, Ümummilli liderimiz Heydər Əliyev fenomeni daha maraqlıdır. Xahiş edirəm, bu barədə xatirələrinizi bölüşəsiniz.
– Əvvəlcə onu deyim ki, bu iki dahi şəxsiyyətlə tanışlıq, onların başçılığı ilə müstəqilliyimizin bərpa edilməsinin və dövlət quruculuğunun bilavasitə şahidi olmaq böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyev 20-ci əsrin ən parlaq siyasətçilərindən idi. Onunla olan görüşlər hesab edirəm ki, həyatımın ən şərəfli məqamlarındandır. Şevardnadze onunla dostluğundan həmişə fəxarət hissi ilə danışardı. Heydər Əliyevi özünə böyük dost bilirdi, deyirdi, çətin anlarda həmişə onunla məsləhətləşmişəm. Böyük İpək Yolunun bərpası, Əsrin müqaviləsi, Qafqazda sülh və sair nəhəng layihələr məhz Ulu öndərin adıyla bağlıdır. Belə bir şəxsiyyətlə tanışlığımdan necə qürurlanmayım!
Mən onunla da fəxr edirəm ki, Şota Rustavelinin bilavasitə orijinaldan tərcümə etdiyim “Pələng dərili cəngavər” poeması möhtərəm Heydər Əliyevin və Eduard Şevardnadzenin müqəddimələri ilə açılır.
– Görüşlərinizin çox olması məlumdur. Deyin, ən çox yadınızda qalan görüş hansı olub?
– Yadda qalan hadisələr çoxdur. Qoy bir neçəsini danışım. Yadınızdadırsa, 2000-ci ildə Ulu öndərimizin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlıların I qurultayı keçirildi. Bütün dünya ölkələrindən diaspor nümayəndələri Bakıya axışdılar. Xoşbəxtlikdən mən də həmin qurultayın nümayəndə heyətinin tərkibində idim, sonradan İdarə Heyətinə də seçildim. Qurultay yekunlaşandan sonra Azərbaycan prezidentinin adından qonaqlara ziyafət verildi. Həmin tədbirdə Ulu öndərimiz tarixi söz söylədi. O, üzünü salondakılara tutub dedi: “Siz dünyanın müxtəlif ölkələrindən gəlmisiniz. Həmin ölkələr çox inkişaf etmiş də ola bilər, son dərəcə firavan da. Ancaq həmin ölkələrdə ayağınız altındakı torpaq Azərbaycan torpağı kimi etibarlı ola bilməz, çünki bu, sizin hər biriniz üçün vətən torpağıdır”.
– Nə gözəl deyib, bu doğurdan da belədir…
– Siz onu gürcüstanlı dostu və həmkarı Eduard Şevardnadze ilə müqayisəli şəkildə xatırladınız. Dediniz öndərimiz bizim üçün daha maraqlıdır. Əlbəttə, bu belədir. Amma onun mən müşahidə etdiyim bir xüsusiyətini vurğulayım: Heydər Əliyevin ən əziz dostu həqiqət idi. Bir dəfə, görüşlərin birində Şevardnadze üzündə xoş təbəssüm Heydər Əliyevə dedi ki, sizdən bizə neft axırsa, bizdən də sizə su-çay axır. O, Kür çayını nəzərdə tuturdu. Aradakı mehriban münasibətə rəğmən, Ulu öndər onun cavabında söylədi: “İcazə ver, sənin bu fikrinlə razılaşmayım. Neft bir türk dövlətindən (yəni Azərbaycandan) baş alıb sizin ölkənizdən keçməklə bir başqa türk dövlətinə (Türkiyəyə) axır; Kür çayı da həmçinin, başlanğıcını o başdakı türk məmləkətindən alır, sizin ərazinizdən keçərək başqa bir türk ölkəsində dənizə qovuşur. Belə ki, siz hər iki halda tranzit ərazisiniz. Buna görə də sağ olun.
– Rəhmətlik prezidentimiz, əlbəttə, hazırcavab idi. Həm də dərin məna var bu dediklərində.
– Elədir. Bir dəfə, hər iki ölkənin nümayəndə heyətinin üzvləri Bakıda Opera və Balet Teatrında prezidentlərin yolunu gözləyirdik. Onlar prezident iqamətgahında görüşdükdən sonra Opera və Balet Teatrında baş tutacaq tədbirə qatılmaq üçün bura gəlməli idilər. Birdən teatrın qapısı açıldı və Azərbaycanın o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu daxil oldu. Polad müəllim Aparatdakı görüşdən gəlirdi. O, məni görcək dedi: “Möhtərəm prezident Eduard Sevardnadzedən səni soruşdu”.
– Sizi Eduard Şevardnadzedən soruşub?
– Bəli, prezident onu qarşılayarkən soruşub. Əminliklə deyə bilərəm ki, dünyamiqyaslı siyasətçi Gürcüstanda yaşayan bir azərbaycanlı yazıçını görmək arzusu ilə soruşmayıb. Ulu öndər çox incə siyasətçi idi, sadəcə, məni soruşmaqla həmkarına işarə edib ki, Gürcüstanda yaşayan hər bir soydaşım mənim üçün əzizdir. Buna bənzər bir əhvalat Tiflisdə də baş vermişdi: Cənab Heydər Əliyev qeyri-rəsmi səfərlə Eduard Şevardnadzenin yubileyində iştirak etmək üçün Tiflisə təşrif gətirmişdi. Mən də orda idim. Hər ehtimala qarşı özümü toparlamışdım ki, tərcümə lazım olsa, layiqincə edim. Ulu öndər bunu duymuşdu. Vaxt az idi, Azərbaycan nümayəndə heyəti həmin gün vətənə qayıtmalı idi. Odur ki, Ulu öndər üzünü tədbir iştirakçılarına tutub dedi: “İmir Məmmədliyə böyük hörmətimə rəğmən, belə qərara gəldim ki, vaxta qənaət etmək məqsədi ilə rus dilində danışım…” Onun, “İmir Məmmədliyə böyük hörmətimə rəğmən” kəlməsi də nəvaziş xətrinə deyilməmişdi. Ulu öndər bu kəlməsi ilə qonşu dövlətin məmurlarına deyirdi ki, sizinlə çiyin-çiyinə işləyən soydaşım mənim diqqət mərkəzimdədir… Belə əzəmətli şəxsiyyət tərəfindən deyilən bu sözlər isə arif insanlar üçün hər şey demək idi.
– Siz həmin illərdə Gürcüstan prezidentinin müşaviri olmusunuz…
– Çox adam elə bilir ki, mən Eduard Şevardnadzenin tərcüməçisi olmuşam. Tərcüməçisi deyil, müşaviri idim. Əlbəttə, lazım gəldikcə onun şifahi çıxışlarını canlı tərcümə də etmişəm. Tərcümədən söz düşmüşkən, doxsanıncı illərin sonu olardı, Ulu öndərimiz Gürcüstanda rəsmi səfərdə idi. Gürcüstan parlamentində çıxış etməli idi. Niyəsə onun şəxsi tərcüməçisi gecikmişdi. Gəlib ona məlumat verdilər ki, tərcüməçi gəlib çıxdı. Prezident təəccüblə soruşdu: “İmir Məmmədli burda deyil ki?” Dedilər, burdadır, ancaq sizin öz tərcüməçiniz gəldi, İmir Məmmədliyə ehtiyac qalmadı. Onda Heydər Əliyev dönüb dedi: “Mən istəyirəm, Gürcüstan parlamentarilərinin qarşısındakı çıxışımı İmir Məmmədli tərcümə etsin, çünki mən fikir vermişəm, o, adamın hiss və emosiyalarını da tərcümə edir. Sözsüz ki, Ulu öndərin bu sözləri məni çox ruhlandırdı və mən onun həmin çıxışını canlı olaraq ruh yüksəkliyi ilə tərcümə etdim.
– Eduard Şevardnadze, siz də dediyiniz kimi, Heydər Əliyevin yaxın dostu və silahdaşı idi. Bu fakt gürcüstanlı soydaşlarımızın həyatında öz əksini tapırdımı?
– Şevardnadze söhbət zamanı dəfələrlə vurğulayıb ki, Heydər Əliyevi siyasət aləmində özünə örnək bilir. Mənə belə gəlir ki, bu iki böyük şəxsiyyətin qarşılıqlı münasibəti və Şevardnadzenin Ulu öndərə olan rəğbəti onun bütün azərbaycanlılara münasibətinin formalaşmasında son dərəcə böyük rol oynamışdı.
– Özünüzlə bağlı da olsa, konkret fakt deyə bilərsinizmi?
– Qoy elə özümlə dağlı deyim ki, lap inandırıcı olsun. Sözsüz ki, Eduard Şevardnadzenin mənə – bir azərbaycanlı yazarına olan xoş münasibəti danılmazdır. Buna rəğmən, görünür, hərdən bir ciddi dəstəyə də ehtiyac yaranır. Şevardnadzenin Bakıya rəsmi səfərlərindən birində Gürcüstanın rəsmi nümayəndə heyəti ilə görüşən Ümummilli lider Heydər Əliyev mənim də əlimi sıxarkən dönüb Şevardnadzedən soruşdu: “Əmirə, yəni İmirə Əmirlik verməyin vaxtı çatmayıbmı?”
Şevardnadze onun cavabında dedi ki, mən də bu barədə düşünürəm, güman ki, yaxın vaxtlarda həll olunacaq. Bu söhbətdən sonra çox çəkmədi, Şevardnadze məni Gürcüstan Prezident Xidmətinin rəis müavini vəzifəsinə təyin etdi.
– Çox maraqlı faktlardan bəhs edirsiniz. Xoşbəxtsiniz ki, belə bir dahi insanın diqqət mərkəzində olmusunuz…
– Bu barədə bəxtim gətirib. Mən dünyada, bəlkə də yeganə yazıçıyam ki, üç prezidentlə birlikdə nahar etmişəm. Bu, belə baş verib. Bakıda mühüm tədbir keçirilirdi, buna görə də Gürcüstan prezidentinin rəsmi səfəri Türkiyənin o zamankı prezidenti Əhməd Necdət Sezərlə üst-üstə düşmüşdü. Nahar zamanı belə qərara gəldilər ki, hər üç prezidentin arasında dil ünsiyyəti yarada biləcək bir nəfər də onlarla birlikdə olsun. Məsələ burasındadır ki, Sezərlə Şevardnadzenin arasında tərcüməçiyə ehtiyac var idi. Belə ki, bu missiya mənim öhdəmə düşdü və prezidentlərlə birlikdə nahar etməli oldum. Həmin məclisdə mənim üçün son dərəcə xoş oldu ki, ulu öndərimiz məni Əhməd Necdət Sezərə təqdim etdi və timsalımda Türkiyə prezidentinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar barədə dolğun məlumat verdi.
– Sonuncu dəfə Ulu öndəri nə vaxt görmüsünüz?
– O zaman artıq Gürcüstanda dövlət çevrilişi olmuşdu. Gürcüstanın sabiq parlament spikeri Nino Burcanadzenin başçılığı ilə ulu öndərin – Allah ona rəhmət eləsin – dəfn mərasiminə gəldik. Mərasim Respublika sarayında – indiki Heydər Əliyev adına sarayda keçirilirdi. Dərin hüzun içində olan bütün azərbaycanlılar axışıb gəlmişdilər ki, öz liderləri ilə vidalaşsın. Adamların ardı-arası kəsilmirdi. Mən zalda oturmuşdum və öz-özümə düşünürdüm, ilahi, görəsən, kimin halı daha kədərlidir, gözüyaşlı soydaşları hamılıqla gəlib öz sevimli liderləri ilə vidalaşan mərhum Heydər Əliyev, yoxsa həmin zalda ikinci sırada oturan, devrilmiş Eduard Şevardnadze?
– Son olaraq nə demək istərdiniz?
– Bir dəfə görüşlərin birində ulu öndər belə bir əhvalat danışdı: O, Moskvada istefaya gedəndən sonra axşamlar çıxar, qaldıqları evin yaxınlığındakı bağda gəzərmiş. Belə axşamların birində görür ki, qarayanız bir oğlan bağda onu addımbaaddım izləyir. O düşünür, bu təxribat planı ola bilər, yəqin, rəqiblərim belə qərara gəliblər ki, məni öz soydaşımın əli ilə aradan götürsünlər. Məlum məsələdir ki, Ulu öndər həddindən artıq cəsur bir şəxsiyyət idi. O, ölümün gözünə baxırmış kimi, həmin oğlana üz tutub yanına çağırıb. Oğlan onun yanına gələndə soruşub: “A bala, kimsən, bu parkda nə gəzirsən?” Oğlan onun cavabında deyib: “Möhtərəm Heydər Əlirza oğlu, mən Borçalıdanam, gəldim ki, deyim, bu çətin günlərinizdə bütün Borçalı camaatı sizinlədir”. Ulu öndər həmin əhvalatı xatırlayandan sonra əlavə etdi ki, heyf, mən onun adını, soyadını soruşmadım…
Mən isə söhbətimizə son olaraq deyərdim ki, həmin oğlanın adını, soyadını soruşmağa ehtiyac yoxdur, o, istənilən Borçalı azərbaycanlısı ola bilərdi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org