Haci dayidan tarix dersi – Mugan

22:20 – xeber – Doğulduğum, boya-başa çatdığım bölgə Muğan torpağıdır. Uşaqlıq yaddaşımda sarı kəhraba zəmiləri, ağ pambıqlı tarlaları və üzüm plantasiyaları qalıb. Yayın istisində, qışın nəm və sərt havasında bərkimişəm, böyümüşəm və bu bölgə haqda xeyli yazılar, şeirlər, povest və hekayələr oxumuşam.
 
Süleyman Rəhimov, Mirzə İbrahimov, Əbülhəsən Ələkbərzadə, Mir Cəlal Paşayev kimi yazıçılarımızın əsərlərində Muğan-Mil düzü haqda geniş bilgiyə təsadüf etmişəm. Bu yerlərin zəhmətkeş insanlarının əmək qəhrəmanlarının tərənnümünü görmüşəm.
 
Bundan əlavə olaraq, Muğan haqda çoxlu deyimlər, bayatılar, əfsanələr, əsatirlər və həqiqətlər mövcuddur.
 
Muğan Muğan olsa biri üç eylər
Muğan tufan olsa, üçü heç eylər…
 
Bu deyim də xalqın ağız ədəbiyyatından böyük Səməd Vurğunun “Muğan” poemasına keçid edib. Şair adı çəkilən poemasında gördüklərini, eşitdiklərini misralara hopdurub, bu günün oxucusuna, sabahın vətəndaşına Muğan haqda informasiya verib. 
 
Musiqilərdə, nəğmələrdə vəsf olunub bu bərəkətli yerlər.“Bol-bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü” deyilib Azərbaycanımızın bu yerlərinə.
 
Bu mahnılar, şeirlər, yazılan və yazılacaq əsərlər bu yerlərin təbiətin necə bir qovşağında olmasından da xəbər verir…
 
Bir sözlə, Muğan düzü həmişə özünün boy verən boz düzənləri, ağ çalmalı pambıq tarlaları, yaşıl qırçınlı donu xatırladan bərəkətli zəmiləri ilə göz oxşayıb, yaradıcı insanımızın ilham pərisinin diri olmasına əsas verib.

Tarixi araşdırmalar aparan alimlərimiz bu yerlərin zəngin tarixi keçmişindən bəhs edən elmi məqalələr yazıb.
 
Eramızdan qabaqkı minilliklərdən sorağı Azərbaycanımızın bu guşəsi bu gün də bir çox elmi araşdırmaların mənbəyi olaraq qalır. Jurnalist olaraq Muğan-Mil düzünün bir çox yaşayış məskənlərində olmuşam. Mütəmadi olaraq yazılar yazıb, reportajlar hazırlamışam.
 
Elə bu günlərdə xoş bir təsadüf mənim bir neçə saatlıq Saatlıya apardı. Əsgərlərimizlə görüşdən qayıdarkən yolüstü yorğunluğumu çıxarmaq üçün Saatlı şəhərinin girişindəki “Sərin” restoranında əylənməli oldum. Günəş necə yaxsa da, “Sərin”dəki havasat bir o qədər xoş idi. Cəmi iki addımlıqda sanki təbiət özünün başqa bir mövsümünü yaşayırdı. Ağacların sıx yarpaqları özlərini Günəşin yandırıcı şüalarına sipər etmişdi, yaxınlıqdan axan kanaldan çəkilən arxın suyu ağacların başına dolanırmış kimi axır və ətrafa dağ havasının sərinliyini çiləyirdi.  

Qonşu masalarda oturan insanlara fikir verirəm. Yaxınlıqdakı masada ahıl bir kişi oturub, ağayana görünüşü var.
 
Baxışlarımız toqquşur, gülümsəyir. Bir-birimizi ilk dəfə görsək də, salamlaşmağı haqq edirik, ağsaqqalı masama, çaya dəvət edirəm, “sən cavansan, dur keç bura, – deyir, – həm də yol adamısan, bu tərəflərin qonağı ol”. Mənə xoş olan o oldu ki, ağsaqqal “qonağım ol”, demədi, “bu tərəflərin qonağı ol”, deyə lütf etdi.
 
Tanış oluruq, jurnalist olduğumu bildirib, adımı deyirəm. O da özünü təqdim edir qısaca:
 
– Mən də Hacıyam.

– Bu tituldur, yoxsa şəxsiyyət vəsiqənizdə belə yazılıb?
 
– Elə hər ikisi, – deyir. Haralı olduğumu soruşur.
 
Deyirəm. Hacı kişi cəlilabadlı olduğumu biləndə, vaxtı ilə Cəlilabadın İranla sərhəd kəndlərindən də insanların bura köçürüldüyünü deyir. Sonra da əlavə edir ki, Saatlıya Ermənistandan, Qarabağdan və digər rayonlardan da köçürülənlər var. Gürcüstanda, Özbəkistanda yaşayan Ahıska türklərinin də bir vaxtlar Saatlıya köçürüldüyünü, burada qərib olsalar da, doğma insanlar kimi yaşamalarından danışır.
 
– Uyğunlaşmaqları heç də asan olmadı. Aran rayonudur, yayını görürsən, qarşıda hələ iyul, avqust, sentyabr var… Payızın axırları, qış soyuq olur, yağışlı, palçıqlı olur bu tərəflər. İndilərə baxma ha, əvvəllər ilanmələyən yerlər olub, otları olub ki, quraqlıqdan zəhər kimi acı olub, mal-qaranı zəhərləyib, indi suyumuz, arxlarımız var, otaqlarımız, biçənəklərimiz sulanır.
 
Hacı danışdıqca onun yaşadığı rayonla bağlı geniş məlumatlı olması üzə çıxır. Həm də təəssübkeşdir. Mənim jurnalist olmağım onun ürəyinin bir az da açılmasına səbəb olur.
 
– Bəs bizim deputatımız elə sizin müdirinizdir də…
 
Mətbuat Şurasının sədri Əflatun Amaşovu nəzərdə tutur və haqqında xoş sözlər deyir.

– Bu o birilər kimi deyil, görünür, gəlib-gedir. Ona ağız açanlar, problemlərini bildirənlər narazı qalmır.
 
Hacı yenə də söhbətini rayonları haqda mövzunun üstünə gətirir, bildiklərimin üstünə əlavələr edirəm. Muğanın şimalda Şirvan, Qərbdə Qarabağ, cənubdan isə Cənubi Azərbaycanla sərhəddə yerləşməsindən danışır. Məhsuldar torpağı olan Muğan düzündən bəhs edir, bu yerlərin əkinçilik və maldarlıq üçün yararlı olmasını vurğulayır. Deyir ki, hələ qədim dövrlərdən burada insanlar əməyin bu növü ilə məşğul olublar.  Diqqət kəsildiyimi görüb, Azərbaycanın hər iki nəhəng çayının – Araz və Kürün bölgənin ərazisindən keçməsinin əkinçiliyin inkişafına səbəb olmasından danışır. Qeyd edir ki, qədimdə də, sonralar da, elə indi də hər iki çaydan çəkilən arxların köməyi ilə süni suvarma sistemləri yaradılıb.
 
Rayonda Sovetlər dönəmində pambıqçılığın geniş yayıldığını desə də, əlavə edir ki, bu sahə rayonun ərazisində bir neçə əsr bundan qabaqdan mövcud idi. Suvarma işlərinin, arxların çəkilməsinin, süni göllərin yaradılmasının o vaxtlara təsadüf etdiyini də deyir, əlavə edir ki, qədim arx izləri indi də Muğanın bəzi yerlərində qorunub saxlanılır.
 
Govurarx adlanan qədim suvarma arxlarının o zamanlar tez-tez dağıdıldığını deyən el ağsaqqalı tarixin qat basmış səhifələrini də  vərəqləyir. Məlumum olur ki, hələ XIII əsrin əvvələrində Çingiz xanın hərbi qüvvələri Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıdıbmış. Lakin 1368-cı ildə Əmir Teymur dağılmış sistemi bərpa etdirib.
 
Hacı kişi imkan tapıb özü və nəsli haqda da məlumat verir:
 
– Mən yeddi arxadönənimi tanıyıram. Özümüz Şahsevən tayfasındanıq. Əvvələr daha çox olublar, indi tayfalar qaynayıb qarışıb bir-birinə.
 
Mənim yol adamı olduğumu, yorğunluğumun yoxa çıxmasını hiss edir, ayağa qalxır:
 
– Dur gedək, narahat olma, yeməyimizin, içməyimizin pulu ödənilib, – deyir.
 
Mənim duruxduğumu görüb, əlavə edir ki, nəvəm dostları ilə kənardakı masada oturmuşdu, duranda hesabı ödəyiblər. Hacı kişi ilə sağollaşmazdan öncə Saatlı rayon mərkəzində gəzişirik. Yeni tikilmiş və restavrasiya olunmuş binaları, asfalt döşənmiş yolları göstərir:
 
– İndi demək olar ki, bütün kəndlərimizin yolları belədir. Rayonun qazla təmin olunması, elektrik enerjisinin fasiləsiz verilməsi müstəqilliyimizin son illərində daha da yüksək temp alıb. Rəhbər vəzifələrdəkilərin əksəriyyəti yerli kadrlardır, torpağa, əməyə bağlı adamlardır.
 
Rayon İcra Hakimiyyəti başçısından, ayrı-ayrı idarə-müəssisə rəhbərlərinin işindən də bəhs edir:
 
 – Öz işlərinin öhdəsindən gəlirlər, ölkə başçısının tövsiyələrini, tapşırıqlarını həyata keçirirlər, – deyir.
 
Nə qədər müasir olsa da, keçmişini, adət-ənənəsini qoruyub saxlayan Saatlı camaatından yorulmadan bəhs edən həmsöhbətim fasilələrlə yenə də keçmişə qayıdır:
 
– Rayonumuzda qədim dövrlərə aid yaşayış məskənlərinin olmasını kim bilmir ki? Deyim, sən də bil, – deyə, ərklə dirsəyimə toxunur. – Kəndlərimizdə II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılıb, muzeylərdə qorunur. Bu yerlərin ilk baxışdan susqun görünməsi səni çaşdırmasın ha, oğlanlarımız babalarının yolunu tutub, torpaqlarımızı qoruyublar, şəhid olublar. Bu gün də əldə silah cəbhədə olanlarımız var, yüzlərlə oğullarımız silah götürüb cəbhəyə getməyə hazırdır.
 
Hacı kişi ilə sağollaşıram. Əlimi möhkəm-möhkəm sıxır.
 
– Hacı dayı, bəs sizinlə necə görüşəcəyəm, telefonunuzu verərdiniz, – deyirəm, gülür.
 
– Burada kimə yaxınlaşsan, səni elə mənim kimi mehriban yola salar, gözü üstə yer düzəldər. Bu yurdun hər biri elə mənim kimidir. Sən gəlməyində ol…
 
Qeyd: Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı İcra Hakimiyyətinin “Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org