Fars teessubkesi, ermeni… – Deputata agir suclama

11:09 – xeber – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəflinin millət vəkili Fazil Mustafanın fikirlərinə qarşı olan məqaləsini yayıb.
 
Axar.az sözügedən məqaləni təqdim edir:
 
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə zəngin və özünə məxsus mədəniyyət və dövlətçilik ənənələri yaratmışdır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “… Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm də bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
 
Təəssüflər olsun ki, xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tapmış zəngin dövlətçilik tariximizə, görkəmli dövlət xadimlərimizə, tarixi şəxsiyyətlərimizə qara yaxmaq niyyəti güdən, tarixçilərimizi aşağılayıcı ifadələrlə təhqir etmək yolunu tutan, tarix yaddaşı kasad olan, məsuliyyət hissini itirmiş insanlar Azərbaycanda hələ də rəsmi tribunalardan, kütləvi informasiya vasitələrindən istifadə edərək xalqa tarix dərsi keçməkdədirlər. Özünü “tarixçi” kimi qələmə verən, Azərbaycan Səfəvi dövləti tarixinin bütün məsələlərinə “həvəskar” (əslində diletant) “tarixçi” mövqeyindən yanaşdığını nümayiş etdirən belə insanlardan biri də millət vəkili Fazil Mustafadır.
 
F.Mustafa “Teleqraf.com” müxbirinə 19 sentyabr tarixli müsahibəsində Azərbaycan Səfəvi dövləti tarixinin bütün məsələlərinə öz “tarixçi” baxışı ilə yanaşaraq Azərbaycan türklərinin orta çağlarda yaratdığı möhtəşəm imperiyanın qurucusu Şah İsmayıl Xətaiyə və onun ulu babalarına, bu dövlətin Azərbaycan tarixindəki roluna açıqdan-açığa qərəzli mövqe nümayiş etdirməkdən çəkinməmişdir.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2012-ci ilin dekabrında erməni təbliğatına xidmət göstərən bu cür şəxslərə ünvanlanmış “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı məqaləsində qeyd etdiyi kimi, “öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir”. Həqiqətən də, inkişaf etmiş mənlik şüuruna sahib olmayan, milli mənafe və dəyərləri lazımi səviyyədə qiymətləndirməyi bacarmayan və özünü “tarixçi” kimi təqdim edən insanlar Azərbaycan xalqının zəngin dövlətçilik tarixinə, milli mənafelərimizə hansı zərbəni vurduqlarının fərqində deyillər.
 
Bu bir həqiqətdir ki, bu gün hədəfə alınan nəsillərin və Azərbaycan dövlətçiliyinin varisliyidir. Beş minillik dövlətçilik tarixinə malik olan Azərbaycanımızın milli və dövlətçilik əsaslarının vəhdətini pozmaq, xalqımızın yaratmış olduğu bu zəngin, şərəfli tarixin üstündən xətt çəkməklə onu alt-üst etməyə çalışan qüvvələr vardır. Təəssüflər olsun ki, tariximizə bu cür hücumlar müstəqilliyimizin 25 illiyini qeyd etməyə hazırlaşdığımız bir dövrdə baş verir. Xalqın millət vəkili seçdiyi şəxsin, öz doğma xalqının tarixi şəxsiyyətlərinə, dövlətçilik ənənələrinə qara yaxmasını heç cür anlamaq mümkün deyildir.
 
Millət vəkili Fazil Mustafa öz müsahibəsində Səfəvilərin tarixi ilə bağlı məsələləri  tarixi mənbələrə, elmi ədəbiyyata istinadən təqdim etməyə lüzum görməyərək, öz duyğularına, gümanlarına, ehtimallarına əsaslanaraq xalqa çatdırmağa üstünlük vermişdir. Özünü “hər şeydən xəbəri olan tarixçi” kimi göstərən F.Mustafa Səfəvi dövləti tarixinin bütün məsələlərinə “həvəskar” “tarixçi” mövqeyindən yanaşaraq Səfəvi dövləti tarixini Azərbaycan dövlətçiliyinin “fəlakət tarixi” adlandırır. “Klerikal ruhaniyyətin başçılıq etdiyi bir məzhəb dövlətində Azərbaycan türkünün yeri harada olacaqdı?” sualını qoyan F.Mustafaya İran tarixçisi Nəsrulla Fəlsəfinin I Şah Abbasa həsr olunmuş çoxcildli əsərində Şah İsmayıl və onun yaratdığı dövlət haqqında söylədiyi fikri xatırlatmağı vacib hesab edirik. N.Fəlsəfi yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir” (Bax: O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007, s. 34). Göründüyü kimi, nüfuzlu İran tarixçisi də etiraf etməli olur ki, Şah İsmayılın yaratmış olduğu dövlət Azərbaycanın dövlət ənənələrinə əsaslanırdı, varislik hüququna ciddi əməl edilmişdi. İran mənşəyinə və dilinə xor baxılmış, türk dili geniş yayılaraq sülalənin hakimiyyətinin sonunadək saray və ədəbiyyat dili kimi öz üstünlüyünü qoruyub saxlamışdır. Səfəvi dövlətinin İran dövləti olmasının heç bir elmi əsası olmadığı xüsusi olaraq vurğulanmışdır.
 
Həqiqətən də, Şah İsmayılın yaratmış olduğu mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti tarixi ənənələr, varislik hüququ gözlənilməklə təsis edilmiş, onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu tarixi gerçəkliklər tam aydın olduğu halda, Azərbaycan dövlətçilik tarixində ən yüksək mərhələ olan Səfəvi dövlətinin tarixinə, onu yaradan və inkişaf etdirən görkəmli dövlət xadimlərimizə, tarixi şəxsiyyətlərimizə elmi əsası olmayan hədyanlar söyləmək, onları aşağılamaq ermənilərin yüz illərdir Azərbaycan əleyhinə apardığı təbliğata xidmət etmək, onların dəyirmanına su tökməkdən başqa bir şey deyildir.
 
F.Mustafa müsahibəsində Türkiyə tarixçisi Faruk Sümerə əsaslanaraq qızılbaşlığın “nə Qaraqoyululara, nə də Ağqoyunlulara aid ünsürləri əhatə etmədiyi, bu təriqətin əsas kütləsini Anadoludan gələn yeni türklər təşkil etdiyi”ni qeyd edir. O, Türkiyə tarixşünaslığında XX əsrin 70-ci illərində yer almış bu fikrin son illərdə Səfəvilər dövlətinin tarixi ilə bağlı tədqiqatlarda elmi əsaslarla təkzib edildiyindən görünür xəbərsizdir. Yoxsa, bu cəfəng fikri yenidən təkrar etməyə çalışmazdı. Prof. Tufan Gündüz “Son Qızılbaş Şah İsmayıl” adlı əsərində (İstanbul, 2010.) bu məsələyə aydınlıq gətirərək yazır ki, İsmayılın yeni dövlət yaratmasına yardım edən Qızılbaş tayfalarından olan Zülqədərlər Maraş bölgəsindən Zülqədər bəyliyindən qatılmışdı. Əfşarlar Ağqoyunlu tayfa birliyində mühüm mövqeyə sahib idi. Onların bir hissəsi hələ Şeyx Cüneyd dövründə onun sadiq müridlərinə çevrilmişdi. Şamlılar da Osmanlı hakimiyyəti altına keçməyən Hələb bölgəsi türkmanları idi. Çoxsaylı nüfuza sahib olan Ustaclılar və Osmanlı hakimiyyətindən uzaqda olan Varsaq türkmənləri də həmçinin Səfəvi dövlətinin yaranmasında yaxından iştirak etmişdilər. Onlar Şeyx Cüneydin Anadolu səfəri zamanı Səfəvi təriqətinə qatılmışdı (T.Gündüz, s. 52-53). T.Gündüzün qənaətinə görə, Şeyx Cüneyd və Şeyx Heydər dövründə Rumlu və Təkəli tayfaları Ərdəbilə gedərək Səfəvilərə qoşulmuşdu. Qaraca İlyasın rəhbərlik etdiyi Bayburtlu tayfası Qızılbaşlara Qaraman bölgəsindən qoşulmuşdu. Qacar, Qaracadağlı, Qaramanlı, Çepni, Alpout və digər tayfalar Azərbaycanda məskun idilər. Buna görə də vaxtı ilə Faruk Sümerin “Səfəvi dövlətini yaradan və onu qoruyub saxlayan başlıca qüvvələrin Anadolu türklərinin təşkil etdiyi, Ağqoyunlu tayfalarından olmadığı kimi, Qaraqoyunlularla heç bir münasibətlərinin olmadığı, onların hamısının Orta və Cənubi Anadoludan olan “yeni” bir türk topluluğu olduqları” barədə fikri qəbul oluna bilməz (T.Gündüz, s. 54). Çünki, dövrün qaynaqlarının təsdiq etdiyi kimi, Səfəvi dövlətinin yaranmasında iştirak edən və bu dövlətin əsas hərbi qüvvəsini təşkil edən türkman tayfaları daha çox Azərbaycan və İranın Ağqoyunluların nəzarətində olan ərazisindən və Suriya bölgəsindən toplanmışdı. Osmanlı ərazisindən qızılbaşlara qatılanlar onlara nisbətən çox az olmuşdur.
 
Qeyd etmək lazımdır ki, hələ XV əsrin sonlarında Şərqi Anadolunun mühüm bir hissəsi Azərbaycan Ağqoyunlu dövlətinin tərkibində olduğu üçün, bu bölgədə yaşayan oğuz-türkman tayfaları arasında Səfəvi təriqətinə bağlı olan qızılbaşlar üstünlük təşkil etmişdi. Məhz buna görə də, İsmayıl Qızılbaş müridlərini ətrafına toplamaq üçün Ərzincanı özünə mərkəz seçmişdir.
 
F.Mustafanın müsahibəsində heç bir elmi əsası olmayan belə bir fikir səsləndirilir ki, guya “Teymur bu təriqətin (yəni Səfəvilərin – T.N.) gələcəkdə Osmanlının toparlanaraq Şərqə doğru genişlənməsinə mane olacaq bir qüvvə kimi formalaşdırmaq üçün Ərdəbil torpaqlarında xeyli ərazini və Anadoludan gətirdiyi əsirləri onlara bağışlamışdı. Yəni Səfəvilər kimi onlarla yayğın təriqətlər, təkkələr mövcud idi və Teymur strateji planlaşdırmasında məhz Ərdəbil ekolunun dirçəldilməsinə qərar vermişdir”. F.Mustafanın dövrün heç bir qaynağına əsaslanmayan bu fantaziyası oxucuda heyrət doğurmaya bilmir. Onun Səfəvi təriqətinin fəaliyyəti, Azərbaycan Səfəvi dövlətinin tarixi ilə bağlı hafizəsinin kasad olduğu, yazılmış tədqiqat əsərlərdən bixəbər olduğu aydın hiss olunur. 1402-ci ildə Ankara savaşında İldırım Bayəzidi məğlub edərək əsir alan, Osmanlı imperiyasını onun oğlanları arasında mübarizə alanına çevirərək bölüşdürən Əmir Teymur Osmanlılardan gələcəkdə ciddi təhlükə gözləniləcəyini düşünmüş olsaydı belə, həmin dövrdə siyasi mübarizə aparmaqdan çox-çox uzaq olan Ərdəbil sufi təriqətini dirçəltməklə görəsən nəyə nail ola bilərdi?
 
Qeyd etmək lazımdır ki, “Səfəviyyə” sufi təriqətinin əsasını qoyan Şeyx Səfiəddin dövrün qaynaqlarında “alimlərin böyüyü” və “ariflərin şeyxi” adlandırılmışdır. O, türk tarixində Əhməd Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Hacı Bəkdaş Vəli kimi irşad rəhbərləri ilə müqayisə edə biləcəyimiz bir şəxsiyyətdir. Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddin Musanın (1305-1392) mürşidliyi dövründə təriqət böyük nüfuz sahibi olduğuna görə Elxani hökmdarı Məhəmməd Olcaytu (1304-1316) və baş vəzir Fəzlullah Rəşidəddin, Əmir Çoban və digər siyasi xadimlər onunla yaxşı münasibətlər saxlamağa çalışmış və hətta Səfəvi müridləri arasına girənlər də olmuşdur. Şeyx Xoca Əlinin mürşidliyi dövründə təriqətin şöhrəti o qədər artmışdır ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur 1402-ci ildə Osmanlı sultanı İldırım Bayəzid üzərində Ankara döyüşündə qazandığı qələbədən sonra Anadoludan qayıdarkən Xoca Əli ilə görüşmüş, Ərdəbil bölgəsində “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəkf olaraq” torpaqlar bağışlamışdı. O, şeyxin xahişi ilə Anadoludan gətirdiyi otuz minə yaxın əsiri azad etmişdi. Azadlığa çıxanlar Şeyx Səfi ocağının müridlərinə çevrildilər, onların bir hissəsi Xoca Əlinin xidmətində qaldı, qalanları isə öz vətənlərinə qayıtdılar. Əmir Teymur heç də, F.Mustafanın düşündüyü kimi Səfəviləri Osmanlıların Şərqə doğru genişlənməsinin gələcəkdə qarşısını almaq üçün qüvvətləndirmək məqsədilə yox, bu sufi təriqətinə olan ehtiramını nümayiş etdirərək Xoca Əlinin arzusunu yerinə yetirmişdir. Çünki, XV əsrin başlanğıcında Səfəvi sufi təriqətinin nüfuzu Azərbaycandan çox-çox uzaqlara yayılsa da, onların fəaliyyətində siyasi çalarlar hələ hiss edilməmişdi. Əgər bu olsa idi, şübhə yoxdur ki, Əmir Teymur buna heç cür imkan verməzdi.
 
F.Mustafa öz müsahibəsində “Şeyx Səfiəddinin konkret görüşlərinin və hərəkətlərinin nədən ibarət olduğu barədə dəqiq bilgilərin olmadığı” qənaətindədir. Onun Şeyx Səfiəddinin “Qara məcmuə”, Şeyx Sədrəddin dövründə yaşamış Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səvfətüs-səfa” (“Saflığın saflığı”), Şeyx Hüseyn Zahidin “Silsilətün-nəsəb-i Səfəviyyə” (“Səfəvilərin nəsil şəcərəsi”) adlı əsərlərdən xəbəri olsaydı, bu cür əsassız fikirləri söyləməyə cəsarət etməz, özünü “tarix bilicisi” kimi göstərməzdi.
 
Müsahibədə özünü İran təəssübkeşi kimi göstərən F.Mustafa qeyd edir ki, “Səfəvilər dövründə İran artıq keçmiş şairlər və mütəfəkkirlərə nəinki yaxınlaşan, hətta xatırlanması mümkün olmayan bir şair və mütəfəkkir yetişdirə bilmir”. Göründüyü kimi, F.Mustafa Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutan Səfəvi dövlətini “İran” dövlətçiliyinə “bəxşiş” etməkdən belə çəkinmir. Özünü “alim”, “tədqiqatçı” hesab edən, tarixçilərə dərs verməyə çalışan F.Mustafanın öz xalqının tarixi keçmişinə qara yaxmasını milli mənəviyatsızlıqdan başqa nə adlandırmaq  olar? Belə olmasa idi XVI əsrdə Şah İsmayıl və Şah Təhmasibin sarayında dövrün tanınmış alimlərinin, incəsənət xadimlərinin və ozanların dövlət tərəfindən himayə olunduğu haqqında məlumatlara görməməzlikdən yanaşmaz, Azərbaycan ədəbi dilinin, mədəniyyətinin inkişafını inkar etməzdi. Şah İsmayılın sarayında Həbibinin rəhbərliyi altında keçirilən şairlər məclisi və onun üzvü olan Azərbaycan şairləri Süruri, Şahi, Matəmi, Tüfeyli və Qasimi kimi sənətkarların fəaliyyətini, xalq dilindən, əruz və heca vəznlərindən, folklor  nümunələrindən geniş istifadə edərək özünün şah əsərlərini yaradan Şah İsmayıl Xətainin yaradıcılığını inkar edərək, “Səfəvilər Şərq və bilavasitə türk tarixi üzərinə dərin və fəlakətli təsirlər göstərməyi bacardılar” fikrini söyləyən millət vəkilinin mövqeyini anlamaq qeyri-mümkündür.
 
F.Mustafanın “Səfəvilərin əsas ordu bazasını Anadoludan gələn türk tayfaları təşkil etdiyinə görə türk dilinin ünsiyyətdə üstünlük təşkil etməsi labüd idi” fikri yalnız xəstə təxəyyülünün məhsulu kimi qiymətləndirilə bilər. Çünki, problemə elmi əsasa söykənməyən bu cür yanaşma tərzi, XVI-XVII əsrlərdə Azərbaycanda türklərin yaşadığını, möhtəşəm divan ədəbiyyatının yaradılmasını, ana dilli ədəbiyyatımızın özünün intibah dövrünü yaşamasını inkar etmək deməkdir. F.Mustafanın fikirlərindən bu nəticə çıxır ki, Azərbaycanda türk dilinin ünsiyyətdə üstünlük qazanması bilavasitə Səfəvi ordusuna Anadoludan cəlb olunan türklərin sayəsində mümkün olmuşdur. Bununla da o, XVI əsrdə Azərbaycanda türklərin yaşadığını şübhə altına alaraq ermənilərin yüz illərdir apardığı “soy-köksüz” Azərbaycan təbliğatına xidmət göstərmiş olmurmu? Onun bu mövqeyinin XX əsrin 80-ci illərində Şah İsmayılın Azərbaycan şairi olmadığını, türk dilində divan yaratmadığını, milli ənənələrə dayanan dövlət yaratmadığını israrla qələmə alan fars millətçisi Firuz Mənsuridən heç bir fərqi yoxdur.
 
Şah İsmayılın yaratdığı Azərbaycan Səfəvi dövləti F.Mustafanın düşündüyü kimi dini dövlət deyildi. Tədqiqatçı alim, sufi ədəbiyyatının gözəl bilicisi Fəxrəddin Salim “Milli yaddaş sistemində ürfan və təsəvvüf” (Bakı, 2010) adlı əsərində haqlı olaraq yazır ki, “Zahirdə islam üləması dövlət işlərində müəyyən qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə sahib olan təsəvvüf ideologiyası təşkil edirdi” (F.Salim, s. 92). Tanınmış şərqşünas alim Triminqem “İslamda sufi ordenləri” (M., 1989)  əsərində yazır: “İmamlar kimi, sufi böyükləri də ezoterik bilgilərə sahib idilər. Lakin imamlardan fərqli olaraq, onlar həmin bilgiləri genoloji yolla deyil, ruhani ötürmə ilə, ruhani xətlə alırdılar” (s.116). “Buradan da aydın görünür ki, Şah Xətainin öz dövründə həm hakimiyyət, həm də təkyə-orden statusu, çoxlarının bəyan etdiyi kimi, nəsildən-nəslə deyil, məhz təsəvvüfdə nəzəri əsaslara malik olan ruhani ötürmə yolu ilə keçmişdi. Şiəlikdə isə bu belə deyildi. İmamlığın ötürülməsi məhz genoloji faktora söykənirdi. Necə ki, Şah Xətaidən sonra siyasi hakimiyyət oğlu Təhmasibə keçsə də, mənəvi-ruhani hakimiyyət başqalarına – yəni, təsəvvüf elminin daşıyıcıları olan batini-nihan dərvişlərə, övliyalara keçdi. Qısaca da olsa, bir məsələyə toxunmaq yerinə düşərdi ki, sufiliyin şiəliklə əvəz olunması, yəni, təriqətdən şəriətə qayıdış XVI əsrin sonlarında Şah Abbas Səfəvi zamanında baş verdi” (F.Salim, s.92-93).
 
“Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə Türk xalq təsəvvüfü, Türk ürfani mənəviyyatı bu günə qədər də görünməmiş bir kulminasiya nöqtəsinə çatdı. Daha mütəsəvvüf və ariflərə mücadilə verərək, saray əxlaqına qarşı çıxaraq, xalqın öz dilində, öz ruhunda ilahi həqiqətləri bəyan etməyə gərək yox idi. Bu proses sarayın özündən başladı. Şah özü ana dilində, heca vəznində şeirlər yazmağa başladı. Özü saz çaldı, Haqqın hikmət və ürfan sirlərini öz sadə və şirin dilində bütün xalqa əzbərlətdirdi” (F.Salim, s.93).
 
F.Mustafa müsahibəsində Səfəvilərin “sonralar aparılan müharibələrinin kökündə məzhəbçiliyin yayılması hədəfi güdüldüyünü” xüsusi vurğulayır, Səfəvilərlə Osmanlılar arasında müharibənin məhz bu səbəbdən başladığını, Sultan Səlimin oğlu Süleymana məktubunda qeyd etdiyi kimi fətva verib onu məhv etmək qərarına gəldiyini oxucuya çatdırır. Qeyd etmək lazımdır ki, dövrün heç bir qaynağında Səfəvi-Osmanlı müharibələrinin dini zəmində baş verdiyini təsdiq edən məlumat yoxdur. Sultan Səlimin Şah İsmayıla ünvanladığı dörd məktubda, eləcə də oğlu Süleymana Çaldıran döyüşündən sonra göndərdiyi məktubunda Azərbaycana yürüşünün əsas səbəblərini gizlətməyə çalışdığı açıq-aydın görünməkdədir. Sultan Səlim oğlu Süleymana ünvanladığı məktubunda Şah İsmayılla cərəyan etmiş münaqişənin tarixçəsindən söz açaraq, dəfələrlə Səfəvi hökmdarını Azərbaycanı ələ keçirməklə hədələdiyini, lakin sonuncunun onun təhdidlərini qulaqardına vurduğunu nəzərə alaraq Şah İsmayılı açıq döyüşə çağırmaqdan savayı çarəsinin qalmadığını yazır: “Ərsənsə (igidsənsə) meydana çıx, Allahın iradəsi nədirsə o da gerçəkləşmiş olsun – deyə buyurmuşdum. Səadət və xoşbəxtlik ilə Azərbaycan diyarı fəth bayrağımın dalğalanması şərəfinə nail olacaqdır” (Geniş məlumat üçün bax: Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu. Fars və ərəb dillərindən tərcümə: Şahin Yəhyayev, Elmin Əliyev. Bakı: Şərq-Qərb, 2014, s. 95-96). Əsla nəzərdən qaçırmaq lazım deyil ki, həmin məktubunda Sultan Səlim İsmayıl Səfəviyə xitab edərkən, Azərbaycanı onun “məmləkəti” adlandırır və onun ələ keçirilməsi ilə öyünür.
 
Səfəvi-Osmanlı qarşıdurmasının siyasi-iqtisadi maraqlardan qaynaqlandığına deyil, sünni-şiə qarşıdurması kimi təqdim edənlərə Türkiyə tarixçisi Mustaf Ağdağ vaxtı ilə tutarlı cavab vermişdir. O, yazır: “Əgər sünniliyə qarşı bir sünni-qızılbaş üsyanı olsa idi, çoxluq təşkil edən sünni əhali də cavab verməyə qalxar, beləliklə iki məzhəb arasında qanlı mübarizə çıxardı. Belə bir hadisənin olduğunu göstərən heç bir sənəd yoxdur. Hadisəni bir qızılbaş hərəkatı kimi bizə çatdıran çağdaş qaynaqlar da belə bir ifadə işlətmirlər. O halda şiəlik-qızılbaşlıq, rafizilik-mülhidlik üsyanı deyilən hadisədə üsyançılar ələvi-qızılbaş türkmanlar olsa belə, onların qaldırdıqları üsyan bir məzhəb ayrılığı iddiası deyildir” (Geniş məlumat üçün bax: Akdağ M. Türk halkının dirlik ve düzenilik kavgası «Celali isyanları». Cem Yayınları, İstanbul: 1995, s.120).
 
“Səfəvilər dövrü özündən əvvəlki Dədə Qorqud mədəniyyətinin izlərini necə itirdiyini” söyləyən F.Mustafa unudur ki, Azərbaycan dastan ədəbiyyatı, aşıq yaradıcılığı Səfəvilər dövründə özünün çiçəklənmə dövrünü yaşamışdır. Məhəbbət və qəhrəmanlıq dastanlarımız məhz bu dövrdə geniş yayılmağa başlamışdır. Bu da səbəbsiz deyildi. Çünki, Şah Xətainin saza, aşıq sənətinə vurğunluğu bu sahəyə mühüm milli çalarlar gətirməklə yanaşı, onun inkişafını təmin etmişdir. Şah İsmayıl Xətai əksər şeirlərini məhz aşıq üslubunda yazırdı. Onun əsərlərində ən çox adı xatırladılan musiqi aləti məhz sazdır. Onun nüfuzlu simasında aşıq sənəti ən dərin ürfani qaynaqlarla  zənginləşmişdi.
 
F.Salimin yazdığı kimi, tənburdan fərqli olaraq, sazdakı çoxcəhətli improvizə imkanları, gur tembr, coşqun intonasiya məhz Azərbaycan-türk təsəvvüfünə, bu bölgə insanına məxsus olan hal və zikr keyfiyyətlərinə artıqlaması ilə cavab verirdi. Nemətullahi, Qadiri, Mövləvi təkyələrindəki sakit musiqi, dinamikadan bir qədər uzaq olan zikr və hal keyfiyyətləri Qızılbaş sufilərinin simasında, sazın müdaxiləsi ilə şəklini dəyişərək, coşqulu və dinamik bir hal aldı. Bu məntiqi müstəvi ilə şeirlərin dili də, mahiyyəti də, fəlsəfi-ürfani cəsarəti də dəyişərək, ən yüksək mərtəbəyə yetişdi. Azərbaycan sufilərinin zikr və kəlam olaraq yazılmış şeirləri bütün təsəvvüf dünyasında yeni bir mərhələnin, yeni ürfani ənənənin əsasını qoydu. Bu möhtəşəm tarixi olay məhz Azərbaycan sazının, aşıqlarının əli ilə baş verdi” (F.Salim, s.98).
 
Səfəvi Qızılbaş ideologiyasının mahiyyətini özünəməxsus şəkildə izah edən F.Mustafa onu müasir dövrün İran şiəliyi kimi təqdim edərək, “qızılbaşlığı İslam olaraq təqdim etmək nə qədər yanlışdırsa, türk məfkurəsinin daşıyıcısı olaraq təqdim etmək də bir o qədər yanlışdır” qənaətinə gəlir. Lakin “Səfəviliyin və Şah Xətainin özünün şiə yox, məhz sufi dünyagörüşünə sahib olması danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza, musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi hücrələr ayırır, zikr və başqa rituallar üçün təkyələr saxlayırdı. Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin – təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır”. Azərbaycan Səfəvi dövlətinin ideoloji əsasını F.Mustafanın qeyd etdiyi kimi şiəlik deyil, məhz ürfani dəyərlərə sahib olan təsəvvüf ideologiyasına söykənən Qızılbaşlıq təşkil edirdi. Şərqşünas alim V.F.Minorskinin fikrincə, Qızılbaşlığın ən mühüm qaynağını bilavasitə Şah İsmayılın “Divanı” təşkil edir. Qızılbaşlığın şiəlik olmadığını aydın dərk etmək üçün F.Mustafanın sadəcə Şah İsmayılın “Divanını” oxuması kifayətdir.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan türkü Şeyx Səfiəddinin yaratmış olduğu Səfəvi sufi təriqəti siyasi hakimiyyətə yüksəlmiş yeganə sufi təriqətlərdən biri olmuşdur.
 
Burada bir xatırlatmanı F.Mustafanın nəzərinə çatdırmağı vacib hesab edirik. “Tarix bir millətin yaddaşıdır. Tarixini bilməyən millət yaddaşını itirmiş insana bənzəyir”. Millətin yaddaşında yüz illər ərzində özünə möhkəm yer tutmuş tarixi həqiqətlərə qara yaxmağa çalışmaq səlahiyyəti heç kimə verilməmişdir. Yalnız milli mənlik şüurundan məhrum olan bir insan belə bir təşəbbüs edə bilər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org