"Ehali bizim kanallara baxdigini demekden utanir" (FOTO)

4 May 2016 11:21 – xeber –
Olkem.az teleaparıcı, aktyor, musiqiçi Kamran Həsənlinin qafqazinfo-ya müsahibəsini təqdim edir:
– Kamran bəy, "Sizin saat" indi nə göstərir? Vaxt artıq keçib?
– Sözsüz ki, vaxt keçib, zaman dəyişib. Ancaq "Sizin saat" proqramının saatı hələ də davam edir. Bu proqram orijinal bir düşüncə idi. Yəni, musiqi, mövzu, tok-şou elementləri ilə şou elementlərinin qarışığı. Bizim tamaşaçımızın şouya, mahnıya daha çox marağı olduğu üçün ilk dəfə belə bir şey etmək qərarına gəldik. Ancaq veriliş tamamilə tullanıb-düşməkdən ibarət ola bilməz axı. Bunun üçün də maraqlı müzakirələr aparılırdı. Heyf ki, sonradan teleməkanda müxtəlif adlarla proqramın patentləri yer almağa başladı. Onlar da səviyyəni, keyfiyyəti aşağı saldılar. O "Sizin saat" bugünkü bütün saatlardan daha yüksəkdədir. Ancaq görünür ki, keyfiyyətli məhsul çox insana sərf etmir.
– İnternetdə verilişin efirə getməyən bir buraxılışı gözümə dəydi. Yalançı reytinqlə bağlı maraqlı müzakirə aparılıb.
– Əslində efirə getməyən onlarla elə buraxılış var. İnternetə sadəcə bir buraxılış qoyulub.
– Efirə verilməməsində səbəb nə idi?
– Səbəb elə müzakirə olunan mövzu idi. Biz həmin buraxılışda sadəcə millətimizə, xalqımıza xeyir verə biləcəyimiz bir şeylərdən danışmışıq. Nə qədər boş-boş tullanıb-düşmək, dəlilərə xas olan hərəkətlər etmək, keyfiyyətsiz musiqini izləyicilərə sıramaq olar?
– Reytinq məsələsi bu gün daha da gündəmdədir. Çox adam reytinq xətrinə efirdə gedən verilişləri qınayır, hətta bir qisim artıq kanallarımıza baxmaqdan belə imtina edib. Siz bugünkü efir məkanını necə qiymətləndirirsiniz?
– Mən Azərbaycanın efir məkanına həmişə tənqidi yanaşmışam. Siravi azərbaycanlının sevdiyi bir fraza var: Azərbaycan kanallarına baxmıram. Əslində hamı baxır, ancaq bunu dilinə gətirməkdən utanır. Qısır ağla malik televiziya işçilərimiz də deyir ki, əşi, yalandır, hamı baxır. Daha demirlər ki, əhali bizim kanallara baxdığını deməkdən utanır. Bu, çox ağır haldır. Bir kanal rəhbəri olsam, kanalın mənzərəsini, fəlsəfəsini kökündən dəyişərəm. Hətta mən olmasam da, kimsə hansısa kanal açmaq fikrinə düşsə, ya da rəhbər təyin olunsa, məsləhət görərdim ki, o, iki-üç ay efiri dayandırıb pələnglərdən, pişiklərdən – bir sözlə heyvanlardan nələrsə versin. Bəlkə, bu yolla tamaşaçının kanallara olan nifrət hissi bir az səngiyər. Sonra təzə səhifədən nəsə etmək olar.
"Televiziya rəhbərləri pisə yaxşı deyir, yaxşıya pis"
– Günahı kimdə axtaraq?
– Elə rəhbərlikdə, aparıcıda. Bugünkü gün peşəkarlıq çatışmır, peşəkar insanlar çox azdır. Yaxşı bir məhsul ərsəyə gətirmək üçün onlar televiziyanı sevməli, intriqadan kənar olmalı, pislə yaxşının fərqini bilməlidirlər. Onlar isə pisə yaxşı deyir, yaxşıya pis. ANS-i çıxamaq şərti ilə, çünki orada düşüncə fərqi var. Kanalların xaricində münasibət bir cürdür, daxilində başqa bir cür. Elə bil o insanlar başqa bir ölkədə yaşayırlar. Onlar nə o tənqidi eşidirlər, nə başqa bir şey. Özləri bir-birlərinə "dünən axşamkı buraxılış necə də gözəl idi" deyə təriflər yağdırırlar. Baxırsan ki, rəzil, utancverici bir verilişdir, ancaq elə tərifləyirlər ki, qalırsan mat-məəttəl. Reytinq qırdı, sındırdı. Daha bilmirsən, hansı reytinqdən danışırlar. Reytinq sevilmədir, baxılma yox. Baxıb söyən o qədərdir ki…
– Sonuncu verilişiniz "Axşam-axşam"ın bağlanması da müəmmalı oldu. Siz mediaya açıqlamada yeni formatla başlayacağını desəniz də, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov verilişin reytinq yığmadığı üçün bağlandığını bildirdi.
– Mais müəllim neçə ilin peşəkar televiziya işçisidir. O veriliş efirə cəmi 3 dəfə gedib. Mən inanmıram ki, o bu sözü deyə. Çünki peşəkar insan bilir ki, 3 efirə reytinqi müəyyən etmək olmur. Buna ən azı 3-4 ay lazımdır. Bizim veriliş cəmi 3 dəfə getdi, onun da biri 2 həftə fasilə ilə. Biri Faiq Ağayevlə olan buraxılış idi ki, indi də internetdə izlənilir, xeyli danışıldı, müsbət rəy gəldi. 
– Onda səbəb nə oldu?
– Bu, sizin kimi mənə də maraqlıdır. Gərək o sözü deyən insanın özündən soruşaq. Pul ayrıldı, dekorasiya quruldu, sonra nədənsə bağlandı.
"Oxumağı bacaranı efirə çıxarırdıq, daha kimdənsə 3-5 manat alıb yox"
– "Space" , "ATV" , "ANS" telekanalları ilə əməkdaşlıq etmisiniz. Nədənsə "Space"dən sonra tez-tez veriliş və kanal dəyişdirirsiniz. Yeni verilişlə gələcəyinizi demişdiniz, necə oldu?
– "Space"də 8 il işləmişəm və o, mənə daha doğmadır. O zaman yaradıcılıq azadlığı, keyfiyyət meyarı var idi və proqramlarımız da maraqla izlənilib. Mənim proqramlarım həmişə canlı efirdə olub. Sonra nədənsə canlı yayımdan qaçmağa başladılar. Çox təəssüf hissi ilə deyirəm, televiziyamız irəli getməkdənsə, geri gedir. Hazırda isə "ANS" düşüncə və əqidəmə çox yaxındır. Verilişə gəldikdə isə, yeni veriliş təkliflərim çoxdur. ANS-lə münasibətimiz yaxşı olduğu, bugünkü üslubla uyğunlaşdığı üçün elə orada davam etmək istəyərəm.
– Aygün Kazımova ilə bir çox maraqlı dialoqlarınız olub. ATV-də canlı efirə zəng vuranda hansısa kanalın sizə qadağa qoyduğunu demişdi. Söhbət hansı kanaldan gedirdi?
– Ola bilər, ancaq xəbərim yoxdur. Çoxdan olmuş bir şeydir, onda nə olub, onun da yadından çıxıb, mənim də. İndi oturanda heç o barədə söhbət etmirik. Həmin dialoq daha çox mediada müzakirə olundu, ancaq bizim həmin buraxılışdan sonra da münasibətlərimiz normal olub. İnanırsınız, heç dialoqun niyə baş verdiyini belə xatırlamıram.
– Bülbül adına musiqi məktəbini, daha sonra Konservatoriyanı bitirmisiz. İlk peşəniz də musiqi müəllimliyi olub. Ancaq biz sizi əvvəlcə aparıcı, daha sonra musiqiçi kimi tanıdıq.
– Bəli, peşəkar musiqiçiyəm. Elə bu səbəbdən də ilk dəfə bizim verilişdə efirə çıxan müğənnilərin hamısı bu gün məşhur simalardır. Musiqini anladığım üçün bilirdim ki, bu insan yaxşı oxuyur. Kanal rəhbəri də peşəkar musiqiçi olmadığı üçün mənim zövqümə inanırdı. Daha demirdi, bu, 3-5 manat verib, qoy efirə çıxsın. Elə o səbəbdən də Tünzalə, Abbas, Röya, Qismət, rəhmətlik Hüseyn Dərya, Eyyub, qarmonçu Orxan və s. ilk dəfə bizim verilişdə efirə çıxıb. Röya əlində mahnıları ilə hara gedirdi, efirə buraxmırdılar. Çünki sadəcə məşhur və pulu olan insanlar efirə dəvət olunurdu. Bir-iki mahnısına baxdıq və anladıq ki, bu qızın gələcəyi var. O da özünü təsdiq etdi. Hətta Röya birinci və sonuncu dəfə bizim canlı efirimizdə muğam oxuyub.
"Hər iclasda kanal rəhbəri mənə "Sevimli şou"nun əla olduğunu sübut etməyə çalışırdı"
– Tok şou baxımından "Sizin saat" daha çox "Beyaz şou"ya bənzəyirdi. Ancaq artıq 20 ildən çoxdur ki, "Beyaz şou" efirdədir və öz marağını qoruya bilib. Sizin verilişin də belə uzunömürlü olması üçün nə lazım idi?
– Sadəcə mane olmamaq. Televiziya məkanında məşhurluq qazanmış bir aparıcının o məşhurluğunu hörmətlə qarşılamaq. Bu, bizim mental qüsurumuzdur. Kimsə uğur qazanırsa, çalışırlar ayağından çəksinlər, qara yaxsınlar. Bəlkə də bunu birinci dəfə sizə deyirəm, bu gün "Space"də bir veriliş gedir. Adı dəyişdirilsə də, eyni şeydir: "Sevimli Şou". Hər iclasda kanal rəhbəri bizə, şəxsən mənə o verilişin əla olduğunu sübut etməyə çalışırdı. Və bu səbəbdən də bizim kanal rəhbəri ilə mübahisəmiz düşür, müzakirə yox ha. Sübut etmək istəyirdi ki, bu veriliş "Sizin saat"dan daha yüksəkdir. Deməli, onun zövqü belədir. Axı, o verilişdə insanların etdikləri sadəcə televiziyaya yox, millətə qara ləkədir. Keyfiyyətsiz musiqi, keyfiyyətsiz aparma üsulu, üzlərində qəribə mimikalar olan insanlar. Elə bil ki, dəlixanadan qaçıblar. Bizdən də o cür mayallaq aşmağımız tələb olunur. Mən heç cür başa sala bilmədim ki, o verilişin keyfiyyəti çox aşağıdır. Bu insanlar televiziyanı belə görür. Kanal rəhbərliyində olanların əksəriyyəti televiziyada heç nə bacarmayıblar. Nə efirdə bir uğurları olub, nə də ki ətraflarındakı bacarıqlı insanlardan istifadə edib kanalı irəli aparmaq istəyi. Təbii ki, istisnalar var, məsələn, Mirşahin, Seyfulla ağıllı adamlardır, onunla söhbət etdikdə ortaq məxrəcə gəlmək olur. Hamı çox yaxşı bilir ki, ANS-in imkanları da digər kanallar kimi deyil. Bütün verilişlər bir studiodan çıxır.
– Son zamanlar çəkilən serialların sayı xeyli artıb. Ancaq sizi heç birində görmürük. Müsahibələrinizin birində ssenarilərin çox bəsit olduğunu, ailə-məişət mövzularından kənara çıxmadığını demişdiz. Hətta "Bacanaqlar"a da söz atmışdız. Fikriniz eyni olaraq qalıb?
– Təəssüf ki, hə. Seriallara baxmağa nə vaxtım, nə də ki həvəsim var. Təəssürat yaranması üçün bir neçə dəqiqə izləmək kifayətdir. Sünilik o dəqiqə hiss olunur. Bizim film, serial dilimiz hələ ki inkişaf etməyib. Bunlar çox önəmli problemlərdir. Filoloqlar, televiziya işçiləri, tarixçilər, etnoqraflar hamısı birlikdə oturub müzakirə etməli, dilimizi ziyalı dilinə çevirmək üçün bir çıxış yolu tapmalıdırlar. Bugünkü aktyorları 1960-80-ci illərin aktyorları ilə müqayisə etsək, görərik ki, fərq Marsla başqa bir kainatdakı bir planet arasında olan məsafə qədərdir. Demirəm ha, Yerlə göy. Səbəb isə çox sadədir: o aktyorların intellekti var. O adamlar əqidə, ideya sahibləri olub, ömür boyu oxuyublar. İndikilərin əlində kitab görəndə şükür edirik. Yaxşı aktyor Drayzerdən Pasternaka, Mopassana qədər bütün dünya ədəbiyyatını, məşhur rejissorların filmlərini əzbər bilməlidir. Bu problemlər efirdə müzakirə olunmalıdır, bu səbəbdən də tok şouların tərəfdarıyam. Sual qoyulmalıdır ki, nə üçün digər dillərdən öz dilimizə dublaj edildikdə keyfiyyət ölür? Danışıram, deyirlər, Kamran yenə başladı. Axı yaxşılıq üçün deyirəm, mən tamaşaçının tərəfindəyəm. Cılız düşünməsinlər, kiminsə çörəyinə bais olmaq fikrim yoxdur.
– Televiziyadan yaman gileylisiniz və belə getsə, çox güman, sizi efirdə çox az görəcəyik. Bəs öz biznesinizi qurmaq fikriniz var?
– Bir dəfə biznes qurmaq istədim, onun da axırı yaxşı nəticələnmədi. Biznes üçün şərait olmalıdır. İçimdə biznes sevgisi var. Amma yaradıcı insan tənbəlliyi bu sevgini basdırır. Biznes elə-belə şey deyil, böyük stress deməkdir. Bizdə biznes deyəndə daha çox alver nəzərdə tutulur. Bu ticarətdir, sadəcə biznesin bir sahəsi.
– Samir Priyevlə istintaq çəkişməniz nə yerdə qaldı?
– Bu barədə çox danışılıb, çeynənilib və yenə danışıb oxucuları yormayaq. Bu, sadəcə bir istintaq işidir, şou mövzusu yox. Ona görə də bu haqda danışmaq istəmirəm. Gəlin belə şeylərdən yox, elmdən, incəsənətdən danışaq. Lap elə futboldan, klublardan da danışa bilərik.
– Yaxşı, hansı kluba azarkeşlik edirsiniz?
– "Barselona"…
– Futbolla bağlı başqa sual verə bilməyəcəm, danışmaq istəmədiyiniz mövzuda da sizi məcbur edə bilmərəm. Yaxşısı budur ki, elə verilişlərinizə qayıdaq. Bəlkə də, məndə səhv təəssürat yaranıb, ancaq elə bil siz həmişə moderator olaraq söhbəti doğru bildiyiniz tərəfə çəkməyə çalışmısınız. Digər tərəf çətinliklə danışa bilir….
– Mən moderatoram, çalışıram ki, hamı verilişdə eyni qədər danışsın, fikrini ifadə edə bilsin. Ancaq təəssürat yarada bilmək proqramın qayəsidir. Mənim mövzunu ortalığa qoymaqda qayəm var, axı müzakirələrdən müsbət bir nəticə hasil olmalıdır. Demək istədiyimi demirəm, onların dilindən alıram. Mən sevinirəm ki, o təəssürat yarana bilib.
– Verilişlərinizdə çox zaman kişi sözü, kişi məfhumu kimi mövzulara toxunurduz. Əsl kişi kimdir?
– Kişilik insanlıqdır. Türkiyədə yaxşıdır, qadına da kişi deyirlər, kişiyə də. Kişi olmaq özünü üstün hesab etmək deyil. Əksinə, qadına qarşı diqqətcil olmaq, daha hörmətlə yanaşmaq lazımdır.
– Siz diqqətcil kişilərdənsiniz?
– Özümü nə tərifləyim axı, onu həyat yoldaşım deyə bilər. Ancaq mən elə ailədə böyümüşəm ki, valideynlərim 52 il birlikdə ömür yaşayıblar, bir-birlərindən ay yarım fərqlə də rəhmətə gediblər. İkisi də müəllim idi. Uşaqlıqdan görmüşəm ki, onlar bütün işləri birlikdə görürlər. Evdə dəftər yoxlayan zaman anam yorulanda atam tez onun əlindən alıb ona kömək edirdi. O vaxtı indiki kimi deyildi, pastel yuyuldusa, hərə bir tərəfindən tutub dartırdı. Mən bunu oyun bilib altında gizlənirdim, ancaq sonradan dərk etdim ki, bu köməkləşmə, ailəni ayaqda və möhkəm saxlamaq üçün dayaqlardır. Mən bu psixologiya ilə böyümüşəm. Bizim ailədə də həmin şeydir.
– Youtube-da dünyada və ölkəmizdə baş verən prosesləri müzakirə etdiyiniz bir video qarşıma çıxdı. İlk cümləniz belədir: "Bu proqram intellektual təbəqə üçün nəzərdə tutulub". Ancaq videonu cəmi 221 nəfər izləyib. İntellektual təbəqəmiz belə azdır?
– Az deməzdim, ancaq çox da deyil. Bunun da günahkarı bizik, televiziyadır. Biz özümüz intellektual təbəqəni qaldıra da bilərik, məhv edə də bilərik. Təəssüf ki, biz ikinci variantı seçmişik. Bizdə vətənpərvərlik, ölkəni sevmək sadəcə vətən üçün ölməkdir. Bunu da gec öyrəndik. Ancaq bu, vətənpərvərliyin hələ ən aşağı pillələrindən biridir. Amerikalılar artıq ali təbəqəyə çatıb. Bu ideaya sahib olmaq, ölkəyə nəsə xeyir vermək, bir şey kəşf etməkdir. Sən ağıllısansa, deməli, varlı olmalısan. Rusiyada isə vətənpərvərlik kateqoriyası başqa xalqları söyməkdir – Türkiyəni dağıdarıq, dünyanın ən güclü ölkəsiyik, Avropa bizdən qorxmalıdır…. Biz yaxşını özümüzə nümunə götürməliyik.
– Rusiya demişkən, cəbhədə baş verən son hadisələri, "Böyük qardaş"ın münaqişədəki canfəşanlığına bir də sizdən şərh alaq.
– Bu son 200 ilin Rusiyanın Qafqazda parçala, hökm sür siyasətinin süquta uğramasının bariz nümunəsidir. Rusiya regiondan çıxsa burada hamı dost olar. Heç anlamayacaqlar ki, bunlar bir-birlərinə niyə güllə atırdılar. O ölkənin dostu pul və mənfəətdir. Bu gün ermənilər də bunu başa düşür. Biz aqressiv xalq deyilik, ancaq özümüzü müdafiə etmək məcburiyyətində qalmışıq. Çox qəribə haldır, bizlə ermənilər arasında böyük oxşarlıqlar var. Bəlkə də, bir-birinə bu qədər oxşayan ikinci belə xalq yoxdur. Cəfər Cabbarlı 1905-ci ildə yazmışdı, "atan kazaklardır". Savaş zamanı, savaş, barış zamanı barış tərəfdarıyam. Güclü analizlər aparılmalıdır.
– Xarici ölkələrlə müqayisədə bizim məşhur simalar nəsə gündəmdəki hadisələrə fikir bildirməkdən qaçır. Çox nadir hallarda görürük.
– Bilirsiniz, arada çox böyük düşüncə fərqi var. Yenə qayıdıram keçmişə. Məşhur deyəndə, müğənnisindən pambıqçısına kimi müxtəlif peşə sahibləri var idi. İndi isə məşhur deyəndə müğənnilərdən başqa heç kim nəzərdə tutulmur. Onlar da 6-8 ritmində mahnı yazdırıb, pul qazanmaqdan başqa bir şey fikirləşmirlər. Musiqidə də sanbal qalmayıb. Musiqiçi mütləq harmoniyanı bilməlidir, bizimkilər heç harmoniya sözünün mənasını bilmir. Bəlkə də, musiqi aləti olan qarmon ağıllarına gəlir.
– Tanrı kimi qorusun?
– Qoy vicdanı olan hər kəsi qorusun.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org