Bu, MDB-ye yayilacaq sevindirici xeberdir – Bulbuloglu

22:36 – xeber – “Birlik Ulduzları” mükafatının təqdim edilməsi bütün MDB-yə yayılacaq sevindirici xəbərdir. 
 
Axar.az “BELTA” agentliyinə istinadla xəbər verir ki, bunu iyunun 11-də Minskdə mükafatı təqdimetmə mərasimində iştirak edən Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
 
P.Bülbüloğlu mərasimin Milli Akademik Böyük Opera və Balet Teatrında təşkil edilməsi imkanına görə Belarusa təşəkkür edib. Azərbaycanlı diplomat bildirib ki, müasir narahat dünyada tez-tez neqativ xəbərlər eşidilir. Odur ki, humanitar mükafatın təqdim edilməsi ürəkləri qızdırır. P.Bülbüloğlu deyib: “Bu sevindirici və xoş hadisə bütün MDB məkanında yayılacaq”. Azərbaycan səfiri qeyd edib ki, postsovet dövlətləri uzun illər bir ölkənin tərkibində olublar və bu gün MDB üzv ölkələrinin Humanitar Əməkdaşlıq Fondu müxtəlif istiqamətlərdə fəaliyyət göstərən görkəmli xadimlərin sayəsində bu inteqrasiya birliyində humanitar əlaqələrin qorunmasına kömək edir. P.Bülbüloğlu əlavə edib: “Təcrid şəraitində yaşamaq olmaz, açıq olmaq, bilikləri bölüşmək lazımdır ki, humanitar məkanda, xüsusilə mədəniyyət və incəsənətdə insanların ümumiliyini hiss edək”.
 
P.Bülbüloğlu ilə birlikdə Minskdə mükafatı DHƏF-in İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da təqdim edib.
 
Belarusun informasiya naziri Liliya Ananiç qeyd edib ki, “Birlik Ulduzları” mükafatı özünəməxsus yaradıcılıq bağıdır, o, təkcə MDB ölkələrini deyil, həm də ədəbiyyatı, tibbi, mədəniyyəti və əhatə etdiyi digər sahələri də bir-birinə bağlayır. Nazirin fikrincə, Belarus dövlətlərarası əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
 
Belarus tərəfindən qonaqları həmçinin mədəniyyət naziri Boris Svetlov salamlayıb.
 
“Birlik Ulduzları” mükafatının laureatlarının adları açıqlanıb: Azərbaycan Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Belarus bioloqları Vladimir Reşetnikov, Vladimir Titok və Yelena Spiridoviç, Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva, Qırğızıstanın Xalq Artisti Muratbek Beqaliyev, Moldovanın Xalq Yazıçısı İon Drutse, SSRİ Xalq Artisti, Rusiya Malıy Teatrının bədii rəhbəri Yuri Solomin.
 
MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən təsis edilən “Birlik Ulduzları” mükafatı hər il humanitar fəaliyyət sahəsində ən mühüm uğurlara görə təqdim edilir. Bu uğur dünya nailiyyətləri səviyyəsinə uyğun olmalı, hər bir MDB dövlətinin və bütövlükdə Birliyin inkişafına xidmət etməlidir. Mükafat üç nominasiyada verilir: elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyətdə nailiyyətlərə görə. O, pul mükafatı, diplom, fəxri laureat nişanı və laureat şəhadətnamədən ibarətdir. Hər üç nominasiyada hər biri iki milyon rus rublu məbləğində üç mükafat verilir. İlk dəfə nüfuzlu mükafat 2010-cu ildə təqdim edilib.
 
Təqdimetmədən bir gün əvvəl bu nüfuzlu mükafatın laureatları və adlı-sanlı qonaqlar aksiyada iştirak ediblər. Tədbiri öz həmkarları üçün “Birlik Ulduzları”nın Belarus laureatları hazırlayıb. “Qələbə yasəməni” adlanan layihə müəlliflərinin təşəbbüsü ilə Mərkəzi Nəbatat Bağının Partizan talasında mükafatın Birlik ölkələrindən olan bütün laureatları yasəmən kolları əkib, bununla da Belarus seleksiyaçılarının təşkil etdiyin unikal vətənpərvərlik layihəsinə qoşulublar.
 
Fərhad Bədəlbəyli deyib: “Bu, çox təsirli aksiyadır. Dünən biz Xatında olduq. Faşizm qurbanlarının xatirəsinə həsr olunan dünyanın ən yaxşı abidələrindən birini ziyarət etdik. Hamımız tarixi xatırlamalıyıq. Bu gün dünyada çoxlu müharibələr var, günahsız qanlar tökülür, Belarusda isə rahatlıq, sakitlik, mehribanlıq hökm sürür. Bu vəziyyəti qorumaq və qiymətləndirmək lazımdır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org