Brejnevin generali sairimize nece komek etdi? – Foto

12:26 – xeber – 1978-ci ilin sentyabr ayıdır, cənubi Yəmənin paytaxtı Ədəndə tərcüməçilik işimin müqaviləsi bitib, vətənə qayıtmağa hazırlaşıram. Evə teleqram vururam ki, Moskvaya gəlib məni qarşılasınlar. Əvvəlcədən yazdığım məktubda da gəlişimi bildirməklə yanaşı, yazmışam ki, yığdığım maaşla Moskvadan QAZ-24 də almalıyam, maşını Bakıyadək sürə-sürə gətirməliyik, sən də (Qasım Qasımzadə) Moskvaya gələndə “prava”nı (yəni sürücülük vəsiqəsini) özünlə götürməyi unutma.
 
Deməli, Ədəndən Moskvaya gəlib çıxıram, valideynlərim Kiyevdə təhsil alan qardaşım Xansuvarla məni aeroportda qarşılayırlar, doğmalarla birlikdə gedirik məşhur “Moskva” mehmanxanasına. Birdən məlum olur ki, Qasım müəllim sürücülük vəsiqəsini Bakıda qoyub gəlib. Gülüşürük. Qasım müəllim də özünü o yerə qoymayıb bizə gülə-gülə qoşulur ki, pərtliyini büruzə verməsin. Deyir, bir şey fikirləşərik…
 
Səhəri gün gedir SSRİ QAİ-sinin general rütbəli naçalnikinin (familiyasını unutmuşam) görüşünə. Sovet generalı onu – Azərbaycan şairini hörmət-izzətlə qəbul edir, hal-qəziyyəni biləndən sonra deyir “не волнуйтесь, все в наших руках” (narahat olmayın, hər şey öz əlimizdədi. – red.). Dəstəyi qaldırıb katibinə göstəriş verir ki, onu Azərbaycan QAİ-sinin şefi Fətulla Hüseynovla (sonralar camaat arasında “qara polkovnik” ləqəbini qazanmış mərhum Fətulla Hüseynov) calaşdırsın. Qasım Qasımzadə ilə o zamanlar dost münasibətində olan Fətulla müəllim şair haqqında yaxşı sözlərinə onun səliqəli sürücü olduğunu da əlavə edərək Moskvalı rəhbərini arxayın salır. General da bunun ardınca katibinə deyir, belə bir məzmunda əmr hazırlasın:
“Приказываю сотрудникам государственной автомобильной инспекции оказать содействие товарищу Касумзаде Касуму Хансувар оглы в его беспрепятственном следовании в новокупленном автомобиле от Москвы до Баку” (Dövlət Avtomobil İnspeksiyası əməkdaşlarına əmr edirəm ki, yoldaş Qasımzadə Qasım Xansuvar oğluna yeni aldığı avtomobildə  Moskvadan Bakıya qədər maneəsiz getməsinə yardım edilsin. – red.).
 
Sonra da Qasım müəllimdən xahiş edir ki, yollarda təhlükəsizlik qaydalarını gözləsin. Ayrılanda da mehribancasına “буду за Вас переживать”, – (Sizdən ötrü narahat olacağam. – red.) deyir. Xülasə, bir də baxırıq Qasım müəllim generalın imzaladığı və SSRİ QAİ-sinin möhürü olan əmrin surəti ilə gülümsəyə-gülümsəyə mehmanxanada bizə yaxınlaşır. Sənədin mahiyyətindən bizi agah edib zarafatla deyir, görürsünüz də, fərqi yoxdur, Bakı olsun, ya Moskva, QAİ-lərlə hər yerdə dostam…
 
Zarafatla dediyində bir həqiqət payı vardı. Fətulla Hüseynovdan əvvəl də Azərbaycan QAİ-sinin rəisi Azad Quliyevlə (mərhum həm də şair idi, Azad Talışoğlu imzası ilə şeirlər yazırdı) yaxın münasibətdə olmuşdu. O qədər yaxın ki, cavanlığına salıb Bakı küçələrində sükan arxasında yol hərəkəti qaydalarını tez-tez pozar, müfəttişlər saxlayanda da yarızarafat ərklə deyərmiş ki, qaydaların pozulmasına icazəni şəxsən Azad Quliyevin özündən almışam. Yazıq müfəttişlər də çox zaman bir söz deməyib məcbur imişlər ki, bu “naruşitel”dən (yaxınları, dost-tanışları arasında bu ləqəbi özü qazanmışdı) əl çəksinlər. Müfəttişlərə çəkdirdiyi “zülmlərə” baxmayaraq, əslində, onlara xoş bir münasibəti də vardı, “İzlənən kölgə” adlı bir şeir də həsr etmişdi onlara. Süjetli şeirdə ərköyün sürücüləri qarabaqara izləyən fəlakət kölgəsini bir müfəttiş obrazı izləyir… Azad Quliyev həmin şeiri tabeçiliyindəki işçilərə tez-tez oxutdurarmış…
 
Xansuvarı Kiyevə yola salırıq, ardınca da Yəməndə qazandığım valyuta ilə QAZ-24-ü alıb Moskvadan yola düşürük. Nömrəsiz maşın ola, QAİ müfəttişlərinin də bol vaxtı. Hər şəhərdə, qəsəbədə səni saxlamayıb daha neyləməlidirlər ki… Müfəttişlər hər dəfə saxlayıb sənəd tələb edəndə Qasım müəllim generalın əmrini onlara təqdim edib deyir: “личный приказ от самого генерала…” (şəxsən generalın öz əmri. – red.) Əmri oxuyan müfəttişlər də dərhal, o zamanın dili ilə necə deyərlər, “çest” verir, “счастливо ехать” (yaxşı yol. – red.) deyib, xoş əhvalla yola salırlar. Beləliklə, Azərbaycan sərhədinə (bir-iki yerdə gecələməli olduq) çatanadək sovet avtomobil müfəttişləri bizi dəfələrlə təzimlə yola salmalı olurlar. Hər dəfə də Qasım müəllimin “личный приказ от самого генерала…” sözü bizi əyləndirir, yolboyu darıxmağa qoymur. Azərbaycan sərhədindən Bakıya qədərki yolda isə dilxorçuluqdur, nədənsə bizi heç saxlayan yox. Sükan arxasında özüməm, Qasım müəllimə deyirəm, icazə ver bir az xuliqanlıq edim, qaydanı pozum, maşını saxlasınlar, baxaq görək öz dilimizdə QAİ-lərə “generalın şəxsi əmridir” deyib kağızı göstərsək, necə reaksiya verəcəklər. İcazə vermir. Yol yorğunluğu içində gəlib çıxırıq doğma Bakıya. Dar yollarla maşını sürüb Həzi Aslanov küçəsindən o zamankı Hüsü Hacıyev küçəsinə, indiki Azərbaycan prospektinə çıxmaq istəyirəm ki, on-on beş metr aralıdakı binamızın həyətinə daxil olum. Yolu bağlayıblar. Deyirlər, Leonid İliç Bakıdadır, Hüsü Hacıyevdən keçəcək deyə, gözləməli olacaqsınız. Qasım müəllimə deyirəm, generalın şəxsi əmrini göstər, həyətimizə girə bilək. Gülüb deyir, sən nə səbirsizsən. Gözlə, qoy Brejnev gəlib keçsin də. Biz gedib evdə gözləyək, sən də maşında, onun adamı sənə bu qədər hörmət eləyib, üç min kilometri buraya qədər hörmət-izzətlə gəlib çıxıbsan, sən də onun özünə hörmət elə, öz evimizin yanındaca qarşıla, yola sal, sonra gələrsən… Əlacım kəsilir, səbirsizliklə Brejnevin yolunu gözləyirəm. Sentyabrın 20-sidir. Bakıya ikinci səfəri imiş. O qədər səbirsizliklə gözləyirəm ki, başqa sovet şəhərləri ilə müqayisədə Bakıya gəlişləri rekord vurur, üçüncü dəfə də 1982-də təşrif buyurur paytaxtımıza. Xülasə, Brejnevi bir saat gözləyirəm, onu gözlərimlə qarşılayıb Azdram istiqamətində yola, QAZ-24-ü də həyətə salıram. Qalxıram evə. Qasım müəllim gülə-gülə deyir: “İndicə Fətulla zəng etmişdi, deyirdi, həmin o general Leonid İliçlə bir yerdə gəlib, Bakıdadır, sizi soruşurdu ki, mənzil başına sağ-salamat gəlib çatıblarmı. Sağ olsun, “буду за Вас переживать” sözlərini boş yerə deməyibmiş…”

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org