Boyuk rejissor: “Kendde birce televizor vardi…”

08:15 – xeber – İspaniya kinosunun əsas simalarından biri olan Pedro Almodovarın yaradıcılığı barədə fikirlərini təqdim edirik.
 
La-Mança şəhərinin kino yaradıcılığına təsiri…
 
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bərbəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir.
 
Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
 
İlk kitablar və filmlər…
 
Uşaq vaxtı o qədər də danışqan biri deyildim. Səkkiz yaşımdan sonra daha çox ünsiyyət yaratmağa çalışdım. Əsasən, insanlar və başqa dünyalar haqqında danışmağı xoşlayırdım. Daha sonra bu təsiredici kənar aləmi kitablarda və filmlərdə tapdım.
 
Doqquz yaşım olanda poçtla kitablar sifariş etdiyimi xatırlayıram. Bacılarım özləri üçün mətbəx qabları və şəxsi əşyalar sifariş edirdilər. Mən isə dövrün ən çox satılan kitablarını gətizdirirdim.
 
Elə həmin dövrdən etibarən çoxlu filmlər izləməyə başladım. Kaş ki, ilk izlədiyim filmin hansı olduğunu xatırladığımı yalandan da olsa, deyə biləydim. Ancaq təəssüf ki, yadıma gəlmir.
 
Bizim evə televizor ilk dəfə 1963-cü ildə alındı. Ona qədər kəndimizdə bircə televizor vardı. Və bütün kənd camaatı da verilişləri həmin televizordan izləyirdilər. Mən ən çox pop musiqi proqramlarına baxırdım. Bezənə qədər musiqi dinləyirdim. Həqiqətən də indi o uzaq keçmişdə qalan həmin ağ-qara proqramları çox sevirdim.
 
1968-ci ildə Madridə gəldiyim zaman artıq müasir kino axınına daxil olan filmlərə və əvvəllər baxa bilmədiyim müxtəlif dövrlərə aid filmlərin çoxuna baxdım. Müasir və həqiqi filmlər, səssiz alman kinosu, otuzuncu, əllinci illərə aid olan bütün filmlərin çoxunu izləmək fürsəti tapmışdım. Məsələn, o vaxtlar Antonioninin “Macəra”, “Tutulma” və “Gecə” filmlərinə baxdıqdan sonra çox təsirləndiyim yadıma gəlir. Hətta filmlərdəki qəhrəmanların hərəkətlərini izləyərkən "aman allah necə də onlara bənzəyirəm" deyə düşünürdüm. O vaxtlar on üç, on dörd yaşım vardı…
 
İlk film və onun qazandırdıqları
 
Madridə gəldiyim zaman müxtəlif sahələrdə işlədim. Qapı-qapı düşüb kitab satmaqdan tutmuş, barda dj, poçt idarəsində köməkçi vəzifələrinə qədər. Poçtda işləyərkən pul yığmağa başladım. Sonra həmin pula 8 millimetrlik kamera aldım. Həmin kamera ilə ilk dəfə 1980-ci ildə ilk tammetrajlı “Pepi, Lüsi, Bom və başqa qızlar” filmini çəkdim.
 
Filmdə iştirak edən aktyorlar müəyyən olunduqca onlarla məşqlər edirdim.
 
Əslinə qalsa, mən həmin filmi çəkərkən sadəcə filmin vasitəsi ilə hekayə danışmaq istəyirdim. Və o zamanlar da gücüm çatan, bahalı olmayan vasitələrlə bu hekayələri lentə köçürməyə çalışırdım.
 
İlk filmi çəkmək istəyim artıq məcburiyyət halına çevrilmişdi. Nə olur-olsun mən bu filmi çəkməliyəm deyirdim. Bu hissdən heç cür yaxa qurtara bilmirdim. Texniki cəhətdən o qədər cahil və savadsız idim ki, nəticənin necə olacağı belə məni narahat etmirdi.
 
İlk filmim ekranlara çıxanda 80-ci illərin əvvəliydi. İspaniya yenicə diktatorlardan xilas olmuşdu. Hesab edirəm ki, “Pepi, Lüsi, Bom və başqa qızlar” filmi tamaşaçının İspaniyanın nə qədər dəyişməsinə şahid olduğu ilk film idi. Kiminsə çıxıb belə bir film çəkməsi ölkənin yaşadığı dəyişikliyin sübutu idi. Əlbəttə çoxluq filmin ədəbsiz və bayağı olduğu fikrini irəli sürdü. Ancaq gənclər, gecə klublarında əylənən yeni fikirli insanlar tərəfindən film çox xoş qarşılandı. Və demək olar ki, bu ekran əsəri kult film kimi dörd il ölkənin müxtəlif kinoteatrlarında nümayiş olundu. Geniş tamaşaçı kütləsini hədəf götürdüyüm üçün bu mənim ən böyük uğurum idi. Bir möcüzəyə canlı-canlı şahidlik edirdim. Və təbii ki, rejissor olaraq mükəmməl başlanğıca imza atmışdım.
 
Kinonun dili…
 
Filmlərimin hamısı hekayə danışmaq ehtiyacından yaranırdı. Çünki, təzə-təzə başlayanda kino texnikasından tamamilə xəbərsizdim. Düzdü, o dövrlərdə mən teatrda işləyirdim. Amma bunun kino texnikasına aidiyyəti yox idi. Sadəcə, daxilimdəki yaratmaq, danışmaq ehtiyacı o qədər böyük idi ki, sonda kinonun dilini öyrənməyi bacardım.
 
O vaxtı da, elə indi də yaxın planda çəkmək çox çətindir. Çünki burada xətaya yer olmamalıdır. Yaxın plan aktyorun şəxsiyyətini, ruhunun dərinliklərini açıb göstərir. Filmin ritminin hər hansısa formada ləngiməsinə imkan vermir. Eyni məsələ ssenariyə də aiddir. Ssenarinin içərisində artıq söz olmamalıdır. Yəni yaxın planı lentə köçürmək çox təhlükəli və çətin işdir. Lakin, hər şeyi yerli yerində edib, uğurlu çəkiliş etməyi bacarmaq mümkün olsa,  ortaya möhtəşəm bir sənət əsəri çıxacağından şübhəniz olmasın.
 
Müxtəlif vaxtlarda Harri Kan təxəllüsü ilə fəaliyyət göstərdim. Mənə elə gəlirdi ki, güclü təxəyyülə və ehtirasa malik olsam da, özümü tanımağım, mənliyimin fərqində olmağım mənim üçün yük olmağa başlamışdı. Yəni özümə, nəql etmək istədiyim hekayəyə, onu ən yaxşı formada izah edəcəyim tərzə, bu məsələdə nə qədər həddi aşacağıma və görə biləcəyim hər işin mükəmməlliyinə dair şüurlu olmağı nəzərdə tuturam. Film çəkdiyim zaman yükləndiyim bu enerji, eynilə aşiq olmaq kimi bir duyğuydu.
 
Gənc vaxtı hər kəslə əylənib günümüzü keçirdərik. Düşünüb, daşınmadan hərəkət edərdik. Bir müddət keçdikdən sonra isə aşiq oluruq. İçimizdəki ehtirası hiss edər və həmin ehtiras olmadan yaşaya bilmərik. Qorxub əzab çəkərik. Həm də axı insan yeni eşqə, sevgiyə düşdüyü zaman böyük azadlığa malik olur. 
 
Beləcə mən də başqa ad altında işləsəm, film çəkməyə başladığım ilk zamanlardakı məsumluğu, azadlığı yenidən əldə edə biləcəyimi güman edirdim.
 
Ancaq indi bu fikrin yalandan ibarət olduğunu düşünürəm. Çünki başqa ad altında fəaliyyət göstərsəm də, dəyişən ancaq adım olurdu. Düşüncələrim və xatirələrim olduğu kimi qalırdı.
 
Əslində, o qədər də yaxşı aktyor deyiləm. Ancaq filmlərim haqqında danışarkən, onları izah edərkən aktyora çevrilirəm. Çünki o zaman mən də aktyorlarla birlikdə çəkilişdən ləzzət alır, onların film haqqında mənə söylədikləri fikirlərlə əylənirəm, filmdəki obrazların davranışlarını şərh edirəm. Bir də son vaxtlar çəkiliş meydançasında olarkən bütün rolları özüm ifa edir, bunu aktyora göstərirəm.
 
Lakin aktyorluğa görə rejissorluqdan əl çəksəydim, elə də uğur qazanacağımı zənn etmirəm.
 
Bir çox məşhur rejissorlardan filmlərində çəkilmək üçün təkliflər aldım. Ancaq aktyorluğa qarşı əsl aktyorların hiss etdiyi ehtirası öz qəlbimdə duymadım. Bu səbəbdən də hesab edirəm ki, yaxşı aktyor deyiləm.
 
Filmlərimdə daha çox kiçik məkanlardan böyük şəhərlərə gələn qızlardan və onların həyatla mübarizəsindən bəhs edirəm. Bir də mənə ən səmimi gələn mövzu ev qadınları haqqında olanlardı.
 
İndi daha sadə filmlər çəkmək istəyirəm. Ola bilər ki, son filmlərim o qədər də təəccübləndirici deyil. Ancaq onsuz da kimisə təəccübləndirmək və ya skandal yaratmaq kimi istəyim yoxdur. Sadəcə olaraq öhdəsindən gələ biləcəyim və əlimdəki imkanlardan istifadə edərək film çəkməyə çalışıram. Lazımi qədər qərarlı birisinizsə filminizi istədiyiniz kimi yarada bilərsiniz. Lakin nə istədiyinizi bilməyiniz birinci şərtdir.
 
Bu günün rejissorları mənim nəslimlə müqayisədə texniki məsələlərdə daha çox biliyə sahibdirlər. Onlardan kiminsə ilk filminə baxdığım zaman filmin texniki şərtlərin hamısına cavab verdiyini görürəm. Lakin heyran olunacaq bir film yaratmaq üçün texniki bilik azlıq edir. Əgər otuz film çəkmək istəyirlərsə, o zaman filmin dilini öyrənmələri vacibdir. Mütləq həmin dili öyrənmək və hədəflərin istiqaməti üzrə hərəkət etmək lazımdı. Mən bunu üçüncü filmi çəkəndə anladım.
 
Tərcümə etdi: Samirə Əşrəf 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org