Azerbaycanli sair, ufoloq: “Onlar buradadirlar…”

09:35 – xeber – Şair Nazim Əhmədli ilə görüşüb söhbət etmək üçün onu soraqladım. Uzun müddət AYB-nin Bədii Ədəbiyyatı Təbliğat Bürosuna rəhbərlik etmiş şairin sorağını almaq çətin olmadı. Elə ilk telefon zəngimə cavab verdi. Bürodan getdiyini eşitmişdim. Hal-əhval tutdum, harada olması, nə işlə məşğul olması ilə maraqlandım.
 
– İşdəyəm, – dedi.
 
– Hansı işdə? – soruşdum.
 
– Öz işimdə, Milli Arxiv İdarəsində.
 
Budəfəki cavabında bir az təəccüb də vardı. Təəccübünə səbəb ola biləcək növbəti sualımı verdim:
 
– Milli Arxivdə səni daha çox nə maraqlandırır? Orda nə edirsən?
 
– İşləyirəm.
 
– Bildim işləməyini, de, arxivimizdə milli adına çox şey var?
 
– Təbii. Adından məlum deyil ki? Nədir, müsahibədir bu?
 
– Hə..
 
– Belə müsahibə olar? Bunun üçün görüşmək lazımdır.
 
Razılaşdıq ki, söhbətimizi daha münasib vaxta və yerə təsadüf edək. Vədələşdiyimiz kimi də etdik. Söhbətə qaldığımız yerdən başladım:
 
– Məsələn, əvvəlki iş yerinlə müqayisədə burada daha çox nəyə görə sərbəst, yaxud rahatsan?
 
– İş zamanı ancaq işlə məşğul oluram. İş çoxdur. Rahatlığa gələndə isə əvvəlki işdə də o yox idi. Mən həmişə çox işləmişəm və rahatlıq üçün vaxt tapa bilməmişəm.
 
– Əvvəlki iş yerinin adı AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosu idi. Təbliğ edə bildinizmi ədəbiyyatı?
 
– İşlədiyim müddətdə çox iş gördüm. Təsərrüfat hesablı idarə idi. Çoxlu ədəbi görüşlər keçirdik, kitablar nəşr etdik. Yazıçılarımızın milli-mənəvi dəyərlərə qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazdıqları bir çox əsərlərə mükafatlar verdik.
 
– Bunun sənə bir xeyri olurdumu? Sədr idin, vurduğun qaza qazan dolurdumu? Qazancın-zadın olurdu?
 
– Nə xeyir? Nə qazanc? Demək olar ki, havayı işləmişəm. Qazancım yox idi. Dolanmaq üçün qəzet reklamı ilə məşğul idim. Cüzi miqdarda vəsait daxil olurdu, o da hərdən. Dövlətin vergisini verirdik, az da olsa, qonorar yaza bilirdik.
 
– Bəs indi?
 
– İndi dövlətdən maaş alıram. Faiq, bu nə sualdır? Ciddi iş görənə oxşamırsan, özün də ədəbiyyat adamısan.
 
Etdiyim işlər üçün qarşılıq gözləmirəm
 
– Nazim müəllim, sualdır da verirəm. Özün uzun müddətdir yazıb yaradırsan, bir növ, ədəbiyyatımızın əsgərisən. Səmimi danışaq, heç bezdiyin vaxt olubmu ki, niyə yaradıcı adam oldum?
 
-Yox, bezməmişəm, ədəbiyyat mənim alın yazımdır.
 
– Bəs bir yazar olaraq, ədəbiyyatımıza etdiyin təmənnasız xidmətin müqabilində arzuladıqlarına çata bildinmi? Ədəbiyyat sənə nə verdi?
 
– Mən etdiyim işlər üçün qarşılıq gözləmirəm, ədəbiyyat mənə sevgi verdi. Dünyanı, kainatı, insanları, dostluğu, etibarı və s.
 
– Hər halda sevgi ilə yanaşı bir dolanışıq, yaşamaq lazımdır ki, yenə də sevmək mümkün olsun.
 
– Şükür, dolanıram. Mən qoçaq adamam. Daşdan para çıxartmağı bacarıram. Hər şeyim var.
 
– Bu, çox yaxşıdır. Amma sən qələm adamısan, sənin tişən də qələmindir, daşdan çörək çıxarmaq heç də asan deyil. Yaradıcılığından dolanışığına təkan oldumu, heç?
 
– Oldu təbii. Ancaq Sovet dönəmində özün də bilirsən harda nə çap etdirirdiksə, qonorar alırdıq. O zaman bu suala daha müsbət cavab vermək olardı.
 
Heç kimin işlətmədiyi deyim tərzləri ilə…
 
– Nazim müəllim, ilk qələm təcrübələrin işıq üzü görəndə ürəyindən nə gəlib keçdi? Arzuladığın gələcək şair taleyin, həyatın gerçəkləşə bildimi?
 
– Bəli, gerçəkləşdi. Mənim babalarım başda Aşıq Məşədi Dadaş olmaqla şair olublar. Oğlum, qardaşım da şairdir. Bir bacım var idi, onun da bir kitabı qalıb. Atamın da şeirləri var idi. Anam Koroğlu dastanını əzbər bilirdi.
 
– Demək, şair olmaq sənin üçün irsidir. Oğlunuzun imzası necədir? Turaldırmı şair?
 
-Yox, Tural deyil, o, xaricdə yaşayır. Vüsal Nazimoğlu. Vüsal rejissordur, həm də AYB üzvüdür.
 
– Çox gözəl. Mən Turalı tanıyıram. Vüsalla da tanış olaram. Nazim müəllim, mənim də oğlum AYB üzvü, şairdir. Yazı üslubumuz da fərqlidir, baxışlarımız da. Sənin Vüsalla fərqliliyin necədir?
 
– Allah saxlasın gəncləri. Üslublarımız çox fərqlidir. Baxışlarımız da eləcə. İndiki gənclərin çoxu modern ədəbiyyata meyillidirlər. Lakin biz o modern yolu keçmişik, bilirsən. Vüsal tamam başqa bir duyum tərzi ilə yazır. Kitabını sənə verərəm.
 
– İnşallah. Heç ədəbi mübahisələriniz olurmu? Gənc şairin bəyənə bilmədiyi, qəbul etmək istəmədiyi təkliflərinizə reaksiya necə olur?
 
– Olub, ancaq Vüsalın üslubunu çox bəyənirəm. O, heç kimin işlətmədiyi deyim tərzləri ilə gəldi ədəbiyyata. Onun ilk kitabının 100 nüsxəsi Ankarada bir günə satılmışdı.
 
Münaqişə bizim ədəbi nəsli vurdu
 
– Nazim müəllim, Vüsala uğurlar arzu edirəm. De, sən özünü ədəbiyyatımızın hansı pilləsində görürsən? Bu, səni qane edirmi?
 
– Onu mən deyə bilmərəm. Bircə onu bilirəm ki, müharibə deyilən bu son münaqişə bizim ədəbi nəsli vurdu. Ancaq biz xalqımızın bu dönəminə də laqeyd qalmadıq. Müharibə ədəbiyyatı yaratdıq, yəni onu yaşadıq. Mən özüm də müharibənin zabit kimi iştirakçısı oldum, hərbi jurnalist kimi fəaliyyət göstərdim, bu mövzuda bir povest və çoxlu şeirlər yazdım.
 
– Necədir vəziyyət, Azərbaycan yazarı müsəlləh əsgər ola bildimi?
 
– Elə yazarlar hamısı müsəlləh əsgərdir də. Qələm həm də silahdır. Necə yazmaq, kimə atəş açmaq başqa məsələdir.
 
– Deyirsən, heç yazarlarımızdan müharibədən qorxub xəstəlik kağızı düzəltdirən, yaxud oğlunu gizlədən olmadı?
 
– Nə bilim, onu deyə bilmərəm, bəlkə də olub.
 
– Bəs müharibə ədəbiyyatı dedin, hansı yazarımızın əsəri insanlarımızı səfərbərlik etmək gücündə yazıldı?
 
– Çoxdur belə əsərlər. 30-a yaxın əsəri elə biz mükafatlandırdıq.
 
– Amma adama elə gəlir ki, heç yazılmayıb və tirajlanmayıb.
 
– Bəli. Belədir. Ancaq bizim yazıçıların elə əsərləri var ki, hətta Nobel mükafatına layiqdir. Ancaq ədəbiyyata yiyə çıxan biri olmalıdır.
 
– Məsələn, ədəbiyyata yiyə çıxan dedikdə, nəyi başa düşək?
 
– Məsələn, müstəqil nəşriyyatlar olmalıdır ki,( var, ancaq hələ qaneedici deyil, işləri nəzərə çarpmır) gözəl əsərləri tərcümə edib yaysın. Əsərlərimiz dilimizdən birbaşa xarici dillərə tərcümə edilib, yayılsın. Təbliğat olsun. Həm dövlət, həm də qeyri-dövlət nəşriyyatları, qurumları tərəfindən. Bax, o zaman bizim yazarlar tanınar.
 
 
İstedadsız adam min dəfə çap olunsa da…
 
– Dövlətin qayğısı necə, yetərincədir? 
 
– İndi dövlətimizin başı Qarabağ münaqişəsinə qarışıb. Yəqin ki, gələcəkdə yaxşı olar. Bir şeyi də qeyd edim ki, televiziyalarımız şou-biznesdən bir az da ədəbiyyat şousuna varsalar, ədəbiyyatla məşğul olan QHT-lər də ədəbiyyatımızı xaricdə təbliğ etsələr, yaxşı olar. Bir də deməsəm olmaz, kimlərsə vasitəçiliklə, tanışlıqla öz əsərini xaricdə haradasa çap elətdirir, ancaq bu bir nəticə vermir. İstedadsız adam min dəfə çap olunsa da, onu heç kim oxumayacaq.
 
– Yaxşı, Nazim müəllim, sənin fikrincə, bizim ədəbiyyatımız dünya ədəbiyyatı ilə sıralamada hansı yerdə olar?
 
– Bunu deməyə çətinlik çəkirəm. Məndən olsa, lap birinci yerdə olar. Bunu səmimi deyirəm.
 
– AYB-yə qarşı hücumlar səngimir, sənin buna münasibətin necədir?
 
– Bilirsən, bu, həmişə olub. 20 ildən çox AYB-də işləmişəm. Həmişə olub, indi də var. Adamlar müxtəlifdir. Əvvəllər orada repressiyalar olurdu. 50-60 il qabaq.
 
– 20 il AYB funksioneri olmusan, bu müddət ərzində heç bir incikliyin olmayıb?
 
– Qətiyyən. Olmayıb.
 
– Bax, dövlət başçısı yazıçıların mənzil şəraitini yaxşılaşdırmaq üçün 2008-ci ildən Xətai rayonunda torpaq ayırıb ki, ev tikilsin. Amma sədr müavini olan Nazim İbrahimov bütün imkanlarından istifadə edib bunu ləngidir. O, komissiya sədridir. Hətta bir dəfə bu sahəni hansısa MTK-ya satıldığı da aşkarlandı və geri qaytarıldı. Bütün bunlar səncə, AYB-yə qarşı inamsızlıq yaratmır ki?
 
– Bunu AYB rəhbərliyi qiymətləndirməlidir. Əgər bu iş N.İbrahimova tapşırılıbsa, o, bu işi yerinə yetirməli idi. Qabil müəllimim şeiri yadıma düşdü.
 
Paralel dünyalarla yadplanetlilər…
 
– Bax, Nazim müəllim, sənin fikrini hamı deyir, amma o hələ də ordadır. Qabil belələri üçün deməyibmi ki: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.
 
– Hələ elə yerlərdə oturan çox adamlar var. Tək AYB-də yox, hər yerdə var.
 
– Nazim müəllim, sən poeziyadan əlavə deyəsən, kainatın öyrənilməsi, tədqiqi ilə də məşğulsan, bir neçə kəlmə bu haqda da danışaq.
 
– Mən uzun illərdir ufologiya ilə də məşğulam. Yəni kainatdakı başqa aləmlər və paralel dünyalar, yadplanetlilər və s.
 
– Və bu məşğulluq sənə, oxucuya nə verir?
 
– Mən özüm üçün məşğul oluram. Dostlarla da paylaşıram. Bir neçə müsahibə alıblar məndən bu mövzuda.
 
– Yadplanetlilər deyirsən, onlarla hansısa təmasın olubmu?
 
– Yox. Moskvada oxuyanda müəllimim Georgi İvanoviç Kunitsın (o, ufoloq idi) bizi aparmışdı bir rəssamla görüşə. O rəssamı yadplanetlilər 8 gün müddətinə oğurlamışdılar. Sonra da qaytarıb apardıqları yerə qoymuşdular. O deyirdi ki, bu 3 gün onların süni planetində oldum. Orada da təxminən 30 dəqiqə qalmışam və bu 30 dəqiqə 3 günü əvəz edib.
 
– Belə sürətli keçir vaxtları?
 
– 3 gün 30 dəqiqəni əvəz edib yəqin, onlar başqa ölçülü zamandadır.
 
Onlar buradadırlar…
 
– Bəs sən nəyi öyrənirsən? Onlarla bağlı qənaətin nədir?
 
– Faiq, bu iş çox dərin bir söhbətin mövzusudur. İstərsən, bunu ayrı bir gündə müzakirə edək və mən sənə ömründə insan ağlının dərk etmədiyi şeyləri danışaram. İndi bu mövzuya girsək, oradan çətin çıxa bilək.
 
– Bəs onlarla dostluq etmək, xahiş etmək olar, yoxsa, yox?
 
– Onlarla dostluq edənlər var. Onlar buradadırlar. Yanımızda, dənizlərin, okeanların, dağların, yerin altında… Biz onları dərk eləmirik, ancaq müəyyən dövlətlərin onlarla əlaqəsi var. Məsələn, ABŞ-ın…
 
– Bax, biz onlarla dost olsaq, desək ki, Qarabağ problemində yardımçı olun, olarlar? Yoxsa siyasət onlarlıq deyil?
 
– Onlar Yer kürəsində bəşəriyyətin işinə qarışmırlar. Sadəcə, kamilləşmə prosesini izləyirlər. Yer kürəsi onlar üçün bir eksperimentdir və Günəş sistemi də eləcə.
 
– Olar, amma bir sorum da var, məsələn, kamilləşmə deyirsən, onlarla ünsiyyətdən sonra yaradıcılığında, həyata baxışında səndə nə dəyişdi?
 
– Çox şey.
 
Rusiya dağılıb viran olacaq
 
– Bəs sənin yaradıcılığın hansı vəziyyətdədir, gənclik illərinin təbi qalıbmı?
 
– Qalıb. Bir az da üstünə gəlib…
 
– Nazim müəllim, milli arxivin əməkdaşısan, tarixi araşdırmalar, sənədlər əlinin altında. Özün də Laçında doğulmusan. Qorxmursan ki, vaxt gələr Laçını da arxivlərdən, xatirələrdən tanıya bilək?
 
– Onsuz da indi Laçın xatirələrdədir. Ancaq mən inanıram ki, tezliklə Laçın bizim olacaq. Hər şey Rusiyanın sonu ilə bağlıdır. Bu sona da az qalıb. Ziya Göyalp demişkən, Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb Turan olacaq.
 
– Bəs, sənin xatirələrində necə qalıb Laçın? Yoxsa kainat elmi ilə ilgilənməyin az da olsa, sənə o yurdu unutdurmayıb ki?
 
– Laçın mənim xatirələrimdə yox, ürəyimin içindədir.
 
– Ürəyinə eşq olsun deyirəm, şair. Son olaraq soruşmaq istəyirəm, həyatda nəyi arzuladın və o hələ də arzu olaraq qaldı, gerçəkləşmədi?
 
– Vətənimizi bütöv görmək istəyirəm.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org