Aynur Camalqizi: "Bu holdinqi satmaq niyyetim yoxdur"

– xeber – "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Modern.az saytına  müsahibə verib.

 

Sözügedən müsahibəni təqdim edirik:

 

-Aynur xanım, "Teleqraf Holdinq”də işlər necə gedir? Hər şey sizi qane edirmi?

-Allaha şükürlər olsun ki, fəaliyyətimizi davam etdiririk. Amma bəzi planlarımızı hələ də həyata keçirə bilməmişik. Ona görə də işlərin məni tamamilə qane etdiyini deyə bilmərəm. Hamı kimi, biz də qlobal iqtisadi böhranın əziyyətini çəkirik.

Bir müddət əvvəl şirkətdə müəyyən ixtisarlar oldu. Bu, gözlənilmədən yaranan maddi problemlərlə bağlı idi. İşçilərimizin bir qismini ixtisar etməyə məcbur olduq, "Gündəlik Teleqraf” qəzetini bağladıq. Bəzi işçilərimiz də maaşlarının azaldılması ilə razılaşmadı və işdən getdi. Ancaq hazırkı kollektivlə nə qədər çətinliklə olsa da, işimizi davam etdiririk. Düşünürəm ki, hazırda bizimlə çalışan əməkdaşlar sözün əsl mənasında fədakarlıq nümayiş etdirirlər.

-İqtisadi problemlər həll olunsa, burdan çıxan əməkdaşları geri qaytarmağı düşünürsünüzmü?

-Əlbəttə. Niyə də olmasın? Biz iş yerimizə öz evimiz kimi baxırıq. Günün çox hissəsini burada keçiririk. İşdən gedən, ixtisara düşmüş jurnalistlər mənə doğmadır. Jurnalistin axı getməyə başqa yeri də yoxdur. Onun işi yazmaqdır. Şərait yaratmaq lazımdır ki, işləsinlər.

-Reklamlardan lazımi qədər gəlir əldə edə bilirsiniz?

– Ötən ilin ikinci yarısına qədər reklamlardan böyük gəlir götürürdük. Hətta bu, bizə yeni media layihələri barəsində düşünməyə imkan verirdi. Amma sonradan, xüsusilə də ikinci devalvasiyadan sonra reklam gəlirlərində ciddi eniş müşahidə olunur…

-Düzdür, mən hansısa media holdinqin rəhbəri deyiləm, lakin bir jurnalist kimi bilirəm ki, təkcə reklamla media sütunlarını ayaqda saxlamaq mümkün deyil. Sirr deyilsə, başqa gəlir qaynaqlarınız haqqında da məlumat verərdiniz?

-Bizim abunədən də gəlirlərimiz var idi. Böyük təşkilatlar həm bizim qəzetlərə, həm də saytlara abunə yazılmışdılar. Abunə gəlirləri də üst-üstə toplananda böyük bir rəqəm alınırdı. Bunun sayəsində işləyə bilirdik.
-Sizi gözləyərkən qapının ağzında Elçin Əlibəylini gördüm. Deyəsən, yenə öz işinə qayıdıb…

-Bəli, qayıtdı. Bayaq vurğuladığım kimi, biz jurnalistik və başqa sahəyə ayrılıb getmirik. Bu baxımdan çox tez-tez yollarımız kəsişir. Xalid Kazımlının gözəl bir sözü var. O deyir ki, biz bir-birimizin ya keçmiş, ya indiki, ya da gələcək iş yoldaşlarıyıq. Buna kifayət qədər normal baxmaq lazımdır. Yaxşı jurnalist həm də yaxşı futbolçu kimidir. Klublar özünə lazımlı oyunçu axtarır, futbolçular isə ona daha çox dəyər verən nüfuzlu klublarda oynamağa üstünlük verir. Jurnalist də futbolçu kimi seçim etməlidir. Elçin Əlibəyliyə gəlincə, o, kifayət qədər tanınmış jurnalistdir, işinin peşəkarıdır. Düşündüm ki, hazırkı rəqabət gərginliyində və maddi çətinliklər içində Publika.az saytını ayaqda saxlaya biləcək şəxslərdən biri də Elçin Əlibəyli ola bilər. Çünki o, əvvəllər də Publika.az-a rəhbərlik edib, bura onun üçün yad yer deyil. Bu səbəbdən də Elçin Əlibəylini dəvət etdik. O, artıq Publika.az-ın baş direktorudur.

-Səhv etmirəmsə, Elçin Əlibəyli kaprizli insandır.

-Hər bir istedadlı insanın, peşəkarın kaprizləri olur. Bu, təbiidir. Mən media orqanlarına rəhbərlik etdiyim son 4 il ərzində qəbul etdim ki, kaprizli, iddialı insanlar təmsil etdikləri media orqanını yüksəldə bilirlər. Kaprizlər, iddialar, yüksəlmək istəyi olmayanda nüfuzu da saxlamaq çətinləşir.

 

-Məndə olan məlumata görə, Aynur xanım çox da kaprizli bir insan deyil…
 
-Siz bunu işçilərimizdən soruşsanız, əksini deyərlər. Təbii ki, mənim də kaprizlərim var…

-"Teleqraf” yeni yarananda sosial şəbəkələrdə sizə qarşı bir qısqanclıq müşahidə olunurdu. Bu rəqabətin yaratdığı mübarizədən qaynaqlanırdı, yoxsa başqa səbəblər vardı?

-Burada rəqabət də, qısqanclıq da, bir-birini qəbul etməmək də vardı. Ancaq düşünürəm ki, bütün bunlar hamısı geridə qaldı. Mən bu məsələlərə soyuqqanlı yanaşmağı öyrənmişəm. Bu qənaətdəyəm ki, barlı ağaca daş atanlar çox olur…

-Yəni, sizi sonunda qəbul etdilər?

– Zaman, zəhmət, gecə-gündüz işimiz və oxucularımız öz sözünü dedi. Faktı qəbul etməmək olmaz.
-Sizcə, holdinqinizdəki maliyyə problemlərinə görə rəqibləriniz sevinirlər?

– İnanmıram, burada seviniləcək bir şey yoxdur. Çünki medianın problemləri eynidir – çətinliyimiz də, imkanlarımız da.

-Mediada sizin rəhbərlik etdiyiniz saytlara rəqib görürsünüz, yoxsa siz də digərləri kimi "bizim sayt öndədir” deyəcəksiniz? İstərdim daha obyektiv cavab verəsiniz.

– Heç vaxt demərəm ki, bizim rəqibimiz yoxdur. Doğrusu, məsələlərə bir az geniş baxanda, ölkənin maraqlarını nəzərə alanda, görürsən ki, "rəqib” və "rəqabət” müstəvisi tamam başqadır. Məsələn, dördgünlük müharibə zamanı biz gördük ki, rəqibimiz, tutaq ki, "Reqnum” agentliyidir. Bu sayt öz oxucularına yalan məlumat çatdırmaqla, erməni təxribatlarını yaymaqla məşğul oldu. Həmin zaman bütün diqqətimizi rus və ingilis versiyalarımıza yönəltdik və bir də baxdıq ki, yanımızda olanlar, yəni eyni hədəfə vuranlar elə özümüzük. Bu məqamda hansısa uğurlu təbliğat da hamımızın adınadır, səhvlər də. Ona görə də oturuşmuş, ölkədə nüfuzu olan media qurumlarının rəqib anlayışları və rəqabət meydanı da dəyişib artıq. Ötənlərdə yaşananlar artıq bitib, o mərhələni çoxdan adlamışıq. Bu baxımdan deyə bilərəm ki, fəaliyyət göstərdiyimiz müddətdə qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq. Hansı dəyərləri əlimizdə bayraq edib mediaya qayıtmışdıqsa, o dəyərlərə sadiqliyimizi axıradək nümayiş etdirmişik. İstedadımızla və sədaqətimizlə çalışırıq. İnandığımz siyasi qüvvənin yanındayıq.

-Amma agentliklərdə olduğu kimi, sizin saytlarda da müəyyən kateqoriyadan olan özəl xəbərlərə rast gəlmək olmur…

-Siz konkret olaraq hansı xəbərləri nəzərdə tutursunuz?

-Məsələn, hüquq-mühafizə orqanlarından verilən məlumatlar.

– Yuxarıdakı fikrimə bir daha qayıtmağa zərurət görürəm. Əgər biz geniş mənada yanaşırıqsa, təsdiq olunmayan məlumatların mümkün qədər işıqlandırılmamasına çalışmalıyıq.

Təəssüf ki, bəzən sorğularımızın cavabları gecikir və yaxud bizim rəsmi sorğularımızın cavabının tamam ayrı xəbər portallarına göndərildiyinin şahidi oluruq. Bu hal əvvəllər dəqiqləşdirilmədən məlumat yaymağa bizi təhrik edirdisə, indi fərqli yöndən yanaşırıq. Təkrar müraciətdə, qoyduğumuz konkret suallara cavabların fərqli məkana göndərilməsinin səbəbini soruşduqda bəzən deyirlər: "bizə filan media orqanlarıyla işləmək tapşırığı verilib”.

Bu ayrı-seçkilik ümumi işimizə mane olur, ancaq bu mərhələ də artıq geridə qalmaqdadır. Hazırda xəbərin rəsmi təsdiqi üçün imkanlar da genişlənib, rəsmi qurumların bir çoxunun saytı çox operativləşib. Ona görə də "özəl” adı ilə verilən təsdiqlənməmiş xəbərlərin də sayı azalıb.

-Siz 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyinizi versəniz  də, sonradan geri götürdünüz. Bunun səbəbi nə idi?

-Bu, şəxsi problemlərimlə bağlı idi. Sadəcə, fiziki baxımdan imkanım çatmadı ki, seçki prosesində sonadək iştirak edim. Bu baxımdan da seçkidə iştirakımı dayandırdım…

-İsa Qəmbərlə üz-üzə gəlsəniz, salamlaşıb görüşərsiniz, yoxsa?..

– Doğrusu, üz-üzə gəlmirik və gələcəyimizə də inanmıram. Amma nə zamansa olarsa, niyə də görüşməyim?! Biz normal, demokratik bir ölkədə yaşayırıq.

-Yerli televiziyaları izləyirsiniz?

-Yerli televiziyaları izləməyə nə vaxtım, nə də həvəsim var. Çünki məni maraqlandıran xəbərləri gün ərzində internet vasitəsilə alıram. Buna görə də işdən sonra evdə televiziyanı izləməyə ehtiyac olmur. Bu, o demək deyil ki, mən TV izləməyi sevmirəm.

Sadəcə, yerli televiziyalarda məni cəlb edən bir şey yoxdur. Müəllif verilişləri həddən ziyadə bəsitdir. Türkiyə televiziyalarına baxıram. Orda müəllif verilişlərinin aparıcıları daha intellektualdırlar. Bizdəki verilişlərin səviyyəsi aşağıdır və təəssüf ki, bu proses mənfiyə doğru getməkdə davam edir. Düşünürəm ki, güclü bir yenidənqurma, müdaxilə olmasa, Azərbaycan televiziyalarının durumu daha da pisləşəcək.

-3 övladınız var. Yəqin, onlar da sizin vaxtınızı xeyli məhdudlaşdırır…

-Əlbəttə. Onsuz da gün ərzində onları çox az görürəm. Axşamlar çalışıram ki, övladlarıma vaxt ayırım. Həyat onlarla gözəldir…

-2020-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. O zamana qədər salamatlıq olsun, uşaqlarınız da böyüyəcək. O zaman deputatlığa namizədliyinizi verəcəksiniz?

-Qismət olarsa, bu barədə düşünərik. İndidən bu barədə danışmaq tezdir.

-Vaxtınız məhduddur. Amma hər halda, arada hansısa kitabı vərəqləməmiş olmazsınız. Qısası, sözü sizin mütaliəniz üzərinə gətirmək istəyirəm.

– İnformasiya texnologiyalarının yaratdığı informasiya bolluğu print medianı – qəzet-jurnal, hətta kitabı – klassik kitabı sürətlə sıradan çıxarır. İnternet büsbütün həyatımıza, məişətimizə daxil olub. İmkan olan kimi oxumağa çalışıram. Daha çox tarixi ədəbiyyat oxuyuram. Xüsusən "Möhtəşəm yüz il” serialından sonra Osmanlı tarixinə güclü marağım yaranıb. Bu mövzuda əlimə nə keçsə, oxuyuram. Hər dəfə Türkiyəyə yolum düşəndə tarixdən bəhs edən xeyli kitab alıram. Haqqında oxuduğum tarixi yerləri ziyarət etmək də mənimçün çox maraqlıdır. Hazırda oxuduğum kitabsa Orxan Pamukun "Qırmızı saçlı qadın” romanıdır.

-Azərbaycan yazarlarını bəyənmirsiniz?

– Niyə bəyənmirəm?! Kamal Abdulla, Anar, Rüstəm Behrudi, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Salam Sarvan, Pərviz Cəbrayıl, Qulu Ağsəs, Xanəmir və s. çox sevdiyim, hörmət etdiyim yazıçı və şairlərdir. Vaqif Səmədoğlunun da adın çəkmək istərdim – baxmayaraq ki, dünyasını dəyişib. Yəni hazırda aramızda yaşayanları nəzərdə tuturam. Gənclərin də yaradıcılığını izləyirəm. Aqşin Yenisey, Şərif Ağayar çox istedadlı yazarlardr, Seymur Baycanın əsərləri də maraq dairəmdədir. Amma təəssüf edirəm ki, Seymur Baycan yazdığı əsərlər üzərində çox işləmir. Onun əsərlərini oxuyanda mənə elə gəlir ki, o, sanki tələm-tələsik köşə yazısı yazıb, redaktorun üzərinə atıb gedib. Azərbaycanda iki zümrə yazar var: ya istedadının, ya da mütaliəsinin gücünə yazanlar. İkisi bir arada olanlar barmaqla sayılacaq qədərdir. 
 

-Əkrəm Əylislinin əsərlərini necə qiymətləndirirsiniz? Amma mən istəməzdim ki, sırf ideoloji prizmadan qiymət verəsiniz.
 
-Sırf yaradıcılıq baxımından Əkrəm Əylisli çox istedadlı yazıçıdır. Amma təəssüf  ki, son yazdıqları ilə özünü bitirdi. Mənə elə gəlir, niyə belə etdiyi onun özünə də aydın deyil. 

-Bəs musiqi zövqünüzü necə dəyərləndirmək olar?

-Musiqi zövqüm qarışıqdır. Bəzən xalq mahnılarını həddindən artıq çox dinləyirəm, bəzən də rok musiqilərini. Bu, daha çox ovqatla bağlıdır.

-Heç çalışıblarmı ki, "Teleqraf Holdinq”i sizin əlinizdən alsınlar?

-Xeyr. Bu, heç mümkün də deyil. Bu şirkət mənim adımadır. Sadəcə, mən bu holdinqi sata bilərəm, çünki şəxsi mülkiyyətimdir. Satmaq niyyətim isə yoxdur.

-Şəxsi mülkiyyətiniz olduğuna görə, bəlkə də bu sualı verməyim etik olmaz. Amma güman edirəm bir jurnalist kimi başa düşərsiniz. Öz vəzifənizi başqasına həvalə etməyi düşünürsünüzmü?

-Başqa bir fəaliyyət sferasında çalışmalı olsam, buna məcbur olsam, əlbəttə ki, siz dediyinizi edərəm. Bizim güclü komandamız var. Elə əməkdaşlarımız var ki, mən burda olmasam belə, bu şirkəti çox böyük bacarıqla, ustalıqla idarə edə bilər.

-Mətbuat Şurası ilə bağlı birmənalı fikirlər yoxdur. Tənqid edənlər daha çoxdur. Bu barədə siz nə deyə bilərsiniz?

-Azərbaycanda real vəziyyətdən sui-istifadə edən o qədər media orqanı var ki… Düşünürəm ki, Mətbuat Şurasının əlində inzibati üsullar olsa, bunların qarşısını ala bilər. Ölkə mediası yekrəng deyil. Siyasi yönümü fərqli olanlardan başqa, bir də ümumiyyətlə, nə cür fəaliyyət göstərdiyi məlum olmayan bir dəstə var. Onlara ad qoymaqda çətinlik çəkirəm. Bunun qarşısını almaq yalnız Mətbuat Şurasının səlahiyyətində olan məsələ deyil. Hesab edirəm ki, Mətbuat Şurası, o cümlədən KİV DF medianın inkişafı üçün səlahiyyətləri daxilində mümkün olanları edirlər. Əlbəttə, biz bəzi məqamlarda MŞ-dən daha sərt addmlar da gözləyirik! Düşünürəm ki, mediaya aid qanunlara müəyyən əlavələrin edilməsi, bəzi müddəaların bir qədər sərtləşdirilməsi üçün də təkliflər hazırlana bilər.

-Sizin rəhbəri olduğunuz holdinq iqtidar mediasına yaxındır, yoxsa müstəqildir? Özünüzü hansı müstəvidə görürsünüz?

– Bizim media holdinqə daxil olan saytlar xəbər portallarıdır, ölkədəki sosial, ictimai-siyasi həyata aid xəbərlər yayırıq. Ölkənin siyasi həyatında isə bir aparıcı qüvvə var – YAP. Müxalifətin fəaliyyəti yoxdursa, onun hansı xəbəri yayılmalıdır ki?! Ancaq bilirsiniz, bütün dünyada media holdinq rəhbərlərinin şəxsi siyasi baxışı olur, mənim də Prezident İlham Əliyevə siyasi simpatiyamın olduğunu təkrarlamağa ehtiyac yoxdur. Əlbəttə ki, bu siyasi yönümüm təbliğatda özünü göstərir.

-Bu, qərəzli olmağa gətirib çıxarmır?

-Xeyr. Əgər işimizi peşəkarlıqla görə biliriksə, hansısa qərəzdən söhbət gedə bilməz.

-Mən yenə fikrimin üzərində israrla dayanıram. Bu məsələdə sırf jurnalistika prinsiplərindən yanaşsaq, balans pozulur.

– Mən də bayaqkı fikrimi təkrarlayıram: siyasi arenada rəqib və rəqibin fəaliyyəti yoxdursa, hansı müxalif xəbəri verməliyik? Media baş verənlərə Əlahəzrət Fakt prizmasından yanaşmalıdır.

-Mənə çay təklif etdiniz, təşəkkür edirəm. Amma sizə çay verilmədi. Deyəsən, orucsunuz.

-Bəli, oruc tuturam.

-Ümumiyyətlə, nə zamandan oruc tutmağa başlamısınız?         

-Son illər hər Ramazanda oruc tuturam. Bu, dinimizdən irəli gələn çox gözəl ritualdır. İnsanın öz nəfsini qoruya bilməsi üçün gözəl ayindir. Orucluq insanın sağlamlığı üçün də çox önəmlidir. İldə 1 ay bu rituala əməl etmək insanda çox gözəl hisslər, əhval-ruhiyyə yaradır. Adama elə gəlir ki, öz gücünü təkrar sınaqdan keçirə bilirsən…

-İbadət də edirsiniz?

-Xeyr. Hələ özümü buna hazır görmürəm. Bəlkə nə zamansa namaz qılaram.

-Deyirlər qadından yaş soruşmazlar. Mən isə bu stereotipi qırmışam. Neçə yaşınız var?

-Çox təəssüflər olsun ki, mən də artıq yaşlanıram, artıq 41 yaşım var.

-Amma gənclik təravətini qoruyub-saxlayırsınız. Halbuki, stress, gərgin iş rejimində belə qalmaq çətin olur.

-Təşəkkür edirəm. Heç bir xüsusi səbəb yoxdur. Hər bir qadın özünə fikir verməlidir. Bunlar kifayət qədər normaldır. Peyğəmbərimiz buyurur ki, insanlar 3 şeydən zövq ala bilər: gözəl qadın, gözəl qoxu, bir də ibadət. Demək ki, qadınlar gözəl görünməyə həm də borcludurlar…

-Bir ara rusdilli saytınız da vardı. Fəaliyyətini niyə dayandırdınız?

– Bəli, "İzvesyiya.az” rusdilli publika üçün nəzərdə tutulmuşdu. Sonra biz onun formasını dəyişdik. Axar.az saytının hazırda rus və ingilisdilli versiyaları var.

-Bir jurnalist kimi siz hansı növ yazılara üstünlük verirsiniz? Xəbər, müsahibə, reportaj, yoxsa köşə yazısı?

-Ümumiyyətlə, jurnalistikanı bunlarsız təsəvvür etmək mümkün deyil. Xəbərlər əsasında təhlillər olur, müsahibələr alınır. Bu baxımdan hamısına üstünlük verirəm. Amma bir yazar olaraq mənim üstünlük verdiyim köşə yazısıdır.

-Yoldaşınız çox dəstək olur sizə?

 -Bəli, həyat yoldaşım hər işimdə mənə dəstəkdir. Holdinqidin yaradılmasında, kollektivin formalaşdırılmasında mənə arxa olub. Onun dəstəyi sayəsində rahat işləyə bilirəm.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org