3 defe tari ogurlanan boyuk senetkar – Foto

08:30 – xeber – Milli musiqimizin xarakterik xüsusiyyətlərindən biri odur ki, öz zəngin ənənələrinə əsaslananda daha böyük uğurlara nail olur və irəliyə doğru inkişafda bənzərsizliyini sübuta yetirir. İfaçılıq sənətimizin də gözəl ənənələri olmuş və təbii ki, bu ənənələrin yaşaması və inkişafı musiqi ifaçılarımızdan çox asılı olub.
 
Azərbaycan incəsənəti tarixində tar məktəbinin layiqli nümayəndəsi Sərvər İbrahimovun da ifası məhz ənənəyə sadiqlik baxımından uzun illər sevilə-sevilə dinlənilib, zövqləri oxşayıb, xoş ovqat  yaradıb. Sərvər İbrahimov 40 ildən çox bənzərsiz ifası ilə, muğamlarımızı gözəl bilməsilə əsl sənətkardan gözlənilənləri xalqa çatdırıb.
 
İbrahimov Sərvər Rza oğlu 13 fevral 1930-cu ildə Şuşada anadan olub. Atası Rzanı Şuşada tanımayan yox idi. Şirni bişirib satdığından adına Şirniçi Rza deyərdilər. Atasının nə musiqi savadı, nə də bir alətdə çalmaq qabiliyyəti vardı. Amma həyat yoldaşının, yəni Sərvərin anasının qarmon çalmağını çox xoşlayardı. Sərvərin də uşaq ikən musiqi ilə maraqlandığını görüb “ana tərəfə çəkmisən” deyə zarafat edərmiş. Anası kimi dayıları da musiqini yaxşı bilirdilər. Onlardan biri sonralar respublikanın əməkdar incəsənət xadimi olmuş bəstəkar Zakir Bağırov idi.
 
Atasının təkidi ilə dayısı onu 10 yaşında ikən Şuşa pionerlər evinin tar dərnəyinə yazdırır. Bir il sonra müharibə başlayır. Həmin il İbrahimovlar Bakıdakı  evlərinə köçürlər. Tay-tuşlarından fərqli olaraq Sərvər günün çoxunu tar çalmaqla keçirirdi. O, 14 yaşında ailələrinin dostu Əhməd Bakıxanovun məsləhəti ilə sənədlərini Asəf Zeynallı adına musiqi texnikumunun tar şöbəsinə verir və qəbul olunur. Həmin gün bütün qohumlar gözaydınlığı vermək üçün Sərvərgilə yığışmışdılar. Əhməd müəllim “Oğlum, sən daha uşaq tarı ilə məktəbə gedə bilməzsən. Bunu sənin üçün almışam. Sadıqcanın tarıdır, onu qoru. Mən əminəm ki, bu tar sənə başucalığı gətirəcək”, – deyərək onun alnından öpür. Sərvər sonralar xatırlayırdı ki, “O günü sevincimdən yata bilmədim. Sədəfli tara baxmaqdan doymurdum”.
 
Lakin həyatı boyu bir çox haqsızlıqlarla üzləşən, ümidsizləşən Sərvər çox sonralar Əhməd müəllimin bağışladığı tarı, 46 illik sənət dostunu taleyin kəcrəftarına dözməyib satır. Tarzən özü bu barədə ağlayaraq deyirdi:
 
“Əhdə vəfasız çıxdım. Mən onu çörək pulu üçün satmadım. O məni yaşatdı, mənsə onu…”
 
Sərvər İbrahimov 1944-1950-ci illər ərzində A.Zeynallı adına Orta ixtisas Musiqi məktəbində təhsil alaraq tar ifaçılığı sənətinin incəliklərinə yiyələnir, müəllimləri Əhməd Bakıxanov, Mirzə Mansur və Adil Gəraydan tarın xəlvəti bəyanlarını, qaranlıq xallarını öyrənir.
 
Gənc Sərvər musiqi məktəbində oxuya-oxuya Əhməd müəllimin rəhbərlik etdiyi radionun xalq çalğı alətləri ansamblına, az sonra isə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının instrumental qrupuna işə qəbul olunur. Məmmədağa Muradov (tar), Qulam Qasımov (tar), Məmmədağa Ağayev (qarmon), Tələt Bakıxanov (kamança), xorun solistlərindən Məmməd Salmanov, Səyyarə Hüseynova kimi sənətkarlar onun gənclik illərində ilk sənət dostları olmuşdur. Hər şey Sərvərin gözlədiyindən də yaxşı gedirdi. Səhərlər dərs, günorta məşq, axşamlar konsert. Onun bir dəqiqə də olsun boş vaxtı qalmırdı. Başqa ansambllardan fərqli olaraq, bu kollektivdə işləmək instrumental qrupdan böyük ustalıq, yüksək texnika, tarzəndən isə möhkəm bilək tələb edirdi. Sərvərin gələcək uğurlarında bu ansamblın böyük rolu olmuşdu.
 
Bir gün Səid Rüstəmov onu yanına çağırıb radionun xalq çalğı alətləri orkestrində solist işləməyi təklif edir. Bu təklif Sərvər üçün gözlənilməz olduğundan həmin anda nə cavab verəcəyini bilmir. Orkestrdə solist işləmək 16-17 yaşlı gənc üçün böyük etimad idi. Burada çalışaraq gənc tarzən həm məharətini göstərir, həm də respublikanın ən tanınmış müğənniləri – Gülağa Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Əlibaba Məmmədov, solistlərdən Əhsən Dadaşov, Baba Salahov, Bəhruz Zeynalov, Habil Əliyev və s. kimi sənətkarlarla çiyin-çiyinə işləmək şərəfinə nail olur. O vaxt orkestr muğam, rəng, dəramədlər də ifa edərdi. Ayrı-ayrılıqda hər ifaçı muğamın bir hissəsini çalardı… Beləcə sənət yolunda cilalana-cilalana Sərvər İbrahimov Səid müəllimin sevimli solistlərindən birinə çevrilir.
 
Lakin gənc tarzənin sənət yolundakı uğurlarını, onun pillə-pillə yüksəlməsini gözü götürməyən bəzi bədxahları öz məkrli planlarını həyata keçirməyə başlayırlar.
 
1957-ci ildə Moskvada VI Ümumittifaq Gənclər festivalı keçirilirdi. Respublikadan bu mötəbər tədbirə gedəcək tanınmış incəsənət xadimləri siyahısına Sərvərin də adı salınmışdı. Artıq son məşq gedirdi. Səid müəllim 10 dəqiqəlik fasilə elan edir. Tarı kürsünün üstünə qoyub bayıra çıxan Sərvər qayıtdıqdan sonra onu yerində görmür. “Bəlkə kimsə zarafat edib”, deyə özünü ələ alır. Tarın həqiqətən itdiyini biləndə isə dünya gözlərində qaralır…
 
Keçirdiyi sarsıntıya baxmayaraq, Sərvər İbrahimov bu festivalda uğurla çıxış edir. Festival gənc tarzənin yaddaşında dərin iz salır. Şərq xalqları mahnılarının ifası üzrə münsiflər heyətinin sədri böyük müğənnimiz Bülbül olan bu festivalda Sərvər İbrahimov ilk dəfə bir daha milli musiqimizin nələrə qadir olduğunun canlı şahidi, həm də iştirakçısı olur. O vaxt tələbə olan, sonralar tanınmış alim-musiqişünas Vəli Məmmədovun həmin festivalda Sərvər İbrahimovun müşayiətilə oxuduğu “Kürdü-Şahnaz”  və “Heyratı” muğamları ürəkləri riqqətə gətirir. Tamaşaçılar onlara bir möcüzə kimi baxırdılar. Onlar isə sadəcə olaraq Azərbaycan milli muğamını ifa etmişdilər. Vəli Məmmədov həmin festivalın qızıl medalını alır. Sərvərin də tar çalmağı yüksək qiymətləndirilir. Sərvər İbrahimov festivaldan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə qayıdır. Bu, onun ilk qələbəsi, həyatının ən xoş anı olur.
 
Bir il sonra 1958-ci ildə “tar oğurluğu” ikinci dəfə təkrar olur. Və ən nəhayət, 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti dekadasına hazırlaşdığı vaxt eyni hadisə üçüncü dəfə təkrarlanır. Artıq “tar” əməliyyatının təsadüf olmadığına Sərvərin şəkk-şübhəsi qalmır. Amma o, bu imtahandan da üzüağ çıxır.
 
Dekada günlərində Sərvər İbrahimov Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov və bir sıra tanınmış incəsənət xadimləri ilə birgə Moskva tamaşaçıları qarşısında maraqlı konsert proqramları ilə çıxış edir. Ən yadda qalanı isə sonuncu gün Böyük Teatrda Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın ifa etdiyi “Qarabağ şikəstəsi” olur.
 
Moskvadan qayıtdıqdan sonra bir qrup incəsənət xadimlərinə fəxri adlar verilir. Siyahıda Sərvərin adı olsa da, fərman qəzetdə dərc olunanda onun adı çıxarılır.
 
Sərvər İbrahimovun 1975-ci ildən sonrakı sənət taleyində əcnəbi ölkələrə qastrollar unudulmaz və yaddaqalandır. Bu ölkələrdə sənətkarın sənət dünyasının pozulmaz səhifələri yazılıb. Onun Habil Əliyev, Cəbrayıl Abbasəliyev və Çingiz Mehdiyevlə konsertləri hər yerdə hərarətlə qarşılanıb. Əcnəbilər ecazkar Azərbaycan musiqisinin qüdrətinə baş əyiblər.
 
İstedadlı tarzən uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfində dərs deyib, bilik və bacarığını gənc nəsildən əsirgəməyib.
 
Sərvər İbrahimov ömrünün çoxunu Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblında işləyib, buradan da təqaüdə çıxıb. Bu illər ərzində ustad tarzənin ifasında 10-dan çox muğam və bəstəkar mahnıları lentə alınıb, radionun “Qızıl fond”unda saxlanılır. Onlardan “Orta Mahur”, “Segah zabul”, “Çahargah”, “Şüştər”, “Bayatı Kürd”, “Çoban Bayatı”, mayestro Niyazinin “Arzu”, S.Ələsgərovun “Küsmərəm”, C.Cahangirovun “Aylı gecələr”, Montinin “Çardaş” və s. əsərləri göstərmək olar.  Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, bu əsərlərin çoxunu Sərvər İbrahimov 61 yaşında çalıb. Bəziləri artıq bu yaşlarda tar sənəti üçün yaş məhdudiyyətinin başlandığını, biləyin gücdən düşdüyünü söyləyir. Xüsusən Montinin “Çardaş”ı ifaçıdan yorulmaz bilək, yüksək texnika tələb edir. O zaman Sərvərin ifasında çoxları bunu fenomen hadisə kimi qarşılamışdı.
 
Sərvər İbrahimovun tar çalmağının xeyli hissəsi xanəndələri müşayiətlə bağlıdır. Tarzən məşhur sənətkarlardan Bülbülü, Xan Şuşinskini, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu və başqalarını müşayiət edib. O özü bu barədə deyərdi: “Məlahətli zil səsi, şaqraq zənguləsi olan və bu səsin imkanlarını düzgün qiymətləndirib yaradıcılıqla oxuyan klassik xanəndələri çox xoşlayıram. Müşayiət etdiyim xanəndə ürəyimcə oxuyanda elə bilirəm ki, bax, bu, musiqidə mənim edəcəklərim idi, ancaq xanəndə səsi ilə çatdırdı”.
 
S.İbrahimovun çaldığı hər hansı muğam, yaxud melodiya düzgün tar ifaçılığına yaxşı nümunə idi. Həm də o, sadəcə olaraq bu vəzifəni texniki cəhətdən yerinə yetirmir, improvizəsi, şirin barmaqları ilə onu daha da zənginləşdirirdi. Musiqiyə bələd olan  elə bir adam tapılmaz ki, ilk “barmaq”lardan S. İbrahimovu tanımasın. “Çahargah”, “Bəstə-nigar”, “Mənsuriyyə”, “Segah”, “Şikəsteyi-fars”, “Əraq”, “Bayatı-Şiraz”, “Bayatı-kürd”, “Şur”, “Simayi-şəms”, “Qatar”, “Rast”, “Hüseyn” və digər muğam çalğıları S.İbrahimovun barmaqlarından süzülərək lent yaddaşında əbədiləşib.
 
Sənət dərsini Qurban Pirimov, Bəhram Mansurov kimi tarzənlərdən alıb sənətkar əsl ifaçılığı ənənəyə sədaqətdə, zövqsüz dinləyicinin səviyyəsinə enməməkdə görürdü. Ağsaqqal tarzən deyirdi: “Tarın özünəməxsus çalınma qaydası var. O çalınma qaydası ki, başqa simli alətlərə xasdır, onu tara zorla qəbul etdirməyin heç bir adı yoxdur. Tar özü kimi çalınanda daha qiymətlidir, ifası daha əzəmətlidir. Tarda edilən dartma, alt-üst mizrabları, forşlaqları, silkələmələri düzgün mənimsəyib, ifa olunan musiqi parçasının dinləyiciyə daha yaxşı çatdırılmasına nail olmaq lazımdır. Mən tar çalanda daim buna çalışıram”.
 
İstedadlı tarzən vətən musiqimizin səs ansamblını pozan, milli səs zənginliyini, uyarlığını yabanı, kobud səslər içində əridib heç edən gitara kimi yad alətlərə qarşı da mübarizə aparırdı. O, muğam dilimizi, sənət səsimizi bayağılaşdırmamaq naminə gitaranı şüurlu surətdə ansambldan kənar etməyi məsləhət görürdü.
 
Lakin təəssüflə qeyd etmək lazımdır ki, ömrünün 46 ilini Azərbaycan incəsənətinə həsr etmiş, dünyanın  20-dən artıq ölkəsində musiqimizi təbliğ etmiş, Qurban Pirimovun, Bəhram Mansurovun davamçısı olan sənətkara zamanında layiqli qiymət verilmədi. Xalq tərəfindən o çoxdan öz layiqli adını almışdısa da, onun Azərbaycan incəsənətindəki əməyi dövlət tərəfindən uzun illər qiymətləndirilməmiş qaldı. Sonuncu dəfə 1989-cu ildə bir çox incəsənət xadimlərinə fəxri adlar verilərkən Sərvərin adı birincilər sırasında olub. Naməlum səbəb üzündən onun adı sonradan bu siyahıdan da çıxarılıb.
 
İfasına görə mükafatını yalnız dinləyicisinin ondan razı qalmasında görən Sərvər ömrünün sonunadək bütün istedadını tarzənlik sənətinin  yaşarılığına sərf edib.
 
Taleyin kəcrəftarı ilə barışa bilməyən, özünü unudulmuş insan hesab edən qocaman tarzən ömrünün son illərini ömür-gün yoldaşı Lətifə xanımla bərabər tənhalıqda keçirir, düçar olduğu ürək xəstəliyilə mübarizə aparırdı. Yalnız Azərbaycan Respublikasının Prezidenti, ulu öndər  Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə, ölümündən 2 il öncə Sərvər İbrahimova respublikanın əməkdar artisti fəxri adı verilir.
 
Görkəmli tarzən 2002-ci ilin may günlərinin birində dünyasını dəyişir. Tar Sərvərin ömrü idi. Sərvər də tarı ona görə yaşadırdı ki, o xalqındır. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org