Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dunyanin en xosbexti odur, olumumu gormeyecek – Musa Yaqub

9 views14/11/2017

12:34


[r32]
– xeber –
Tanınmış şair Musa Yaqubun səhhətində problemlər yaranıb. Bir neçə ildir müalicə alan şairin son günlər vəziyyəti daha da ağırlaşıb. Həm şairə baş çəkmək, həm də söhbət etmək üçün yaşadığı ünvana yollandıq. Şairin durumunu nəzərə alıb, onu çox yormaq istəmədik.
– Musa əmi, səhhətiniz nətəhərdir?
– Heç təhərim yoxdur. Beldə yırtıq, əsəb, böyrəkdə daş, təzyiq də bir yandan. İynə-dərman…
– “Bu dünyanın qara daşı göyərməz” deyirdiniz, bəlkə, o daşdır düşüb böyrəyinizə?
– Bəlkə də o daşlardır, göyərməyə gəlib. Öz şeirimə çevirilirəm. Bəlkə də yaza bilmədiyim sözlərin ağrısıdır, düşüb canıma.
– Həyat yoldaşınıza “Məni bu payızın içindən keçirt” deyirdiniz… O da yoxdur daha. Necə keçirsiniz bu payızı?
– Gah qələmdən tutub gedirəm, gah ümiddən. Bu payız, deyəsən, vaxt sahibidir, məni də özünə qoşub aparır…
– “Dağ kəli” belə asan təslim olmamalı idi axı…
– Hə, o vaxt dağ kəlinə bənzədirdilər məni. Eşitdim ki, Babadağda bir dəli dağkeçisi qalıb. Dəli olub düşüb dağlara… Təzə şeir də yazmışam o haqda. Biri buynuzun apardı, biri ətin qopardı…
– Sizi Bakıda – bu dörd divar arasında görmək bənövşəni dibçəyə əkmək kimidir.
– Yaş o yaş deyil daha. Ağrılar əldən salır adamı. Hə, bura balacadır. Üst-üstə yatırıq elə. Buynuzu (İsmayıllıda kənd – red.) yada salıb qalıram burda.
– AYB-dən sizə niyə ev vermədilər?
– Kimdir mənə ev verən. Gərək yazasan, istəyəsən…
– Yazaydınız da…
– Bacarmıram axı…
– AYB-nin üzvüsünüz də? Onlar nə əcəb kömək etmədilər? Nə ev məsələsində, nə xalq şairi adı üçün…
– AYB üzvüyəm. 70-lərdən. Buynuzda müəllim işləyirdim. Onda AYB-də Mirzə İbrahimbəyov idi sədr. Şeirlərim dərc olunurdu. Gəldim Bakıya. Bir erməninin evində kirayə qalırdım 50 manata. Bir gün Əliağa Kürçaylı dedi ki, sən AYB-nin üzvüsən artıq. Bir-iki gün sonra iş verdilər. Kağızla təminat, texniki işlər. Sonra ədəbiyyatın təbliği bürosunda işlədim. Bir az sonra “Azərbaycan” jurnalına şöbə müdiri keçdim. Beş il qalıb İsmayıllıya qayıtdım. Qəşəm Aslanov – o vaxtkı katib – sağ olsun, “Zəhmətkeş” qəzetində redaktor təyin etdi məni.
Fəxri ad olmasa da olar. Heç gileyim də yoxdur, gözləmirəm də. Nəyə lazımdır? Nə dəyişəcək?
– Deputat dostlardan arayıb-axtaran var indi? Gələn-gedən olur?
– O deputatlıq da bir qəribə oldu. Elə dedilər, sən də namizədliyini ver… Gələn-gedən deyəndə ki, hamıdan razıyam, canları sağ olsun. Dostlar var olsun.
– Kürsüdə ilham pəriləri başqa olur, hə? Qalstuklu, ütülü… O beşillikdəki şeirlərinizin stixiyasına təsir etmədi ki kürsü?
– Mən bitərəf idim. Heç vaxt partiya olaraq müxalifət olmamışam. Yaradıcılıq elə müxalifətdir də. Hələ deputat olmamışdan “Vallah BMT-lik deyil bu dünya” şeirini yazmışdım. Kürsüdə də rahat deyildim. Yazmışdım ki, burax məni, burax gedim azadlığa… Bilirsən, Ömər, suiti dənizə çatdı azaddır, ceyranı-cüyürü qov dənizə, öləcək, bitəcək azadlığı. Cüyürün azadlığı qaçmağındadır. Məni dənizdə boğmaq istəyirdilər…
– Evdə umu-küsü etmirlər ki? Məsələn, o biri şairlər kimi maşınınız, villanız, pul-paranız ola bilərdi, yoxdur…
– Qətiyyən. Heç intizarım, giley-güzarım yoxdur ailədən. Sağ olsunlar. Həmişə dəstək olublar. Asan deyil e… Mən o vaxt öz-özümə deyirdim, başını sal aşağı işlə də. Amma olmurmuş.
– Bir şeiriniz vardı: “Və başqaları…”. Olur bəzən, hamının adını çəkirlər, sənə növbə çatanda deyirlər ki, “və başqaları…” Bu şeirdə özünüzü nəzərdə tutmuşdunuz?
– Düzü, bu şeiri çoxdan yazmışam, heç özümü də nəzərdə tutmamışdım şeirdə, amma tale elə gətirdi ki, döndü dəydi özümə. Çevirildi mənim taleyimə o şeir.
– Cənnətə inanırsınız?
– Əlbəttə… Ümid edirəm ki, o dünya var, ruha inanıram. Belə tez bitməz yaşamaq… Mütləq var…
– Kimin üçün darıxırsınız, şair?
– Ömür yoldaşım üçün… O, çox xoşbəxtdir indi:
“Səni pozan kimdi, məni yazan kim,
İndi ağ donlu bir ağ mələksən…
Dünyanın ən xoşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən…”
Fotolar Elçin Murada məxsusdur.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler